“Bizdə praktik psixologiya hələ ki zəif inkişaf edib”
“Psixologiyada konkret istiqamətlər üzrə kadrların azlığı problemi var”
Son dövrlərdə cəmiyyətimizdə psixoloqlara müraciət halları olduqca artıb. Bununla belə, insanlar kimin yanına getdiklərini çox vaxtlar özləri də bilmirlər. Belə ki, psixoloqlara müraciətin artması bu sahədə işbazların da ortaya çıxmasına səbəb olub. Bu isə “psixoloq” adı altında fəaliyyət göstərən həmin işbazlara müraciətin əslində fayda əvəzinə zərərlə nəticələnməsinə səbəb olur. Bu kimi məsələlərlə bağlı müsahibimiz Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
-Azərbaycan cəmiyyəti psixologiya, psixoloji məsələlərlə bağlı nə qədər məlumatlıdır?
- Bu gün insanlarımız əvvəlki illərlə müqayisədə psixologiya sahəsində daha çox məlumatlıdırlar. Ən azından, psixoloqun cəmiyyətin və fərdin inkişafı baxımından vacibliyini qəbul edirlər. Buna təsir göstərən səbəblər də müxtəlifdir. Burada biz şübhəsiz ki, kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd etməliyik. İstər yazılı KİV-də, istərsə də telekanallarda psixoloqlara, psixoloji məsələlərə yer ayrılması bu prosesin sürətlənməsinə səbəb oldu. Maarriflənmənin böyük bir qismini KİV həyata keçirdi. Digər tərəfdən praktik psixologiyanın inkişafı, buna tələbat da prosesə öz müsbət təsirini göstərdi. Filmlərdə, eyni zamanda qlobal dünyada inteqrasiya, Azərbaycan insanının Avropada, Amerikada, Rusiya və digər xarici ölkələrdə təhsil almaları, səyahət etmələri də bu sahənin inkişafına səbəb oldu.
-Hazırda psixoloqlara çoxmu müraciət var?
- Hazırda mütəxəssis psixoloqa müraciət, əlbəttə ki, çoxdur. Nəzərə almaq lazımdır ki, bir konsultasiya 1 saat davam edir. Psixoloqun da gün ərzində 5-6 pasiyentdən artıq qəbul etməyə nə fiziki baxımdan, nə də zaman baxımından imkanı olmur. Ancaq psixoloji məsləhətə ehtiyacı olan insanlar çoxdu. Burada diqqətinizə bir məqamı da çatdırmaq istərdim. Bu gün həm uşaqlar, həm yeniyetmələr, həm gənclər, orta yaşlı və yaşlı insanlar, eləcə də ailələr, ailə qurmağa hazırlaşan insanlar da psixoloji xidmətdən geniş istifadə edirlər. Dolayısı ilə miqyas genişlənir. Bunun həm müsbət tərəfi, həm də çətinlik yaradan məqamları ortaya çıxır. Çətinlik yaradan tərəf konkret istiqamətlər üzrə kadrların azlığıdır. Bəzən uşaq psixoloqu həm uşaqla, həm ailə ilə, həm də görürsən, böyüklərlə çalışır. Bu da işin keyfiyyətinə, şübhəsiz ki, mənfi təsir göstərir. İxtisaslaşma çox vacibdir. Açığı, gələcəkdə konkret ixtisaslaşmanın olmasını istərdim. Bu eyni zamanda bu sahədə tədqiqatların artmasına böyük töhfə olacaq. Azərbaycanda nəzəri psixologiyanın əsası hər zaman olub. Bu sahədə konkret işlər görən alimlərimiz olub, indinin özündə də böyük işlər görənlər var. Bunların əməyini isə kimsə dana bilməz. Sadəcə, praktik psixologiya hələ ki zəif inkişaf edib. Bunun isə həm obyektiv, həm də subyektiv səbəbləri var. Birinci onu qeyd etməliyik ki, uzun müddət biz sovet dövlətinin tərkibində olmuşuq. Sovetlərdə isə əsas diqqət nəzəri psixologiyaya, eyni zamanda rejimin qorunub saxlanmasına xidmət edən idarəetmə psixologiyasına yönəlmişdi. Fərdi konsultasiyalar isə az aparılırdı. Daha çox bunu psixiatrlar həyata keçirirdi. Qrup şəklində isə relaksasiya və s. formada məşğələlərlə istirahət yerlərdə tətbiq olunurdu. İndinin özündə yaşlı insanlarla konsultasiya prosesində bəzən onlar relaksasiyanı istəyirlər. Səbəb də keçmişdə gördükləri təcrübədir. İndi isə situasiya kökündən fərqlənir. Müxtəlif terapevtik metodlar tətbiq olunur, eyni zamanda qrup terapiyaları, psixoloji kurslar və s. keçirilir ki, bundan da həm psixoloqlar, həm də psixologiya ilə maraqlanan bütün insanlar faydalana bilirlər.
-Ən çox hansı məsələlərlə bağlı psixoloqlara müraciət edilir?
- Bu gün daha çox uşaq psixologiyası, yeniyetmələrdə yaşanan psixoloji problemlər, ən son dönəmlər isə ailə problemləri ilə bağlı müraciətlər artır. Marketinq baxımdan məsələyə yanaşsaq, bu proses mütəmadi dəyişir. Əgər illərin təcrübəsinə istinad etsək, bunu aşağıdakı formada qruplaşdıra bilərik. Misal üçün bayramlardan sonra görürsən ki, uşaqlarla bağlı müraciətlər artır. Səbəb də uşağın evdə olması və valideynin onunla daha çox zaman keçirməsi, nəticədə onda hansısa narahatlığı müşahidə etməsi sonda psixoloqa müraciəti şərtləndirir. Fəsillərin dəyişməsi ilə bağlı meteohəssas insanlarda depressiyadan dolayı müraciətlər artır. Eləcə də hazırda abituriyentlərin ali məktəblərə qəbul imtahanları yaxınlaşır. İmtahana psixoloji hazırlıqla bağlı müraciətlər çoxdur. Müraciət bir qədər dinamik prosesdir. Əsas onu qeyd edə bilərik ki, psixoloqa müraciət ildən-ilə artır. Şübhəsiz ki, bu da peşəkar psixoloqlar qarşısında konkret məsuliyyətlər qoyur. Söhbət peşəkar psixoloji yardımın göstərilməsindən gedir. Bu gün insanlar ruh halında yaşanan narahatçılıqlarını psixoloqa həvalə edib aradan qaldırmağa çalışırlar. Bu isə bir məsuliyyətdir. İstənilən ciddi yanlışlıq bu sahənin inkişafına mənfi təsirini göstərə bilər.
- Psixoloji məsələlərlə bağlı kulturoloji maarifləndirmələrə ehtiyac varmı?
- Çox gözəl bir məqama toxundunuz. Etnopsixologiya bizim işimizdə nəzərə alınmalı ən vacib məqamdır. Bir məqamı xüsusi qeyd etmək istərdim. O nədən ibarətdir? Elə spesifik sahə var ki, orada mütləq şəkildə etnosun psixologiyası nəzərə alınmalıdır. Nəzəriyyə praktikaya uyğunlaşmalıdır. Diqqət etsəniz, psixoloji problem bütün insanlarda eyni formada olsa da, ona yanaşma tərzi etnopsixologiyadan fərqli olaraq dəyişir. Misal üçün, ailə hər bir zaman bizim üçün müqəddəs olub. Bu problemlə bağlı bizdə psixoloqa müraciət edərkən əksər psixoloqlarımız daha çox “cütlüyü nə formada birləşdirmək olar” istiqamətində terapiya prosesini qurur. Ancaq Avropada bu məsələ bir qədər başqa formada qoyulur. Eləcə də insanların yaşamış olduqları psixoloji narahatçılıqlar digər Avropa ölkələrindən fərqlənir. Ona görə də diqqət etsəniz, Qərb psixoloqları Azərbaycanda daha çox treninqlər aparmaqla kifayətlənirlər. Fərdi konsultasiyaların onlar tərəfindən aparılması heç də hər zaman uğurlu olmur. Səbəb də qeyd etdiyiniz kulturuloji fərqlərdir. Hər bir psixoloq öz işində bunu birmənalı şəkildə nəzərə almaq məcburiyyətindədir. Bunsuz uğurlu psixoloji konsultasiya aparmaq qeyri-mümkündür.
-Bir çox hallarda psixoloq adı altında şarlatanlar və falçılar fəaliyyət göstərir, müraciət edən pasiyentləri səhv yönləndirirlər. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Əgər məsələ bu yerə gəldisə, o zaman bir məqamı qeyd etməyə bilmərəm. Yuxarıda da söylədik ki, psixologiya son zamanlar illərdir aparılan maariflənmə tədbirləri nəticəsində kifayət qədər cəmiyyətdə populyarlıq qazanıb. Dolayısı ilə bu sahə eyni zamanda qazanc gətirən sahə kimi dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, harda qazanc var, orada işbazlar da yol açarlar. Bu qaçılmazdır. Ona görə də zaman keçdikcə bu sahəyə təsadüfi adamların ayaq açmasını da düşünürəm, normal qəbul etmək lazımdır. Maariflənmə işi getdikcə düşünürəm ki, insanlar qeyd etdiyiniz psevdopsixoloqları özləri bu sahədən uzaqlaşdıracaqlar. Çünki bu psixoloqa müraciət edən insanlar müəyyən dərəcədə məlumatlı insanlardır. Söhbət burada psixologiya sahəsində məlumatlı olmaqdan gedir. Eyni zamanda müraciət edənlərin böyük əksəriyyəti təhsil almış, müəyyən dünyagörüşünə malikdirlər. Ona görə də onları aldatmaq o qədər də asan olmayacaq.
- Öz fəaliyyətiniz və mərkəzinizin fəaliyyəti barədə fikirlərinizi bildirərdiniz.
- Fəaliyyətimiz göz qabağındadır. İcazə verin, bəzi məqamlar haqqında da məlumat verim. Qeyd etdik ki, psixologiya bu gün Azərbaycanda yeni bir mərhələyə qədəm qoyub. Psixoloji Mərkəz yaratmaq ideyası zamanın tələbindən yarandı. İlkin mərhələdə biz qonşu Rusiya və Türkiyə təcrübəsindən yararlandıq. Səbəb də bir çox istiqamətlərdə ortaq cəhətlərə malik olmağımız idi. Ona görə biz onların təşkilatlanma təcrübəsindən yararlandıq. Buraya konsultativ otaqların quruluşu, təlim zalları forması və s. Aiddir. Eyni zamanda psixologiyanın ayrı-ayrı istiqamətləri ilə bağlı tədris kursları, fərdi konsultasiya, qrup terapiyaları, seminar və treninqlər, film günləri, psixoloji təkmilləşmə kursları yaradıldı. Bu gün artıq mərkəzdə tədris kursları, eləcə də psixoloji seminarlarda iştirak edən təkcə Psixologiya fakültəsində təhsil alan tələbələr, psixoloqlar deyil, eyni ixtisas sahələrində təhsil alan, işləyən insanlardır. Uşaq psixologiya qrupunda biz daha çox anaların və ana olmağa hazırlaşan xanımların iştirak etdiyini görürük. Bu da bu sahədə apardığımız uğurlu işin nəticəsi kimi dəyərləndirilə bilər. Bu yaxınlarda sırf uşaqlar üçün Mərkəz - Narınc Uşaq Psixologiya mərkəzimiz də valideynlərin ixtiyarına verildi. Mərkəzdə psioxloji xidmət kompleks şəkildə həyata keçirilir. Yəni Mərkəzdə psixoloq, pedaqoq, loqoped, defektoloq, kəkələmə üzrə mütəxəssis, məktəbəqədər hazırlıq mütəxəssisi və s. çalışır və xidmət tam şəkildə təqdim edilir. Bu da zamanın tələbindən yarandı. Uşaq Mərkəzini ayrıca formalaşdırmağa qərar verdik. Nəticə göz qabağındadır. Belə ki, xidmətdən istifadə edən valideynlər məmnunluğunu ifadə edirlər. Düşünürəm, bu istiqamətdə fəaliyyətimiz bundan sonra da artacaq. Hələ ki mütəxəssis azlığı bir çox planlarımızı həyata keçirməyə imkan vermir. Artıq kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayırırıq. Yayda bir çox mütəxəssislərimiz qonşu Türkiyə və Rusiyada konkret istiqamətlər üzrə təlimlərə qatılacaqlar. Yanvar ayından bizim “Düşüncə” Psixologiya jurnalımız çap olunur. Ayda bir dəfə nəşr üzü görən jurnalda məhz psixologiya ilə bağlı məlumatlar yer alır. Nəzərə almaq lazımdır ki, jurnal Azərbaycanda psixologiya ilə bağlı ilk publisistik jurnaldır. Maraq çox olduğuna görə yaxın zamanlarda xüsusi əlavələr də nəşr etməyi düşünürük. Fevral ayında mərkəzin psixoloji testlərdən ibarət ilk internet portalı www.psixotest.az istifadəyə verildi. İstifadəçilər rahat bir şəkildə müxtəlif psixoloji parametrlər üzrə testdən keçib ruh halları haqqında ilkin məlumatlar əldə edə bilərlər. Portalda həmçinin psixologiya ilə bağlı məqalələr, psixoloqa sual rubrikası fəaliyyət göstərir. Eyni zamanda keçən il mərkəz Ronda Bernnin “Sirr” kitabını çap etdirdi. Bütün bunlar insanlarımızin psixoloji maarriflənməyinə müsbət təsirini göstərəcək.
- Psixologiya təhsili və psixoloq kadrların yetişməsi ilə bağlı fikir və təklifləriniz nədir?
- Bu da bizim ağrılı yerimizdir. Kadr hazırlığı məsələsi kompleks şəkildə həyata keçirilməlidir. Konkret konsepsiya olmalıdır. Bu olduğu təqdirdə boşluqlar da az olacaq. İlkin addım kimi “Psixi sağlamlıq və təhlükəsizlik” haqqında qanunun qəbulu vacibdir. Bunun qəbul edilməsi ilə bir çox sahələr üzrə psixologiya sahəsində irəliləyişlərin şahidi olacağıq. Bu gün psixologiya ixtisasında təhsil alan tələbələrin ən ağrılı yeri praktika ilə bağlıdır. Bunun üçün müəyyən tədbirlər görmək vacibdir. İlkin mərhələdə rayonlarda dayaq məntəqələrinin yaradılması və orada mütəxəssisin rəhbərliyi altında tələbələrin praktik vərdişlər qazanması da pis olmazdı. Səhiyyə Nazirliyinin nəzdində yaradılan Psixi Sağlamlıq Mərkəzi uğurlu layihə kimi dəyərləndirilə bilər. Apardıqları işlər təqdirəlayiqdir. İnanıram, fəaliyyətləri bundan sonra da təkmil və məqsədyönlü olacaq. Eyni zamanda elmi-tədqiqat mərkəzlərində də bu işlər diqqətə alınmalı, həm qəbul, həm də tədris prosesinə xüsusi önəm verilməlidir. Çünki cəmiyyətin sağlamlığı fiziki ilə paralel, psixoloji məqamlardan da keçir.
İlkin AĞAYEV
Link
http://palitranews.az/news.php?id=7864