Biri var imiş,biri yox imiş

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri  maraqla və zövqlə dinləyir. Sirli nağıllar aləminə uşaq çox kiçik vaxtlardan təxminən 2 yaşından düşür. Əgər körpə qayğıkeş ailədə məhəbbətlə əhatə olunursa onda nağıla daha tez hazırlanır. Əvvəl laylalar, sonra bayatılar,  şeirlər və mahnılar eşidir. Bütün bunları dinləyən körpə yavaş-yavaş nağıla yaxınlaşır və ömür boyu onunla qalır. Psixoloqların fikrincə nağıllarla uşaqlar ətraf aləmi dərk edir.  Çünki hər bir nağıl insanların münasibətindən bəhs edir. Nağıl dili isə uşağa tanışdır. Uşaq  məntiqi düşünmür, nağıl isə ondan məntiq tələb etmir.  Uşaq məcburiyyəti sevmir, nağılın isə məqsdi  öyrətməyə  məcbur etmək deyil.  Nağıllar uşaqlara obrazlar təqdim edir məsələn cirtdan, tıq-tıq xanım uşaqlar isə bu obrazları sevir.  Vacib infarmasiyaları isə onlar yavaş-yavaş özünküləşdirir. Nağılları  analar nənələr və  tərbiyəçilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq  oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.Uşaqlar məktəbə qədəm qoyduqdan sonra  belə xoş gecələr, çox vaxt qayğısız uşaqlıq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, onlar əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu zövqdən məhrum etməməlidir. Kiçik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə  bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqqında, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Nağıl uşağın psixi inkşafı üçün oyun qədər əhəmiyyətlidir.  Öz uşağını  bu gözəl oyundan heç bir sevən ana məhrum edə bilməz.

Ruhəngiz Mehmanqızı

Psixologiya üzrə fəlsəfə doktoru,Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu


 

 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat