Postnatal depressiya

Postnatal depressiya nədir?-İnsan , həyatını təməldən dəyişdirən və bir daha artıq heç bir şeyin əvvəlki kimi olmayacağı  düşüncəsi yaradan vacib dəyişikliklər yaşayır. Məsələn, evlənmək, boşanmaq, yaxın birini itirmək, bir şəhərdən başqa bir şəhərə köçmək və s insan həyatında vacib bir dəyişikliyə yol açdığı üçün, bəzi insanların təşvişə və depressiyaya düşməsinə kimi gətirib çıxara bilər. İnsanın depressiyaya düşməsi üçün pis hadisənin baş verməsi vacib şərt deyil. Bəzən  insanın həyatında sevindirici halın yaşanması belə depressiyanın yaranmasına gətirib çıxara bilər. Bu hadisədən biri də uşaq dünyaya gətirməkdir. Ailədə köklü dəyişikliyə səbəb olan bu dəyişim bəzi valideynlərin təşviş və qayğılarının artmasına səbəb olur. Anada "Uşağa necə baxacam?", "Görəsən öhdəsindən gələ biləcəmmi?" kimi qayğıları yaranmağa başlayır.

Doğumdan sonra bəzi qadınlarda  təşvişli və hüzünlü bir ruh halı yaranır. Bu hala "analıq hüznü" (baby blues) adı verilmişdir. "Analıq hüznü" yeni doğum  edən qadınların 70-80% də müşahidə olunur. Doğumdan sonra bir neçə həftə ərzində qadınlarda tez-tez ağlamaq, günahkarlıq duyğusu, dəyişkən ruh halı və depressiv hal müşahidə oluna bilər.

Hamiləlik qadın həyatında bioloji, psixoloji və sosial cəhətdən dəyişikliklərin yaşandığı bir müddətdir. Bu müddət ərzində,ailəiçində olan münasibətdəki dəyişikliklər bir çox problemlər yarada bilər. Bu problemlər ən çox anada ağır bir yük və stress yaradaraq ruhi dəyişikliklərə səbəb ola bilir. Belə yaranan ruhi dəyişimə postnatal depressiya deyilir.

 Hamiləlik müddətidə ananın bədənində müxtəlif hormonal dəyişikliklər yaranır. Qadınlarda estrogen və progesteron çoxalma hormonları hamiləlik zamanı 10 misil artır və doğumdan sonra səviyyəsi aşağı düşməyə başlayır. Doğum sonrası bu iki hormonu oksitosin və prolaktin hormonu əvəz edir. Oksitosin və prolaktin hormonu doğum sonrası ananın adaptasiya olmasına köməklik göstərir.Ananın sağlamlığı üçün bu iki hormonun rolu çox böyükdür. Oksitosin ana ilə uşaq arasında bağlılıq yaradan hormondur.Bu hormonal dəyişikliklərə əlavə olaraq, uşaq sahibi olan analarda müxtəlif sosial və psixoloji faktorlar da depressiyanın yaranamasına səbəb olur.

Hər ana postnatal depressiya yaşayırmı?

Bir qisim yeni ana olmuş qadınlar deyir ki:"Doğumdan sonrakı ilk həftələr çox çətin idi. Çox ağladım, əsəbimi və təşvişli halımı kontrol edə bilmədim". Bir qisim analar isə "İlk həftələrim çox yaxşı keçdi və heç bir problem yaşamadım". Bu iki hal ilə rastlaşmağımız çox normal haldır. Lakin ikinci hala az hallarda rast gəlmək mümkündür. Düzdü hər ana hamiləlik müddətində həm fizioloji həmdə hormonal dəyişikliklər keçirir.Lakin bu dəyişiklik anadan-anaya fərqli şəkildə özünü biruzə verir. Hamiləlik müddətində ana olacaq qadınları hamiləlik zamanı bədəndə baş verən fizioloji dəyişiklik haqqında ilkin məlumatlandırılması postnatal depressiyanın ağır hala gəlməsinin qarşısını alır.

Postnatal depressiyanin yaranma səbəbləri: Evlilik problemləri: Er-arvad arasında yaranan güvənsizlik, ünsiyyət və cinsi problemlər evlilikdə ən çox yaranan problemlərdir. Doğum sonrasında qadında  bu problemlər daha ağır və çıxışı olmayan bir problem kimi görülür. 

-Planlaşmamış hamiləlik: Planlaşmamış hamiləlik ananın təşviş və qorxularının daha da artmasına səbəb olur.

-Daha əvvəlki hamiləlikdə depressiya keçirmiş olması: Bu hal ananın depressiyaya meyilli olmasını göstərir və doğum sonrasında yenidən bu vəziyyətlə qarşılaşması riskini artrır.

-Yüksək riskli hamiləlik yaşamış olması: Ananın  hamiləlik müddəti boyunca aşırı stressə məruz qalması, doğum sonrası yaranan depressiya riskini artırır.

-Uşağa qulluq ilə əlaqəli yaranan təşviş: Ananın övladına baxa bilməyəcəyi kimi qorxuları yaranır  və özünü çarəsiz, gücsüz hissetməsi depressiyaya səbəb ola bilir. Bu zaman qadında yaranan düşüncə "Mən yaxşı ana ola bilməyəcəm", " Mən övladıma düzgün qulluq göstərə bilməyəcəm" kimi səhv düşüncələri ilə daha da çox məsuliyyəti öz üzərinə yükləmiş olur.

-Bədən quruluşu ilə yaranan təşviş: Hamilə qadın zaman keçdikcə bədən çəkisinin artmasından dolayı təşvişləri artır. Daha əvvəlki kimi istədiyi geyimləri geyinə bilmir, geyindiyi geyimləri özünə yaraşdırmır və get-gedə daha da çirkinləşdiyini düşünür. Bədən quruluşunun dəyişməsi, çəkisinin artmasına görə təşvişləri artır əvvəlki kimi incə və zərif ola bilməyəcəyini özünə böyük bir problem edir.

-Yaşadığı  travma: Ananın öz uşaqlığında yaşadığı fiziki, mənəvi, cinsi təcavüzə məruz qalması, natamam ailədə  böyümüş olması, itkilər yaşamış olması kimi travmatik yaşantılar doğum sonrası depressiya riskini artırmış olur.

-Qadın yaxud kişinin işsiz qalması: Stress faktoru olaraq işsizlik problemi yarandığı zaman ananın təşviş və qorxuları daha da artmağa başlayır. Bu qorxuların səbəbi isə uşağının sağlamlığı və digər problemlərini maddi cəhətdən təmin edə bilməyəcəyi qorxulardır. İşlə bağlı digər problemlərdən biri də budur ki, hamilə qadınlar doğumdan sonra həm iş həyatında, həm analıq vəzifəsində həmdə əri ilə münasibətində mükəmməl olacaqlarını düşünürlər. Bəziləri isə əksinə uşaq dünyaya gətirdimsə artıq iş həyatımı kənara qoymuş olacam və daha işləyə bilməyəcəm deyə düşünürlər. Belə düşüncə xətaları da depressiya riskini artırmış olur.

 Postnatal depressiyanın əlamətləri bunlardır:

-Əgər özünüzü daima əsəbi,yorğun hiss edirsinizsə

-Yuxu rejiminiz pozulmuşsa(artma yaxud azalma)

-Azalan libido( cinsi həzzin azalması)

-Tez-tez dəyişən əhvalın olması

-Uşağınız üçün  narahatlıqlarınız artmışsa, hər an ona nəsə olacaq qorxusu ilə yaşayırsınızsa və bu qorxu sizin günlük həyatınıza mənfi təsir edirsə

-Körpənizi görmək, ona toxunmaq, əmizdirmək içinizdən gəlmirsə, bütün bunları məcburən edir və zövq almırsınızsa

-Doğuşdan öncə zövq aldığınız şeylər artıq sizi maraqlandırmırsa

-İştahınızda nəzərə çarpan dəyişikliklər varsa (artma yaxud azalma)

-Bu əlamətlərə əlavə olaraq major depressiyanın əlamətləri də öz təsirini göstərmiş olur.  Major depressiya əlamətləri isə bunlardır: depressiv ruh halı, həzzin azalması, dəyərsizlik hissi, ümidsizlik və acizlik, ölüm və ya intihar düşüncələridir

Belə hallarda özünüzlə baş etmək yerinə mütəxəssisdən yardım almağınız tövsiyyə olunur.

Müalicəsi: Postnatal depressiya hər qadında simptomların şiddətinə və tipinə görə fərqlilik göstərir.Buna görə də müalicə üsulunu seçərkən simptomların fərqliliyinə diqqət yetirmək vacibdir. Müalicə üsulları bunlardır: antidepressant dərmanlar,duyğusal dəstək almaq üçün qrup terapiyasına qatılmaq, koqnitiv-bihevioral terapiya, geştalt və interpersonal terapiyadır. Depressiya zamanı psixoz hallar müşahidə olunduğu zaman psixotik dərmanlar da müalicəyə əlavə edilir. Yalnız həkim nəzarəti altında  dərman qəbul etməniz məsləhət görülür.Koqnitiv-bihevioral terapiya vasitəsi ilə ananın düşüncə xətaları aradan qaldırılır.Terapiyadan sonra ana həyata daha pozitiv yöndən baxa və sağlam düşünə bilir.Qrup terapiyasına qoşulmaqla ana digər depressiyadan əziyyət çəkən analarla tanış olmuş olur. Terapiya vasitəsi ilə ana duyğusal dəstək alır və problemin təkcə onda deyil başqa insanlarda olduğunuda görmüş olur. Nəticədə onlar özünü yalnız hiss etmir və birlikdə xəstəlikdən yaxa  qurtarmaq üçün mücadilə aparırlar.

 

Türkan Əliyeva


 

LOGİN

 Email
 Parol
Qeydiyyat