“O QIZ CƏMİYYƏT ÜÇÜN TƏHLÜKƏLİDİR” – EKSPERT MÖVQEYİ

“Bu cür cinayətlərin yalnız 20 faizi ruhi pozğunluqdan irəli gəlir”

İki gün öncə Azərbaycanda insanı sözün mənfi mənasında heyrətə gətirən cinayət hadisəsi baş verdi. Bacının bacını xüsusi amansızlıqla qətlə yetirməsi və bunu soyuqqanlılıqla dilə gətirməsi cinayət barədə müxtəlif versiyaların yaranmasına da səbəb oldu. Bu versiyaların hansının öz təsdiqini tapması məhkəmənin yekun qərarı ilə müəyyən olunacaq. Ancaq ortada həm qurbanı, həm də qatili özlərindən olan ailə var.

Cinayət istər-istəməz bir çoxlarında belə bir sualın yaranmasına gətirib çıxarır: hansı psixoloji vəziyyət 19 yaşlı qızın öz bacısını xüsusi amansızlıqla qətlə yetirməsi ilə nəticələnə bilər?

Bu suala cavab verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, cinayəti törədən insanın konkret psixoloji problemi olub. Sadə mübahisə bu cür amansızıqla törədilən qətllə yekunlaşa bilməz: “Bacılar arasında münasibət yəqin ki, birinci dəfə deyil, mütəmadi olaraq təkrarlanıb. Zamanla bu münasibət dərinləşib. Valideynlər isə məsələyə diqqətsiz yanaşıblar. Psixoloji sferada olan narahatlıq bir çox hallarda diqqətə alınmır. Fikirləşirlər ki, ötüb keçəcək. Bəlkə də valideynlər vaxtında diqqət yetirsəydilər bu hal yaşanmazdı”.

Psixoloqun sözlərinə görə, qız uşaqlarının böyüdüyü ailələrdə əxlaq məsələləri daha da ön plana çıxarılır:

“Söhbət ailə modelindən gedirsə onlar ailədə 3 qız uşağı olublar. 3 qızı böyütmək çətin məsələdir. Bu cür ailələrdə belə bir tərbiyə metodu mövcuddur: siz qız uşağısız, hərəkətinizi bilin, ailəyə qarşı çıxmayın, adımıza xələl gətirməyin, qardaşınız yoxdur, özünüzü qorumağı bacarmalı və hər şeydən ehtiyyatlı olmalısız. Ailənin bütün diqqəti bu məsələ üzərində toplanır. Böyük ehtimalla uşaqlar həmin psixologiya ilə böyüyüblər. Ola bilər ki, öldürülən xanımın ailəsilə olan problemləri kiçik qızın psixologiyasına mənfi təsir göstərib. Bu cür ailələrdə həyata baxış fərqli olur. Onlar əxlaqi tərəflərə daha çox önəm verirlər”.

Cinayəti törədən qızın səsləndirdiyi fikirlərin cinayətdən yayınma halı ola biləcəyini də qeyd edən E. Rüstəmov, bütün hallarda onun cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıb.

“Əgər o qulağına səs gəlmə, göstəriş verilmə kimi fikirləri cinayətdən yayınmaq məqsədilə demirsə onun hətta psixiatrik problemləri var. Psixiatriyada bu cür halları şizofreniyanın əlaməti kimi qiymətləndirirlər. İnsanın psixoloji durumu hansı vəziyyətdə olmalıdır ki, digər insanı-öz doğma bacısını xüsusi amansızlıqla qətlə yetirsin.

Hər şey istintaqın sonunda müəyyən olunacaq. Ola bilər ki, bu fikirlər cinayətdən yayınma halı da olsun. Ancaq bu cür qətl normal bir insanın hərəkəti deyil. Və həmin şəxs bütün hallarda cəmiyyət üçün təhlükəli insandır. Bu istiqamətdə dövlət tərəfindən də maarifləndirmə işlərinin aparılması məqsədəuyğun olardı”.

Azərbaycan Psixiatriya Assosasiasının prezidenti, professor Nadir İsmayılovməsələyə münasibət bildirərkən hər şeyin istintaqdan sonra müəyyən olunacağını deyib. Onun sözlərinə görə, ruhi pozuntu halı varsa gənc qız heç bir cinayət məsuliyyəti daşımır:

“Bu cür hallarda məhkəmə psixi ekspertiza keçirir. Ekspertiza nəticəsində müəyyən olunur ki, bu insan hansı vəziyyətdə cinayəti gerçəkləşdirib. Heç bir müayinə aparmadan qızın xəstə olduğunu deyə bilmərəm. Bəlkə ruhi xəstədi. Çox güman onda psixi pozuntu olub. Ruhi xəstəliklər zamanı bu cür hadisələr çox olur. Ona ruhi xəstə diaqnozu qoyulsa cəza da verilməyəcək. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 ci maddəsinə əsasən ruhi pozuntu vəziyyətində cinayət törədən şəxs həmin cinayətin ağırlığından asılı olmayaraq cinayət məsuliyyəti daşımır. Şəxsə məcburi müalicə təyin olunur. Bunun üçün xüsusi xidmət sahəsi var: Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Birliyi. Həmin birliyin göstərişi ilə cinayətkar ciddi rejimli Məştağa xəstəxanasına göndərilir və aylarla, bəzən illərlə xəstəxanada qalır”.

Psixiatr sonda bildirib ki, bu cür cinayətlərin yalnız 20%-i psixoloji pozuntu hallarından qaynaqlanır.

“Ekspertiza nəticələri göstərir ki, bu cür cinayətləri törədənlərin hamısı ruhi xəstə olmur. Adətən belə cinayətlərin cəmi 20%-i ruhi pozuntu ucbatından baş verir. Bir çox hallarda cinayətlər içki, narkotikanın təsirindən və ya mübahisə zəminində baş verir”.

Hər halda ortada istintaqa ehtiyacı olan və insanın psixoloji durumunu şübhə altına alan bir cinayət hadisəsi baş verib. Habil və Qabil münasibətləri ilə başlayan dünyanın indiki vəziyyəti heç bir texnoloji inkişafın və ya inqilabın insan nəfsi qarşısında dayana bilməyəcəyini açıqca göstərir.

Ülviyyə Cövdətqızı

http://simsar.az/news/a-60319.html


 

LOGİN

 Email
 Parol
Qeydiyyat