Təlimat: Verilmiş 5 fiqura baxın. Öz formanızı hiss etməyə çalışın. Sizgə hansı fiqur daha çox sizə oxşayır və ya hansı fiqura baxıb deyə bilərsiz ki, bax bu mənəm. Əgər seçməkdə çətinlik çəkirsinizsə diqqətinizi birinci cəlb edən fiquru seçin. Seçdiyiniz fiqurları sıra nömrəsi ilə qeyd edin. Belə ki, birinci yerə seçdiyiniz fiqur sizin davranış xüsusiyyətlərinizi və üstünlük təşkil edən xarakter əlamətlərinizi öyrənməyə imkan verir. Axırıncı yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik törədən adamları bildirir. Ola bilər ki, sizin heç bir fiqurdan xoşunuz gəlməsin. Belə olan halda bir neçə fiquru seçə bilərsiz. Lakin yaxşı olar ki, bir fiqura üstünlük verəsiz.
Kvadrat, dairə, üçbucaq, düzbucaqlı,ziqzaq
Kvadrat - əgər siz ilk növbədə kvadratı seçmisinizsə deməli siz yorulmaq bilməyən zəhmətkeşsiniz. Kvadratın əlamətləri: təşkilatçılıq, başladığı işi sona çatdırmaq, inadkarlıq, zəhmətkeşlik, çalışqanlıq. Dözümlülük, səbr, sistemlilik adətən kvadratları öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir. Əgər siz qəti olaraq kvadrat fiqurunu seçmisinizsə onda sizi solyarımkürəli insanlara aid etmək olar. Kvadratlar hər xırdalığı həddən artıq diqqətlidirlər. Onlar adət olunmuş həyat tərzini dəyişməyi xoşlamırlar. Həmişə hər yerdə səliqə-səhmanı xoşlayırlar. Planlaşdırılmış həyat onların idealıdır. Kvadratlardan yaxşı administrator, icraçı olur, nadir hallarda sərancamçı, menecer olurlar. Emosional quruluq və soyuqluq kvadratları müxtəlif insanlarla tez bir zamanda ünsiyyət yaratmaqdan məhrum edir. Kvadratın adətləri və maraqları:
1. Ciddi gün rejimi
2. Planlaşdırma
3. Dəqiqlik
4. Yazılı nitqə maraq
5. Təmizkarlıq, səliqəlilik
6. Qənaətcillik
7. Nigaha və valideyn vəzifəsinə ciddi münasibət
8. Dostların azlığı
9. Kolleksiya toplamaq
Kişi kvadratlar geyimdə ciddi stilə üstünlük verirlər. Tünd rəngli kostyum, ağ köynək və gözəçarpmayan qalstuk. Əgər işlədikləri yerdə uniforma geymək tələb olunursa, onlar heç vaxt bu qaydanı pozmurlar. Ayaqqabıları həmişə təmiz olur. Onlar özləri ilə burun dəsmalı və daraq götürməyi unutmurlar. Heç bir zərgərlik və ya bəzək əşyasından istifadə etmirlər. Həmişə özləri ilə hər ehtimala qarşı müəyyən qədər pul götururlər, hansı ki, boş yerə xərcləmirlər. Onlar bir qayda olaraq kökəlməyə meylli deyillər, baxmayaraq ki, bu əlamət sağlamlıq vəziyyətindən, yaşdan asılıdır.
Qadın kvadratlar son dəblə geyinməkdən qaçırlar. Daha çox mavi, qəhvəyi, zoğalı, böz və qara rənglərə üstünlük veririlər. Adətən saçları qısa vurulmuş olur, əgər uzun saçları varsa səliqə ilə yığılmış olur.
Kvadratlar öz fikirlərini aydın çatdıra bilirlər, halbuki onlardan heç vaxt auditoriyanı özünə cəlb etməyə qadir olan natiq ola bilməz. Analitik nitq və xırdalıqlara meyl onun nitqini ağırlaşdırır
Üçbucaq - bu forma liderlik əlamətidir. Onların başlıca xarakterik xüsusiyyəti əsas məqsəd üzərində diqqəti cəmləməkdir. Üçbucaqlar qarşılarına aydın məqsəd qoyan və ona nail olan enerjili, möhkəm şəxsiyyətlərdir. Onlar da kvadratlar kimi solyarımkürəli insanlara aiddirlər və situasiyanı tez analiz etməyə qabildirlər, lakin kvadratlarlardan fərqli olaraq üçbucaqlar diqqəti xırdalıqlara yox, əsas məqsədə yönəldirlər. Onlar özlərinə inanan və hər şeydə haqlı olmaq istəyən adamlardır. Onlar tez-tez risq edirlər. Qərar qəbulunda tərəddüd edənlərə qarşı səbrsiz olurlar. Üçbucaqlar çox çətinliklə öz səhvlərini etiraf edirlər. Demək olar ki, onlar həmişə görmək istədiklərini görürlər, ona görə də öz qərarlarını dəyişməyi xoşlamırlar və əksər hallarda öz bildikləri kimi hərəkət edirlər. Onlar şöhrətpərəstdirlər. Üçbucaqlar yüksək mövqe tutmağa çalışırlar. Hər hansı işə boyun olmazdan əvvəl özlərinə sual verirlər: mənim bundan qazancım nə olacaq? Onların əsas mənfi xüsusiyyəti eqosentrizmdir. Həmişə hər şeydə haqlı olmaq istəyinə görə üçbucaqlar başqaları ilə həmişə rəqabətdə olurlar. Hər bir işdə üçbucaqların üstünlük təşkil edən ustanovkası qələbə çalmaq, müvəffəqiyyət qazanmaqdır. Onlar hər şeyi və hamını öz ətraflarında fırlanmağa məcbur edirlər. Onlarsız həyat öz kəskinliyini itirərdi.
Düzbucaqlı - bu fiquru seçən insanlar hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub, daha yaxşı həyat şəraitinin axtarışı ilə məşğuldurlar. Bu forma müvəqqəti formadır və digər 4 nisbətən möhkəm formalar da həyatlarının müəyyən dövründə bu formada ola bilərlər. Ümumiyyətlə bu fiqur keçid və dəyişiklik simvoludur və bu fiquru seçən adam bu dəqiqə demək olar ki, problemləri içərisində başını itirib. Düzbucağın xarakterik əlamətləri: Onlar günbəgün, hətta bir gün içərisində möhkəm dəyişə bilərlər. Bir qayda olaraq özünüqiymətləndirmə səviyyəsi aşağı olur, lakin hər an yaxşı olmağa çalışır, yeni iş metodları axtarırlar. Düzbucaqlının davranışındakı sürətli, ani və gözlənilməz dəyişikliklər başqa insanları çaşdırır və onlar şüurlu olaraq onlarla əlaqədən yayınırlar. Onlara başqa insanlarla ünsiyyət sadəcə olaraq zəruridir. Digər tərəfdən üçbucaqların müsbət keyfiyyətləri də var. Bu keyfiyyətlər vasitəsilə onlar ətrafdakıları özlərinə cəlb edirlər. Bu hər şeydən əvvəl hər şeylə maraqlanmaq və cəsarətdir. Onlar əvvəllər heç vaxt görmədikləri işi görməyə çalışırlar. Hal-hazırda onlar hər cür yeniliyi asanlıqla mənimsəyirlər. Həddən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin bu keçici bir haldır.
Dairə - Bu harmoniya simvoludur. Kim ki, tam əminliklə dairə fiqurunu seçir, o, müsbət şəxsiyyətlərarası münasibətlərdə maraqlıdır. Onlar üçün insanlar , onların firavanlığı ən yüksək dəyərdir. Dairə beş forma içərisində ən xeyirxahıdır. Ən yaxşı dinləyici olduqlarına görə dairələr beş forma içərisində ən yaxşı ünsiyyətə girməyi bacaranlardır. Başqa sözlə yaxşı kommunikatordurlar. Yüksək həssaslığa malikdirlər. Onlarda başqalarının dərdinə şərik olmaq hissi güclüdür. Dairələr başqasının sevinc və kədərini özününkü kimi yaşayırlar. Ona görə də insanlar onlara can atırlar. Dairələr insanları çox gözəl oxuya bilirlər və o dəqiqə yalançını ifşa edirlər. Dairələr biznes sahəsində zəif menecer və rəhbərdirlər. Onlar həmişə sülhü qorumağa çalışırlar, ona görə də bəzən qəti mövqe tutmaqdan qaçırlar. Onlar üçün şəxsiyyətlərarası münasibətlərdə konfliktə girməkdən ağır bir şey yoxdur. Əgər insanlar bir-biri ilə yaxşı münasibətlərdədirsə dairələr üçün bu xoşbəxtlikdir. Ona görə də dairələrlə konflikt olanda çox ehtimal ki, dairələr güzəştə gedirlər. Onlar qətiyyətsizdirlər, siyasi oyunlarda zəifdirlər. Ona görə də həmişə güclü şəxslər məs: üçbucaqlar dairələr üzərində üstünlüyü ələ alır. Dairələr üçün hakimiyyətin kimin əlində olmasının heç bir əhəmiyyəti yoxdur, təki sülh və əminamanlaq olsun. Lakin söhbət ədalət və əxlaqdan gedirsə dairələr qətiyyət göstərirlər. Dairələr sağyarımkürəli insanlara aiddirlər. Onlar dünyanı bilavasitə emosional dərk edib başa düşən adamlardır.
Ziqzaqlar - ziqzaq yaradıcılıq simvoludur. Adətən onlarda estetik hisslər inkişaf etmiş olur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər, yəni onlara məntiqdən çox intuisiya xasdır. Ziqzaqlar bir-birindən tamamilə fərqli ideyalardan yeni, orijinal bir şey yaratmağı xoşlayırlar. Dairələrdən fərqli olaraq konfliktdə güzəştə getmir, əksinə konflikti kəskinləşdirirlər. Onlar dünyanı daima dəyişən görməyə meyllidirlər. Ziqzaqlar müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Onlar üçün iş yerində müxtəlifliyin olması zəruridir. İş fəaliyyəftində heç kimdən asılı olmağı xoşlamırlar. Onlar gələcəyə yönəlmiş olurlar və daha çox reallıqla deyil, imkanla maraqlanırlar. İdeyalar aləmi onlar üçün realdır. Həyatlarının müəyyən hissəsinin elə ideyalar dünyasında keçirirlər. Ona görə də onlar qeyri real, sadəlövh və qeyri işgüzardırlar. Onlarda yeni fikir əmələ gələndə az qalırlar ki, bütün dünyaya car çəksinlər. Səbrsiz, coşğun, sözü üzə deyən olurlar. Başladıqları işi sona çatdırmaqda o qədər də inadkar deyillər. Belə ki, yeniliyin itməsi onlarda ideyaya marağın ölməsinə səbəb olur.