Nəzarətsiz uşaq 6-8 saat kompüter qarşısında oturarsa...

Elnur Rüstəmov: “İnternetdən asılılıq xəstəxana şəraitində müalicəyə gətirib çıxara bilər”

Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən sahələrdən biri də internetdir. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat əldə edə bilir, sürətli əlaqə qurur, əyləncə tapır. İnternet demək olar, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı ildən-ilə artır. Bizə lazım olan bütün informasiyaları əldə etməklə yanaşı, internet xəstəsinə çevrilənlər də az deyil.

İnternetin fəsadları nədir? İnternet asılılığının qarşısını necə almaq olar?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, ölkəmizdə internet istifadəçilərinin sayı günü-gündən artır: “Hazırda Azərbaycan əhalisinin 73 faizi internet istifadəçisidir. 2 il əvvəl, yəni 2012-ci ildə bu rəqəm 70 faiz idi. Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur”.

Rəngarəng informasiya

İnformasiya və Kommunikasiya Texnologiyaları İctimai Birliyinin sədri Firudin Əhmədovun sözlərinə görə, internetin kökü hərbi tələblərə gedib çıxır: “İlk dəfə ötən əsrin 60-cı illərində ABŞ-ın hərbi strukturlarında internetdən istifadə etməyə başlayıblar. Sonralar insanlar internetdən istifadə etməklə rahat, operativ və rəngarəng informasiya almaq imkanı qazandılar.

İnternetin meydana çıxması ilə köhnə bilik əldəetmə prosesi tamamilə yeni proseslə əvəzləndi. Dövlət müstəqilliyini əldə etdiyimiz vaxtlarda Azərbaycanın ali məktəblərində ana dilimizdə elmi ədəbiyyatın çatışmazlığı problemi vardı. Lakin indi elmi istiqamətdə ixtisaslaşmış internet saytlarda Azərbaycan dilində ədəbiyyat və mühazirələr var. İnternetə daxil olub istənilən mövzuda ədəbiyyatı, mühazirəni tapa bilərik. Hazırda xarici ekspertlər digər ölkələrlə bağlı vəziyyəti qiymətləndirəndə o ölkəyə olan informasiya axınının həcmini və sürətini əsas götürürlər".

Səhv addımlar

Ekspertin sözlərinə görə, internetin sürətli informasiya əldə etmək kimi müsbət tərəfi ilə yanaşı, müəyyən mənfi cəhətləri də var. Əsasən, yeniyetmələr arasında müşahidə olunan mənfi cəhətlər vaxtında internetdən düzgün istifadə edilməməsi səbəbindən irəli gəlir.

Kompüter qarşısında əyləşən uşağa internetdən düzgün istifadə başa salınmasa, o, yeniyetmə və gənc çağlarında səhv addımlar atacaq: “Əslində, kompüter sistemlərində arzuolunmaz mövzuların qarşısını almaq üçün kifayət qədər texniki imkanlar var. Amma internetin uşaq və yeniyetmələrin, gənc nəslin təlim-tərbiyəsinə mənfi təsir etməsinin səbəblərindən biri də ölkədə kompüter biliklərinin səviyyəsinin aşağı olmasıdır. Çünki bizim məktəblərdə bilikvermə prosesinə diqqət göstərilmir, maliyyə sərf olunmur.

Ölkədəki bütün orta məktəblərə kompüter dəstləri verilir. Amma müəllimlərin kompüter bilikləri çox aşağıdır, şagirdləri öyrədəcək ixtisaslı mütəxəssislər çatışmır".

Sosial autizm

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, internet psixi və ya psixoloji fəsadlar yarada bilir: “Başlıca problem internetdən asılılıqdır. Bəzi saytlara xüsusilə yeniyetmələr həddən artıq alışqanlıq göstərirlər. Nəticədə onlar ətrafdakı insanlarla normal, emosional ünsiyyəti itirir və həmin gənclərdə autizm - özünəqapanma yaranır. Hətta bu, xəstəxana şəraitində asıllıqdan müalicə olunma ehtiyacına da gətirib çıxarır.

Autizm sonradan yaranan xəstəlik olmasa da, son dövrlərdə onun yeni növləri, formaları meydana çıxıb. Buna sosial autizm də deyilir. Bu, hansısa xəstəliklə bağlı deyil, insanın düşdüyü mühitlə əlaqədar özünə qapanmasıdır. Belələri mühitdən uzaqlaşır, insanlarla ünsiyyətə girə bilmir, yaxud ətrafdan qaçırlar".

6-8 saat

Psixoloq qeyd etdi ki, internetdən düzgün istifadə olunmaması nəticəsində bir çox psixi pozuntular da meydana çıxır: “Buna misal kimi yuxu pozuntularını göstərmək olar. Xüsusən, uşaqlarda, yeniyetmələrdə bu, özünü daha çox büruzə verir. Belə halların qarşısını almaq üçün reablitasiya prosesi aparmaq lazım gəlir. Psixoloq o insanlara başa salmalıdır ki, kompüterdən, internetdən uzaqlaşmalıdır.

Uşaqların, yeniyetmələrin kompüter qaşısında oturub internetdən istifadə etməsinin günahkarı valideynlərdir. Elə ailələr var, orada uşaqların kompüterdən istifadəsinə qətiyyən nəzarət edilmir. Nəzarətsiz qalan uşaq isə 6-8 saat, hətta bəzən gecədən səhərə qədər kompüter qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi əlamətlərə gətirib çıxarır".

İlhamə ƏBÜLFƏT 

http://teleqraf.com/news/20178 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat