Elnur Rüstəmov: “Yaxın gələcəkdə Azərbaycanda ailə psixologiyası və kliniki psixologiyanın böyük gələcəyi var”

Psixoloqların rolu artdıqca insanların ünsiyyət, adaptasiya, tənhalıq və ailə problemləri də öz həllini tapır.
Elnur Rüstəmov: “Yaxın gələcəkdə Azərbaycanda ailə psixologiyası və kliniki psixologiyanın böyük gələcəyi var”
2011-ci ilin yanvarında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Nazirliyi ürəyi dolu olan qadınlar üçün bir sürpriz etdi. Belə ki, innən belə şəhər telefonları ilə danışığın hər dəqiqəsinin pullu olacağı gözlənilir. Maraqlıdır görəsən saatlarla telefondan asılıb qalan minlərlə insan, o cümlədən qadınlarımız ürəyini necə boşaldacaq. Axı qiybət qırmaq ödənişli olacaq. Fikrimizcə bu durum psixoterapevt və psixoloqlarımızın işini çoxalacaq.Çoxlu sayda insan indi dərdini demək və ürəklərində yığılıb qalmış söz yığınını boşaltmaq üçün psixoloqlara üz tutacaq. Yarı zarafat, yarıgerçək irəli sürdüyümüz bu fərziyyə özününü tezliklə doğruldacaqmı? Ya da ümumiyyətlə kiməsə dərdini deyib yüngülləşmək, ürəyini boşaltmaq insanların problemini həll edirmi? Psixoloqun rolu nədir?

Psixoloji Konsultasiya Mərkəzinin rəhbəri, təcrübəli psixoloq Elnur Rüstəmov ölkəmizdə psixoloqlara təlabatın artacağını söyləsə də bizimlə söhbətində hesab elədi ki, insanların özlərinə yaxın adamlara dərdini açması hələ problemin həlli demək deyil: “Ümumiyyətlə şəhər telefon danışığı tariflərinin qiymətinin artması bir tərəfdən psixoloji xidmətə ehtiyacı artıracaq. Ancaq mən məsələnin digər tərəfinə diqqət çəkmək istəyirəm. Dərdinin kiməsə demək hələ problemin həlli deyil. Bu işi peşəkar mütəxəssis çözə bilər. Psixoloq problemin nədən qaynaqlandığını sizə izah edir. Ancaq yaxın bir adama ürəyinizi bu gün boşaltsanız da sabah yenə eyni bir problem başqa bir formada özünü göstərəcək. Mütəxəssis isə problem üzərində analiz aparır, bu isə o deməkdir ki, siz artıq onu bir daha problem kimi qəbul etməyəcəksiniz. Ən azından sizi əvvəlki kimi narahat etməyəcəkdir. Bir məsələyə də münasibət bildirmək istərdim. Bizdə psixoloji sığorta yoxdu. Bu məsələni də qabartmaq lazımdır. Bu dolayı yolla psixi sağlamlıq, psixi təhlükəsizlik barədə qanunun da qəbul olunmasına gətirib çıxaracaq. Düşünürəm ki, belə bir qanunun gələcəkdə qəbulu cəmiyyətimizin bütün strukturlarına təsir göstərəcək. Bu gün daha çox Psixoloqun rolu cəmiyyətimizdə başa salınmalıdır.”
Bir çoxları psixoloqun üstünə məsləhət üçün gedir.Və ya ondan daha çox məsləhət gözləyir. E. Rüstəmov buna da münasibət bildirdi: “Psixoloq məsləhət vermir. Psixoloq o zaman məsləhət verir ki, psient qərar vermək iqtidarında olmur. Və yaxud verdiyi qərar kiməsə narahatçılıq yarada bilər. Psixoloqun işi analiz etməkdir. Psixoterapiyada belə bir anlayış var-Katarsis prosesi. Gedib ürəyini psixoloqa boşaldırsan, dərdini söyləyib çıxıb gedirsən, yüngülləşirsən. Bir çox pasientlər danışanda müdaxilə etmirik. Danışdıqca hər dəfə yeni informasiya verir. Psixoloq da sözlə müalicə etdiyindən bu situasiyadan terapevtik məqsədlər üçün istifadə edir.”
Həmsöhbətimiz əlavə etdi ki, son vaxtlar psixoloqun rolu və psixoloji xidmət haqda insanlarda məllumatlılıq səviyyəsi artıb: “Əvvəllər konsultasiyalarımızda 1 seans ancaq pasiyentə psixoloqun terapiya prosesinə rolu barədə məlumat verirdik. İndi bu kimi izahatlara çox az vaxt gedir. İnsanlar maarifləniblər. Biz Psixologiya və Konsultasiya Mərkəzi olaraq psixoloji xidməti qruplaşddırmışıq. Ayrı-ayrı psixoloji problemlərlə Mərkəzin mütəxəssiləri ixtisaslaşıblar. Uşaq psixologiyasını yenidən təsnifatlaşdırdıq. Buraya biz autik, hiperaktiv uşaqlarla iş, yeniyetmələrin imtahana psixoloji hazırlığı, keçid yaş dövründə psixoloji problemlərin aradan qaldırılması və s. bu kimi problemlərlə bağlı Bizim peşəkar psixoloqlar konsultasiyalar aparırlar. Düşünürəm ki, psixologiyanı nə qədər peşəkar səviyyədə insanlara çatdırsaq, insanlar arasında ünsiyyət, münasibət daha yaxşı formada qurulacaqdır. Hazırda psixologiya və psixoterapiya geniş vüsət alıb. Bunun da öz səbəbləri var. Hazırda cəmiyyətimizin ən böyük problemi özgələşmə problemidir. İnsanlar bir –birinə yadlaşırlar. Heç kim başqasının ruh halı ilə maraqlanmır. Bu isə öz növbəsində insanlarda müəyyən gərginliklər, narahatçılıqlar yaradır. Sanki insanlar bir robota çevrilir. Düzdür Nazim Hikmətin belə bir məhşur sözü vardı: “Xöşbəxt o adamdır ki, səhər işə axşam isə evə tələsir.” Amma yazıçının söylədiyim sitatı bu günümüzlə elə bir səsləşmir. Əksəriyyət səhəri açanda yenilik istəyir. Bunu görmədikcə narahat olur, sıxıntılar keçirir. Bu gün Bakı şəhərində insanların əhvalı, ruhi vəziyyəti, psixoloji problemləri ilə məşğul olacaq ən az 50 psixoloji mərkəzə ehtiyac var. Təlabatlar artır. Bununla belə psixoloji xidmət bizdə həm azdır, həm də keyfiyyət zəifdir. Peşəkarlıq aşağıdır. Daha doğrusu müxtəlif kateqoriyalarla işləyə bilən peşəkarlar psixoloqlarımız çatışmır. Geniş maarifləndirici tədbirlər görülmür. Televiziyada qoyulan mövzularda da psixoloq rəyi onun bir fikri kimi irəli sürülür. Problemin həlli yolu göstərilmir. Konkret danişaq. Depressiyalar mövsümü başlayır. Onun yaxşı keçirmək, insanlar tərəfindən asan qavramaq, depressiyanın qarşısını almaq üçün geniş məlumatlar verilməlidir. O cümlədən depressiyanın nə olması izah olunmalıdır ki, insanlar bir növ burulğanda ilişib qalmasın. Başa salınmalıdır ki, insanlar depressiyadan necə çıxa bilər. Hansı üsullardan faydalana bilərlər. Psixoloqun yardımından necə istifadə edə bilərlər. Hər bir insan ən azı ildə 1-2 dəfə depressiyaya düşə bilər. Bundan əlavə digər problem də var. Cəmiyyətimizin ən ağrılı problemlərindən biri də ailə institutunun dağılmasıdır. Əvvəlki illərlə müqayisədə boşanmalar həddən artıq çoxalıb. Konsultasiyalarda buna çox rast gəlinir. Psixoloji dəstək və psixoloji maarifləndirmə aparılmalıdır ki, problemi önləyə bilək. Məhkəmələrimizdə boşanmalar zamanı bir psixoloq rəyi, psixoloji kabinet yoxdur. İtirən isə cəmiyyətimizdir. Ailə psixologiyası bizdə hələ formalaşmayıb.....”
Elnur Rüstəmovun qənaətincə yaxın gələcəkdə Azərbaycanda ailə və kliniki psixologiyanın böyük gələcəyi var: “Bura şübhəsiz ki, uşaq psixologiyasını da aid eləmək olar. Ölkəmizdə bunun bir modelini yaratmaq lazımdır. Ailələrlə iş prosesində görürəm ki, ən sonda psixoloqu çağırırlar. Halbuki daha öncə psixoloq prosesdə iştirak eləsəydi çox böyük kömək edə bilərdi. Bir də baxırsan ki, ailə xırda bir məsələdən dolayı dağılır. Oğlan evin neçənci uşağıdır? Qız evin neçənci uşağıdır? Tək uşaqlar evlənmə prosesində nəyi nəzərə almalıdırlar və s. bizim üçün kiçik görünən nüanslar ailə qurulma prosesində mütləq nəzərə alınmalıdır. Qurulan ailəyə birmənalı şəkildə psixoloq rəyi lazımdır. Bəziləri elə düşünür ki, psixoloqun yanına getsə ayrılacaq. Əksinə, psixoloq sizdə gələcəkdə üzləşə biləcəyiniz narahatçılıqla bağlı immuniteti formalaşdırır. Bir çox ailələrdə adaptasiya prosesi zəif gedir. Təsəvvür edin. Mən 25 il tamam ayrı bir dəyərlərlə, ayrı qaydalarla böyümüşəm. 25 ildən sonra fərqli mühitə düşürəm. Bunu həzm etmək, ona uyğunlaşmak, öhdəsindən gəlmək üçün peşəkar psixoloq yardımı lazımdır.”
Mütəxəssis eyni zamanda Azərbaycanın regionlarında psixoloji maarifləndirməyə də toxundu: “Düşünürəm ki, regionlarda psixoloji maarifləndirmə daha çox aparılmalıdır. Fikir vermisinizsə depressiyalar, intihar hallarını rayonlarda son zamanlar tez-tez müşahidə edirik. PCC olaraq biz artıq Lənkəranda Cənub televiziyası ilə müvafiq razılığa gəlmişik. Birgə psixoloji üzərində işləyirik. Digər rayon televiziyaları da bunu həyata keçirməyi düşünürük. Bu yolla bölgələrimizdə maarifləndirmə tədbirləri aparmaq fikrindəyik. Psixologiyaya aid populyar dildə, praktik bir jurnal da çap etməyi planlaşdırırıq...”
Psixoloq-ekspert son zamanlar “internet xəstəliyinə” tutulan gənclərimizin “virtuallaşmasına” maraqlı fikir bildirdi: “İnsanların bir-birinə yadlaşmasının təzahürlərindən biri də elə budur. Virtual aləmə üz tuturlar. Real insanlarla ünsiyyət qura bilmirlər.Və ya ünsiyyətdə çətinlik çəkirlər.Özlərini guya internetdə tapırlar. Əslində özləri də bilmirlər nə istəyirlər. Yeri gəlmişkən ünsiyyət probleminin aradan qaldırılması üçün Mərkəz hər həftə treyninqlər, seminarlar, film nümayişlərini keçirir. Bu yolla insanlar həm özlərini rahat hiss edir həm də psixoloji problemlərinin həlli yollarını öyrənirlər. Eyni zamanda Cəmiyyətimizə daha çox faydalı ola bilirlər”

Ramil Nəcəfli
Psixoloji Konsultasiya Mərkəzinin Əlaqə telefonları:
012-408-16-19; 012 480-28-16; 055-495-27-00 www.pcc.az
Ünvan: Bakı şəhəri, C.Cabbarlı küçəsi 44; Caspian Plaza 1, 3-cü mərtəbə

http://saglamxeber.com/articles.php?article_id=184


 

LOGİN

 Email
 Parol
Qeydiyyat