Övladı kəkələmə problemi ilə üzləşən valideynlərə verilən tövsiyyələr…

\"www.pcc.az\"Nitq qüsurlarının içində ən aktual və qədim problemlərdən biri də,kəkələmədir ki,bu dəfəki məqaləmdə sizə   bu haqda məlumat vermək istərdim.

Kəkələmə gündəlik həyatımızda müşahidə olunan nitq qüsurlarındandır. Kəkələmə nitq aparatının qıc olması ilə nəticələnir, həm də bu zaman nitqin sürətinin təşkili pozulmuş olur. Bəzi tədqiqatçılar kəkələməni nitq üzvlərinin fəaliyyət pozulmaları ilə bağlamışlar ,bəziləri isə kəkələməyə psixoloji baxımdan yanaşaraq, onu psixi proseslərin gedişinin pozulması ilə əlaqələndirmişlər. Kəkələmənin əmələ gəlməsində birinci dərəcəli rolu baş-beyin qabığında sinir proseslərinin qarşılıqlı əlaqəsinin pozulması oynayır. Baş-beyin yarımkürələrində sinir pozulmaları birinci tərəfdən sinir sisteminin vəziyyətindən, onun normadan kənara çıxmaq hazırlığından digər tərəfdən mənfi ekzogen amillərin olmasından asılıdır. Bu qüsura baxdığımızda beyinlə əlaqədar bir qüsur olduğunu görsək də, bunuda qeyd etmək istəyirəm ki, bu gen olaraq valideynlərdən də qaynaqlana bilər. Kəkələyən uşaqlara bəzən valideynlər tərəfindən laqeyd münasibət göstərilir və ciddi diqqət göstərilmədiyindən bu hal həmən uşaqda illər boyu müşahidə olunur. Valideynlər uşağın nitqində hər hansı bir rahatsızlığını gördüyü zaman ona ciddi yanaşmalı və loqopedə müraciət etməlidir ki, bu qüsuru aradan qaldırmaq asanlaşsın. Kəkələmə nitq qüsurunun hansı səbəbdən yaranması ta qədim zamanlardan mübahisəli bir məsələ olmuşdur. Kəkələmə doğuşdan və ya hər hansı bir çətinliyə düşən zaman stress nəticəsində yarana bilən bir qüsurdur  və kəkələyən insanlar da adətən bir hal müşahidə olunur ki, kəkələmə ən çox danışanda bəlli olduğu üçün onlar cəmiyyət içərisində danışmağa çəkinirlər, sanki danışdığı zaman özünü itirəcək və ətrafın qınağına səbəb ola biləcək kimi bir hiss keçirirlər. Bəzən onlardan adicə adını soruşduğun zaman belə onlar sanki imtahan verirlərmiş kimi həyəcan keçirirlər və danışıqlariında söz uzatma və ya dil dolaşıqlığı müşahidə olunur.Bu uşaqlar adətən məktəbdə oxuduqları zaman ən arxa partada əyləşərlər və müəllim sinifdən sual soruşduğu zaman sanki özlərini gizlədərlər ki, müəllim onları görməsin. Daha çox mimika və jestlərlə danışmağa üstünlük verərlər, bu prosesi daha da ağırlaşdırmağa səbəb ola bilər. Bu uşaqlar danışdığı zaman ətrafdakıların onlara münasibətini çox qiymətləndirərlər və ona kimsə gülərsə və ya lağa qoyarsa bu halda qüsurun aradan qaldırılmasına ciddi maneə ola bilər. Buna görə belə qüsuru olan uşaqlar daha çox diqqət mərkəzində tutulmalı və onlara mehriban münasibət göstərilməlidir .
Övladı kəkələyən bir valideynin üzərinə düşən tələbləri aşağıdakı şəkildə izah etmək olar:

1.Uşağınızın yanında onun kəkələməsinə hədsiz dərəcədə diqqət göstərməməyə çalışın.
2.Uşaq yalnış danışdığı zaman və ya danışa bilməyib tutulduğu zaman uşağınızı cəzalandırma ilə qorxuzmayın.
3.Yorğun və ya həyəcanlı olduğu zaman onu danışmağa məcbur etməyin.
4.Uşaq danışdığı zaman onun dodağını necə tərpətməsinə deyil, gözlərinə baxın. Bu zaman övladınız özünü daha inamlı hiss edəcəkdir.
5.Uşağınız danışan zaman sakitcə ona qulaq asın, tələsdirmiyin o fikrini çatdıra bilmiyib dili dolaşarsa və sözü deyə bilməzsə də ona kömək etməyin. Çalışın səbrli olub sona qədər dinləyin. ”Sakit və yavaş danış, dərindən nəfəs al, nə söyləyəcəyini düşün sonra danış” kimi sözlərdən qətiyyən istifadə etməyin bu uşağın daha da həyəcan keçirməsinə səbəb ola bilər.
6.Kəkələmə sinir prosesi ilə də bağlı olduğu üçün onları əsəbləşdirməmək və gərgin vəziyyətə salmamaq ən vacib şərtlərdəndir. Bu səbəbdən uşaqlarınızı ev problemlərinizdən kənar tutmağa çalışmalısınız.
7.Uşağınız hansı yaşdadısa onun yaşına uyğun nağıllar, hekayələr, şeirlər danışıb və ya oxuyub onun dilinin dolaşıqlığını aradan qaldırmağa səy göstərə bilərsiniz, lakin onları yormamaq şərtilə.
8.Uşağınız kəkələyən zaman onun diqqətini başqa yönə, başqa mövzulara çəkməyi bacarın və bunu etdiyinizi uşağınıza hiss etdirməyin.
9.Əgər kəkələyən uşağınız bu problemin onda olmasından xəbərdar və narahatdırsa, ona təskinlik verib bu problemin aradan qaldırılmasının mümkün olduğunu və hərkəsdə bunun ola bilmə ehtimalını izah etmək onları ruhlandıra bilər.
10.Uşağınız bu halın onda olmasından ozünü bacarıqsız və işə yaramaz kimi hiss edərsə onların başqa yöndə olan istedadını, bacarığını üzə çıxarmağa kömək göstərin, bu zaman övladınız özünü daha yaxşı hiss edəcəkdir.
Və sonda hər bir valideynə müraciət edərək söyləmək istərdim ki, uşağınızın hər hansı yaşında bu prosesin getdiyini gördüyünüz andan onu peşəkar bir loqoped mütəxəssisinə göstərməyi lazım bilin. Loqopedlə məsləhətləşib onun verdiyi seanslardan sonrada sizin də etməli olduğunuz vacib məqamlardan yayınmayın. Çünki övladınızı loqopedə apardıqdan sonra evdə ona göstərilən laqeyd münasibət və yalnış hərəkətlər loqopedin işinin uğurlu alınmasına maneə ola bilər. Çalışın bu vacib məsələyə ciddi, səbrli və əzmkar yanaşin! Sizə bu işdə uğurlar arzu edirəm . Gözəl balalarınızdan sevginizi əskik etməyin!


 

LOGİN

 Email
 Parol
Qeydiyyat