“DAHİLƏR ONA GÖRƏ HOMOSEKSUAL OLURLAR Kİ…”

- Doktor, gəlin ümumi sualdan başlayaq. Sənət adamlarının psixologiyası digər adamların psixologiyasından fərqlənirmi?

- Onların psixologiyası, həyata baxışı təbii ki, başqa adamlardan fərqlənir. Ən birinci ona görə ki, onların təfəkkürü bədii təfəkkürdür. Onların təfəkkür, emosiyaları o biri tipli insanlardan fərqlənir. Məsəl üçün, texniki təfəkkür tipli insanlar daha çox riyaziyyatçı, fizik olurlar. Bədii təfəkkürlü insanlar isə mədəniyyət istiqamətində çalışırlar. Psixologiya sahəsində olan araşdırmalar bu qənaətə gəlməyə imkan verir ki, yaradıcı insanlar, xüsusən yazıçılarda psixi pozuntu olur. Əgər onlarda psixi pozuntu olmasaydı dahi ola bilməzdilər.

Lakin burda bir şey qeyd etmək lazımdır. Çezare Lambrozo da “Dahilik və dəlilik” kitabında yazmışdı ki, bütün dahilər ruhi xəstədirlər, amma bütün ruhi xəstələr dahi deyil. Ona görə ki, dahi olmaq üçün tək ruhi xəstəlik azdır. Ruhi xəstəlik dahi insanlara öz dahiliklərini üzə çıxarmağa kömək edə bilər. Adi insanlar ağlı, qabiliyyəti, intellekti, bacarığı ilə seçilsələr də bunu üzə çıxarmağa çəkinirlər. Utanırlar, qorxurlar, özlərinə arxayın deyillər. Öz potensiallarını aşağı qiymətləndirirlər. Və ya onlar “palaza bürün, elnən sürün” prinsipi ilə yaşayırlar. Belələri daha çox problemsiz, sakit həyat seçirlər. Psixi xəstələr isə onunla fərqlənirlər ki, onlarda “yox” söhbəti olmur. Adi insanlarda belə deyil, nə olar, nə olmaz, nə düzgündü, nə düzgün deyil, ölçüb-biçirlər. Adi adamlar cəmiyyətin tələbini nəzərə alırlar: biz gərək özümüzü yığışdıraq. Xəstə adamlardasa belə deyil. Onlar nə istəyirlərsə onu da edirlər.

- Sokratın küçədə işəməsini və ya bizim qəbul etdiyimiz əxlaq normalarından kənara çıxmalar… Bunları nəzərdə tutursuz?

- Sokratın küçədə işəməyi “mən bu cəmiyyətə nifrət edirəm” mənası daşıyır. O bununla öz nifrətini göstərirdi.

- Onlar bu anormal şeyləri bilərəkdən edirlər?

- Ola bilər ki, bu xəstəliyin nəticəsi olsun. Məsələn, Sokrat bunu qeyri-əxlaqi mənada eləmirdi, o cəmiyyətə öz münasibətini göstərirdi. Sokrat həmişə cəmiyyətlə konfliktdə olub. Bu cəmiyyət onu edama sürükləmişdi.

Gəlin Eynşteyn nümunəsinə baxaq. Dünya 400 ildən bir az çox müddətdə Nyutonun mexanika qanunları ilə yaşayırdı. Eynşteyn isə hər yerdə bəyan edirdi ki, bu qanunlarla yaşamaq istəmir. O, savadlı adam idi, universitet oxumuşdu. Nisbilik nəzəriyyəsini isbat edənə qədər nə qədər ağrılı anlar yaşamışdı, nə qədər gülməli vəziyyətlərə düşmüşdü. Ancaq buna baxmayaraq sübut elədi ki, Nisbilik nəzəriyyəsi var. Yəni özünün daxili inamı ilə buna nail oldu.

- İnam demişkən, onların tanrıya münasibəti necə olur?

- Mən inanmıram ki, onlar ateist olsunlar. Sadəcə olaraq onların inam sistemi bir az başqa cürdür. Biz çox vaxt insanın inamını onun xarici davranışı, ritualları yerinə yetirməyi ilə qiymətləndiririk. Onların tanrıya münasibəti tamamilə başqadı.

- Doktor, dahilər cəmiyyətdə yaranır, yoxsa genetik xüsusiyyətlə əlaqədardır?

- Psixoloqlar elə hesab edirlər ki, hər bir cəmiyyətə eyni sayda dahi var. Sadəcə olaraq onun üzə çıxmağında cəmiyyətin rolu mühümdü. Əgər Volfqanq Amadey Motsart Zalsburqda yox, Bakıda doğulsaydı, Motsartın atası musiqiçi olmasaydı, atası onu döyə-döyə musiqini öyrənməyə məcbur etməsəydi, Motsartın böyük müəllimləri olmasaydı Motsart olmayacaqdı. O olacaqdı toyda-bayramda ifa edən müğənni. Çünki Motsartın həvəsi yox idi, bir yerdə qərar tuta bilmirdi. Əvvəla onu bilmək lazımdır ki, cəmiyyətin belə adam ehtiyacı var, ya yox. Əgər cəmiyyətin belə adama ehtiyacı varsa o adamın dahiliyi üzə çıxacaq, yoxdursa çıxmayacaq.

- Doktor, necə hesab edirsiz, bizim cəmiyyət dahi yetişdirməyə qadirdir? Bunun üçün münbit şərait var?

- Belə hesab edirəm ki, var, niyə yoxdu? Neçə illərdi Tibb Universitetində dərs deyirəm. Müşahidələrim əsaslanaraq deyə bilərəm ki, bizdə qeyri-adi düşüncəli, hətta dahiliyin əlamətləri olan insanlar var. Yanıma xəstələr gəlir, onlarda dahiliyin əlamətlərini görürəm. Mən sizə belə bir sual verim. Əgər onlar üzə çıxmırlarsa bu kimin günahıdı?

- Cəmiyyətin…

- Mən bu suala cavab verə bilmirəm. İstedadlı insanlarımız var, amma onlar niyə üzə çıxmırlar?

- Psixologiya elmi bu barədə nə deyir?

- Elm deyir ki, şərait olmalıdır. Dahiləri üzə çıxarıb onlara dəstək olmaq lazımdır.

- Dahilərin şıltaqlıqlarına dözmək lazımdırmı? Balzak ömrü boyu borclulardan qaçıb. Bununla belə fransız cəmiyyətində elə adamlar olub ki, həmişə ona himayədarlıq ediblər. Şiller ömrü boyu borc içində boğulub. Molyer də… Yəni belə adamlara kömək eləmək lazımdırmı?

- Bu adamlara nə kömək olar? Mən sizə bir söz deyim. Niyə Balzak, Şiller borca düşürdü? Onların zəhmətinə düzgün qiymət verilsəydi yəqin, ora-bura qaçmazdılar. Bəzi hallarda onların şıltaqlıqları ilə oynamaq lazımdır və onları düzgün qiymətləndirmək lazımdır.

- Dahilərin xarici görkəmi necə olur? Baxımlı olurlarmı? Pinti olurlarmı? Yoxsa ekstravaqant görünmək istəyirlər?

- Müxtəlif cür olurlar. Tutalım Diogen dənizin qırağında çəlləyin içində yaşayırdı. Oskar Uayldın oriyentasiyası başqa idi. Salvador Dalini götürsək allah bilir, nə eksperimentlər edirdi, nə oyunlardan çıxırdı. Dahilərin xarici görkəmi, geyim maneraları, davranış manerası təbi ki, adi insandan fərqlənir. Çünki onlar hər şeyi başqa cür qavrayırlar. Onların nəinki geyimlərində, hətta bəzi hallarda fiziki görkəmlərində də dəyişiklik olur. Onlar cəmiyyətdə qəbul edilməyən xarici görkəmdə olurlar. Dahilər modaya tabe olmurlar. Onlar özləri modanı yarada bilərlər, amma heç vaxt modaya tabe olmazlar.

Ümumiyyətlə, dahilər heç vaxt tabe olan olmurlar. Ola bilər xaricdə kimləsə razılaşsınlar, amma daxildə heç kəslə hesablaşmırlar. Onlar tabe olan andan öz dahiliklərini itirirlər. Dahilik və tabe olmaq bir yerdə ola bilməz.

- Dahilərin hansı xüsusiyyətləri nə olur? Lambrozo deyir ki, onlar səfərə meylli olurlar və sair.

- Kolumbda dromomaniya – səyahətə meyllilik – var idi. Bir tərəfdən onun səfərə meylliliyi, digər tərəfdən o dövrün yeni torpaqlara marağı bir nöqtəyə vurdu. Nəticədə Kolumb dünya səyahətinə çıxdı, başqa torpaqları kəşf etməyə başladı. Cəmiyyətdə olan tələbat çox böyük rol oynayır.

- Dahilərin seks anlayışı barədə danışaq.

- Dahilərin çoxunun seksual tələbatı yüksək olur. Ona görə ki, dahiliyin fiziki elementlərindən biri testesteronun artmasıdır. Qadınlarda da testesteron yüksək olur. O demək deyil ki, onlar kişiyə oxşayırlar, sadəcə testesteron yüksək olur. Cinsi istək yüksək olduğuna görə libido da artır. Bunun nəticəsində dahilərdə bəzən cinsi istəyin istiqaməti dəyişə bilər. Məsələn, homoseksual, pedofiliya istiqamətləri ola bilər. Bu istiqamətlər yüksək cinsi istəkdən doğur.

- Bəs seksual sapmalar necə, olur?

- Seksual sapmalar da olur. Hətta çox rast gəlinir. Sadəcə olaraq, bunların çoxu gizli saxlanılır. Çünki cəmiyyətdə bunların hamısını qabartmaq düzgün deyil. Biz bir şeyi başa düşməliyik ki, incəsənət adamları, onların yaratdığı əsərlər, oynadıqları rollar yaşadıqları həyata uyğun olmur. Onlar çox vaxt bir şeydən yazırlar, amma tamam başqa şey yaşayırlar.

- Deməli, Füzuli haqlıymış: Aldanma ki, şair sözü əlbəttə yalandır.

- Bəli, bəli. Dahilər eşqdən, məhəbbətdən yazırlar, amma həyatlarına baxsanız, tamamilə başqa şey görərsiniz.

- Oxucu yazıçıdan qəhrəmanlıq, cəsarət gözləyir. Amma görəndə ki, o əsəri yazan adam qorxaqdır, oxucu sarsılır. Belə çıxır ki, yazıçıdan yazdığı kimi olmağı gözləmək lazım deyil…

- Əlbəttə.

- Deməli, onlar ən böyük yalançılardır.

- Deməzdim ki, ən böyük yalançılardır. Ancaq tarix göstərir ki, həqiqət belədir.

- Bu, nədən qaynaqlanır?

- Bilirsiniz, cəmiyyətdə qəhrəmanlığa, cəsarətə tələbat olur. Yazıçı da öz daxili tələbatını ödəmək üçün belə şeylər yazır. Çünki onların çoxunda özünütənqid aşağı olur. Dahilərə görə onlardan başqa bacarıqlı, bilikli adam yoxdu. Onlarda qibtə olunmaq tələbatı olur. Bununla öz balaca, eybəcər mənliklərini böyüdürlər. Hər yerdə “mən”, “mən”, “mən” deyirlər. Onların talantı, istedadı olsa da, bunu öz eqolarını təmin etmək üçün edirlər. Belə insanlar emosiyalara tez uyurlar. Misal üçün, nəsə hadisə baş verir, şair emosiyaya qapılıb şeir yazır. Hamı onun şeirindən ruhlanıb fəaliyyətə keçir, mitinqə gedir, müharibəyə yollanır. Onun isə artıq emosiyası ötüb keçib deyə gedənlərə qoşulmur, oturub arağını içir. Çünki dahilər emosiyada halında hərəkət edirlər. Dəyişkən olurlar.

- Yazarların əksəriyyətində maniakal depressiv psixoz müşahidə edilir. Virciniya Vulf, Fransuaza Saqan, Silviya Plat nümunələrində bunu görmək olar. Deyəsən, ən çox da qadın yazarlarda rast gəlinir.

- Köhnə təsnifatla buna maniakal depressiv psixoz, təzə təsnifatla isə bipolyar affektiv psixos deyilir. Xəstəliyin gedişatında bir-birinə zidd olan iki əhval-ruhiyyə yaranır. Birincisi, yüksək məhsuldar əhval-ruhiyyə, ikinci özünə qapanmış, depressiv, ümidsizlik əhval-ruhiyyəsi. Bu maniakal depressiv psixozun stiqmalarından biridir. Bayaq birini dedim, testesteronun yüksəlməsi. Bu dahilərdə daha çox rast gəlinən psixi pozuntudur.

- Bu xəstəlik yaradıcılığa təkan verir, yoxsa əksinə?

- Bu xəstəlik yaradıcılığa təkan verir. Yaradıcı adam adi vaxt hiss eləmədiyi şeyləri hiss etməyə başlayır. Bu xəstəlikdə insanın emosiyaları, təfəkkürü dəyişir. Emosiya ya güclənir, ya da aşağı düşür, təfəkkür ya sürətlənir, ya da tormozlanır, yaddaş ya güclənir, ya da zəifləyir, hərəkətlər ya çoxalır, ya da azalır.

Fransuaza Saqan əsərlərinin çoxunu depressiyada yazıb. Onun əsərlərini oxuyanda görürsən ki, öz psixi problemlərini qəhrəmanın adından çox gözəl şəkildə təsvir edib. Ya elə Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini götürək. Məcnunun əziyyətlərini oxuyanda elə bilirsən ki, müasir psixologiya kitabı əsərə köçürülüb. Yəqin ki, Nizami Gəncəvi özü bu halı yaşayıb ki, əsərdə göstərə bilib.

Həmçinin Dostoyevskinin “Qumarbaz”, “İdiot”, “Karamazov qardaşları” və başqa əsərlərində yazdığı qorxular, kabuslar onun xəstəliyindən doğub. Axı o, epilepsiya xəstəsi idi. Həmçinin Qoqol şizofreniya xəstəsi olub. “Viy” əsərində bütün hallüsinasiyalarını, qarabasmalarını göstərib. Amma yenə də Lambrozonun sözünə qüvvət deyim ki, mistika, qarabasma kimin gözünə görünürdü? Qoqolun gözünə. Çünki Qoqolun intellekti yüksək idi. Bu xəstəlik ona həyata daha başqa cür baxmağa kömək elədi. Hər qarabasma görən dahi olmur. Turgenev, Remboda da belə xüsusiyyət olub. Nə qədər desən saymaq olar, belələri çoxdur.

- Belə çıxır ki, əsəri oxuyub müəllifin, xarakterini, xüsusiyyətlərini müəyyən etmək mümkündür?

- Olur. Əlbəttə.

- Azərbaycan yazıçılarının əsərlərini oxuyanda xarakterlərini görmək olur? İstərdim bir az da bizim yazarlar haqqında danışaq.

- Təəssüf ki, Azərbaycan ədəbiyyatı ilə tanışlığım çox zəifdir.

Yazarların cəmiyyəti qıcıqlandıran mövzulara müraciəti. Bunlar nədən qaynaqlanır?

- Yazar və şairlərin çoxunda çap olunmayan, gizli saxlanılan əsərlər var. Mən Moskvada kursda olanda Puşkinin söyüşlərdən ibarət əlyazmasını görmüşdüm. Əgər Markiz De Sadın, Leopold Zaver Mazoxun əsərlərinə baxsaq, eyni şey görərik. Mən de Sadı oxuyanda artıq psixoterapiya təhsilim vardı. Yəni hazırlıqlı idim. Bəs hazırlıqlı olmayan adam oxusa, necə olar? Nə hiss keçirər? Və ya Salman Rüşdini götürək. Bu yaxınlarda iki əsərini oxudum, “Həya” və “Şeytan ayələri”. Bir tərəfdən baxıram ki, əsərdə elə bir şey yoxdu. O biri tərəfdən baxıram ki, cəmiyyət üçün çox ciddi fəsadlar yarada bilər.

- Əsərdəki fantaziyalar təxəyyül məhsulu, yoxsa yaşanmış şeylər olur?

- Bəzi hallarda yaşanmış hadisələr də olur. Bəzən fantaziya məhsulu da olur. Edqar Ponun əsərlərinin çoxu uşaqlıqda gördüyü fantaziyalardan, yuxuda gördüyü qorxulardan doğub. Ola bilər ki, insan öz xəstə fantaziyalarını əsərə köçürsün. Stiven Kinqin əsərlərini təəccüblənirsən ki, o qədər qəliz səhnələri hardan tapır?

- Bu psixi pozuntudan qaynaqlanır?

- Bəlkə də.

- Conatan Svift makropsiya, mikropsiyadan əziyyət çəkib. Onun bu xəstəliyi “Qulliverin macəraları”ında öz əksini tapıb.

- Siz gözəl bir nümunəyə toxundunuz. Makropsiya hər şeyi böyük görmək mikropsiya isə hər şeyi balaca görmək xəstəliyidir. Qəhrəman da gah Qulliver olur, gah da liliput. Bax görürsən, o öz xəstəliyindən necə bir əsər yazdı. Özü də siyasi bir əsər. “Qulliverin səyahətləri” siyasi əsərdir, amma Svift elə yazıb ki, uşaqlar da oxuyurlar.

- Sağlam adam elə əsər yaza bilməzdi?

- Sağlam adamın beyni o diapazona girməzdi. Sağlam adam uzaq başı Makiavelli kimi siyasi əsər, traktat yazardı. Bu nümunədə dahiliklə xəstəliyin görürsüzmü necə gözəl birləşməsi, nəticəsi var.

- Yaradıcı adamın faciə yaşaması, travma yaşaması onun gözəl əsərlər yaratmasına təkan verirmi?

- Lev Tolstoyun depressiv maniakal psixozu vardı. O, depressiyada olduğu üçün insanlardan qaçırdı. “Anna Karenina”nı görürük ki, olduqca depressiv əsərdir. Artur Rembo da çoxlu depressiv şeirlər yazıb.

- Dahilər cinayətə meylli olurlar?

- Onlar cəmiyyətə uyğunlaşa bilmədiklərinə görə yüngül cinayətə meylli olurlar. Leonardo Da Vinçi bütün işlərini yarımçıq qoyub ora-bura qaçırdı. Bundan başqa cavan oğlan uşağına qarşı zorakılıq etmişdi. Deməli onlarda meyllilik var. Onlar öz hisslərini həyata keçirmək uğurunda fırıldaqlıq edirlər, dələduzluq, aldatmaq yolu ilə öz istəklərini həyata keçirlər. Yoxsa başqa cür öz istəklərini qəbul etdirə bilmirlər. Çünki cəmiyyət həmişə stabillik istəyir. Cəmiyyətə inqilab lazım deyil. Bu nöqteyi-nəzərdən onlarda yüngül cinayətlərə meyllilik olur. Onlar seksual cəhətdən də cinayətə meylli olurlar.

Bundan başqa spirtli içki içməyə, narkotik maddə qəbul etməyə də meyllidirlər. Bildiyimiz kimi musiqiçilərin çoxu narkotik maddə qəbul edirlər. Bəzən spirtli içkilər, narkotiklər onların düşüncələrinin genişlənməsinə xidmət edir. Amma təhqiqatlar onu göstərir ki, əgər adamın şüurunda bir şey yoxdursa nə qədər narkotik çəkirsə çəksin, heç bir genişlənmə olmayacaq.

- Dahilər ailəyə bağlı olurlar?

- Yox. Dahi ailəyə bağlı olsa dahiliyi sönər. Ailə dahiliyə icazə vermir. Dahi olandan sonra ailə qurursa bu artıq başqa məsələdi. Dahilik həmişə mübarizə, çətinlik, narazılıq, konfliktlə üz-üzə qalmaq deməkdir. Ailə buna dözmür. Ailəyə belə ər lazım deyil. Arvada necə ər lazımdır, qazansın gətirsin. Amma dahi necədir, bu gün pulu var, hamısını xərclədi, sabah cibində bir qəpiyi də yoxdu. Bir şeyi də əlavə edim ki, dahilərin uşaqları da çox vaxtı özləri kimi olmurlar. Ruslar deyir: “Na detyax qeniy otdıxayut”. Yəni, dahilərin uşaqları dincəlir. Bəziləri ata-analarının yolu ilə getməyə can atsalar da o səviyyəyə çatmağı bacara bilmirlər. Ümumiyyətlərə dahilərin ailələrində həmişə problem olur. Çox vaxt ayrılırlar, ya gəzəyən olurlar. Ailə və dahilik ikisi bir yerdə qeyri-mümkündür.

- Dahilərdə yalnız onlara məxsus xəstəliklər var?

- Dahilərin əksəriyyəti podaqradan əziyyət çəkirlər. Ümumiyyətlə bütün podaqra xəstələrində yüksək intellektə meyllilik olur. Sidik cövhəri beyİnə aktivləşdirici təsir göstərir. Podaqrası olan adamlarda da sidik cövhərinin miqdarı qanda yüksək olduğuna görə beyninin inkişafı güclənir. Sidik cövhəri beyində müxtəlif neyrotransmitterlərin, neyrofermenlərin miqdarını artıraraq intellekt qabiliyyətini gücləndirir.

Marfan sindromu, Morrison sindromu kimi xəstəliklər də dahilərdə rast gəlinir. Avraam Linkolnda, Harribaldi də de Qolda bu xəstəliklər var idi. Xəstəliyin hormonları insanın intellektini, qeyri-standart fikirləşmə qabiliyyətini gücləndirir. Janna Dark heç qadına yox, yeniyetmə oğlana oxşayırdı. Onda qadın cinsi əlamətləri inkişaf etməmişdi. Heç bilmirlər onda aybaşı olurmuş, ya yox. Jana Darkda endokrin adlı xəstəlik vardı. Bu xəstəlik nəticəsində qadın xüsusiyyətləri kişi xüsusiyyətləri ilə əvəzlənmişdi. Onun heç fiziki gücü yox idi; balacaboy, arıq, cılız bir qız idi. Buna baxmayaraq psixi gücü kişilərdən daha yüksək idi. Bu da xəstəlik nəticəsində üzə çıxmışdı. Bəzi xəstəliklər var ki, dahi olmağa kömək edir.

- Cəmiyyətimizdə dahi ola biləcək adamların miqdarı artıb, yoxsa?

- Yəqin əvvəllər informasiya axını bu qədər bol olmadığına görə cəmiyyətdə indiqo (qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsil insanlar-red.) uşaqların mövcudluğundan xəbərsiz idik. Son vaxtlar isə onların sayı xeyli artıb. Mən şəxsən neçə dəfə indiqo uşaqlarla rastlaşmışam. Amma təəssüf ki, valideynləri onların bu xüsusiyyətlərinin inkişaf etdirilməsinə imkan verməyiblər. Onlar deyiblər ki, bizə dahi övlad lazım deyil, sağlam övlad lazımdır. Statistikalar son dövrlərdə indiqo uşaqların sayının artmasından xəbər verir. Ona görə də bu yaxınlarda dahilərin indiqo formasında partlayışını görəcəyik. Biz buna hazır olmalıyıq.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat