Keçmişdə yaşanan travmatik hadisələr hazırda psixoloji problem olaraq hansı formada ortaya çıxa bilər?

Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər?

Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir.

Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik.

Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır.

 Travmanın təsirləri və travmanın aradan qaldırılması

 Travma nədir?

Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır.

Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar

Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər.

Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır.

Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir.

Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər.

Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər.

Necə aradan qaldıra bilərik?

Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün,

Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır.

Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun.

Duyğusal baxımdan özünü ələ almaq üçün,

Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın.

Düşüncələrinizi toparlamaq üçün,

Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək).

Davranışlarınızı nəzərdən keçirin:

Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın.

Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün...

Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır.

Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər.

Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz?

Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə,

  • Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,
  • Tez-tez kabus görürsünüzsə,
  • Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,
  • Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,
  • Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,
  • İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,
  • Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,
  • Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa.

Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz

  • Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,
  • Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,
  • Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var.

Nərmin Quliyeva
Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat