Azərbaycanın baş psixiatrı, Psixi Sağlamlıq üzrə Milli Koordinator Gəray Gəraybəylinin müsahibəsi
Hələ müsahibəyə başlamamış, Gəray müəllim sahəsinə aid həssas bir məsələdən söhbət açdı. İnsanların psixi durumun ağırlığından söz düşdü, baş psixiatr əksəriyyətin bunu əvvəlki dövrlə, yəni sovet dövrü ilə müqayisə eləməsinə narazılığını bildirdi.
Xatırlatdı ki, SSRİ dövründə hər bir sahədəki inkişafı həmişə 1913-cü illə müqayisə edirdilər. Deyirdilər ki, filan sahədə uğurumuz 1913-cü illə müqayisədə filan qədər artıb: “O zaman məndə belə bir sual yaranırdı ki, axı Sovet dövrü 1917-ci ildən başlayıb, ona görə də bütün müqayisələr niyə bu dövrlə deyil, məhz 1913-cü il ilə aparılır? Araşdırarkən məlum oldu ki, sən demə, kommunistlərin özlərinə sinfi düşmən bildiyi çar imperiyası dövründə ən ağır dövr, bütün sahələrdə göstəricilərin ən aşağı olduğu dövr məhz 1913-cü il olub… Deməli, müqayisə üçün ən münasib dövr 1913-cü il olub…
Yaxşı, bəs indi niyə sovet dövrü ilə müqayisə edirik?! Artıq Azərbaycan 20 ildir müstəqildir və tarix üçün qısa bir müddət olsa da yerləşdiyimiz bölgədə baş verən hadisələrin ardıcıllığına nəzər salsaq, kifayət qədər yetərli müddətdir. Eyni zamanda, psixi sağlamlıq uğrunda mübarizə üçün də…”
- O zaman Azərbaycanda bu sahədə indiki durumu necə qiymətləndirmək olar?
- Bilirsiniz, hazırda psixi sağlamlıq sahəsində olan problemlər bütün dünyada – istər ABŞ-da, istə Avropa ölkələrində, istərsə də Asiyanın inkişaf etmiş ölkələrində – aktualdır. Bu gün Azərbaycan da daxil olmaqla, dünya əhalisinin hər 4 nəfərdən birində müxtəlif dərəcədə psixi pozuntu var. Bu o demək deyil ki, söhbət şizofreniyadan gedir, burada söhbət əsasən depressiyadan, yuxusuzluq, iştaha pozuntusu, stress və sair bu kimi hallardan gedir. O ki qaldı bu cür insanlara yardım məsələsinə, son 1 ildə təkcə Azərbaycanda psixiatriya sahəsində keçirilən islahatlar heç son 30 ildə olmayıb. Birincisi, Milli Strategiya qəbul olunub. İkincisi, 2001-ci ildə bu məsələ ilə bağlı qəbul olunmuş qanuna çox müasir formada, ilkin psixiatriya yardımına təkan verən dəyişikliklər edildi. Daha sonra son bir ildəki fəaliyyət nəticəsində əhaliyə psixiatriya yardımını yaxşılaşdırmaq üçün 19 nəfər həkim Bakının müxtəlif rayonlarındakı poliklinikalara göndərilib. Baxmayaraq ki, ötən ilə qədər bu ancaq bir yerdə – paytaxtın Montin qəsəbəsindəki dispanserdə həyata keçirilirdi. İndi əvvəllər “mən dəlixanaya gedən deyiləm” deyib çəkinən xəstələr, digər əzalardan xəstə olanlar kimi normal öz poliklinikalarına gedə bilirlər. Hazırda elə poliklinikalar var ki, hər gün orada psixiatra 20-30 nəfər müraciət edir. Mən hər gün o poliklinikalarla əlaqə saxlayıram.
- Yəni artıq Azərbaycanda insanlar düşdükləri psixi durumu dərk eləməyə başlayıblar…
- Tam deməzdim. Çünki çox təəssüf, hələ də ağır formada olan psixi xəstələrin müalicə olunması ilə bağlı ciddi tədbirlərin görülməsi üçün vətəndaşlar psixiatrlara yardımçı olmurlar. Məsələn, bu gün bizim psixi xəstəxanalar içində ən böyük müəssisəmiz Maştağadakı xəstəxanadır. Biz ən ağır formada olan insanları orada normal həyata qaytara bilirik. Təbii ki, hər bir sahədə olduğu kimi psixi xəstəliyə yardımda da insanlar həkimlərə bir növ yardımçı olmalıdırlar, ancaq təəssüf ki, hələ də bizim insanların düşüncəsində Maştağa xəstəxanası mənfi terminologiya kimi qalıb. Hansı ağır xəstəyə Maştağadakı müalicə müəssisəsini məsləhət görürüksə, istər xəstə, istərsə də sahibi dərhal cavab verir ki, “yox! Nə danışırsınız?! Hara istəyirsiniz göndərin, bircə Maştağaya yox!” Amma nəzərə almırlar ki, onlar üçün ən asan və ən keyfiyyətli müalicə məhz orada aparılır. Bax bu da göstərir ki, insanlar arasında bu xəstəliyin azalması üçün onların ya özlərinin, ya da sahiblərinin məsələyə yanaşma tərzində dəyişiklik olmalıdır.
- Bəs müasir dövrdə bu xəstəliyin ilk və əsas səbəbləri nədir?
- Əsas səbəblər eynidir… İnformasiyanın çoxalması, bunun qarşılığında aciz qalan insanlarda stress çoxluğu, bunlardan doğan sosial kataklizmlər, təbii fəlakətlər, iqtisadi böhranlar və sair… bütün bunlar hamısı insanın psixikası üçün ağır zərbədir. Kimsə buna dözür, kimsə də dözmür…
Onu da qeyd edim ki, nə Azərbaycanda, nə də digər ölkələrdə son illər ağır psixi xəstəliklərin sayı artmır. Əsas artan nevroz, depressiya, yuxu pozuntuları, şəxslərarası münaqişə zəminində yaranan stresslərdir ki, bizdə buna sərhəd pozuntuları deyilir.
Məsələn, belə bir nəticə əldə olunub ki, 2020-ci il üçün depressiya insanların əlillik səbəblərindən birincisi olacaq. Yəni əlilliyə gətirib çıxaracaq xəstəliklərin birincisi depressiya olacaq.
Azərbaycan bu gün bütün sahələrdə dünyaya inteqrasiya edən ölkə olduğu üçün dünyada baş verənlər də bizdən yan keçmir. Gözlənilməz informasiyalar, iqtisadi dəyişikliklər, sosial gərginlik, bunların nəticələri inteqrasiyadan bizə düşən payın tərkib hissəsidir….
Bilirsiniz, biz indiyə qədər indi nəsə götürdüyümüz ölkələrdən tamam fərqli quruluşda yaşamışıq. Məsələn, sovet vaxtı belə bir qayda vardı – konkret olaraq iş vaxtı ancaq saat 6-ya kimi idi, ondan sonra qonaq getmək, istirahət və sair başlayırdı. Amma indi belə deyil. İndi əksər yerlər var ki, iş vaxtı qrafikdə 6-ya kimi olsa da insan axşam saat 8-ə, bəzən 10-a kimi işləyir. Bu, bizə yeni yaşamağa başladığımız kapitalist dünyasının verdiyi qaydadır. Təbii ki, bu da insan səhhətində ikiqat yorğunluq, gərginlikdir. Əlavə olaraq nəzərə alsaq ki, bu səbəbdən də uzun müddət qohumlarla, yaxınlarla əlaqə saxlaya bilmirsən və sair, bunun özü də əlavə olaraq sosial gərginlik yaradır…
İnsanlar həyat fəaliyyətinin inkişafı qarşısında daha mübariz olmalıdırlar…
- Deməli, insan səhhəti inkişaf qarşısında bu qədər acizdir…
- Güclü olduğu qədər…
- Necə yəni?
- Bu gün psixi aləmdə əngələ çevrilən əsas amillərdən biri internet və mobil telefondur. Baxmayaraq ki, bunu da güclü insan zəkası yaradıb. İnternet və mobil telefon indi bizim həyatımızın elə bir tərkib hissəsinə çevrilib ki, sanki bir oksigendir, biz həyatımızı onlarsız təsəvvür edə bilmirik… Bu, xüsusən də gənclər arasında kütləvi pozuntu üçün zəmin deməkdir… Demək istədiyim odur ki, müasir dünyada insanın psixi dünyası onun fəaliyyətinin ciddi nəticələrini yaşayır.
- Təklifiniz nədir?
- İlk növbədə, əgər müsbət nəticə əldə eləmək istəyiriksə, buna xəstəlik kimi yox, pozuntu kimi yanaşmaq lazımdır. Məsələn, mənim yanıma bir çox cavanlar gəlir, internetdən ayrıla bilməməklərindən şikayət edirlər. Yəni mütəmadi olaraq axşamdan səhər açıqlana qədər internetdədirlər və ən azı normal yuxudan məhrum olublar. Bu da ciddi psixi pozuntudur.
Təklifim odur ki, hər şeydə müəyyən sərhədlər müəyyənləşdirilməlidir. İstər işləməkdə, istər fiziki aktivlikdə, istər mobil telefon və kompüterdən istifadədə və sair. Əks halda, bunun tibbi zərərindən çox mənəvi zərərləri də var ki, bu da nəticədə kütləvi psixi pozuntuya gətirib çıxarır. Məsələn, mütəmadi olaraq insanların sadaladığım bu vasitələrlə ünsiyyətdə olması onları bir-birindən uzaqlaşdırır. İnsanlar yadlaşır. Mən hərdən öz tələbələrim arasında olan dialoqlara qulaq asıram, kifayət qədər məhduddur. İnsanlar artıq erkən dövrdən canlı münasibət, əlaqə və danışıq tərzlərini itirməyə başlayırlar.
Bu gün əksəriyyət gəncləri yoxlasan, telefonla istədiyin sürətdə, istədiyin formada sms yazsın, amma üz-üzə durub kiminləsə normal danışması, dialoq qurması problemə çevrilib. Gənclərdə ritorik qabiliyyət itib.
Digər tərəfdən, bizim azərbaycanlı olaraq malik olduğumuz bəzi xüsusiyyətlər bu bəladan xilas olmağımıza yardımçı ola bilər. Məsələn, bizim xalqa məxsus olan səbr, insanların bir-birinə köməyi və sair. Psixi xəstəliklə mübarizədə bu keyfiyyətlər vacib şərtdir…
İnsan üzləşdiyi problemin qarşısında tək olmadığını hiss edəndə, onun üçün o problemi yaşamaq və ondan azad olmaq çox asan olur…
- Azərbaycanda nə qədər psixi xəstə var?
- Bu gün Azərbaycanda qeydiyyatda olan 124 min psixi xəstə var. Bunlar dinamik dispanser qeydiyyatında olanlardır. Təbii ki, bundan başqa neçə nəfər qeydiyyatda deyil, neçə nəfər özəl klinikalara gəlir və sair.
- Ümidsiz xəstələr daha çoxdur, yoxsa müalicə oluna bilənlər?
- Bizim dildə buna xroniki (müalicə oluna biləcək) və şizofreniya (müalicəsinə ümid az olanlar) xəstələri deyilir. Bizdə daha çox birinci qrupa daxil olan xəstələr üstünlük təşkil edir. Şizofreniya isə elə 1 faiz olaraq qalır.
- Bəs psixi xəstəliklərlə mübarizə aparacaq həkimlər, mütəxəssislər ilə bağlı vəziyyət necədir? Yetərli hesab eləmək olar?
- Bu gün Azərbaycanda psixiatrların sayı yetərli deyil, çatmır. Cəmi ölkə üzrə 300-350 nəfər psixiatrımız var. Səbəb də budur ki, indi psixiatriyaya nadir insanlar meyl edir. Tələbələr cərrahiyyəyə, kardiologiyaya, ginekologiyaya və sair bu kimi sahələrə üstünlük verirlər. Çünki psixiatriya ağır sahədir.
Bilirsiniz, bu gün Azərbaycanda kardioloq, terapevt, ginekoloq, cərrah, stomatoloq, ümumiyyətlə, psixiatriyadan başqa tibbin digər bütün sahələrinin mütəxəssisləri məclislərdə, ictimai yerlərdə təşəkkür, daim minnətdarlıq, alqış və sair görür. Amma psixiatr bundan məhrumdur. Çünki onun müalicə edib həyata qaytardığı adam belə istəmir cəmiyyətdə nə vaxtsa psixi xəstə olmasını və hansısa psixiatrın ona kömək göstərməsini etiraf etsin.
Bundan başqa, psixiatr, digər həmkarlarından fərqli olaraq, daim xəstələri tərəfindən aqressiya ilə, təhqirlə və sair ağır hallarla qarşılaşır. Çünki bizim xəstələrin mahiyyəti belədir.
Vaxtilə sovet dövründə belə bir gözə çarpan fərq vardı: psixiatrın maaşı digər həkimlərin maaşından üstün olması ilə fərqlənirdi. İndi də var, amma o vaxtkı kimi cəlbedici deyil.
Bu gün Azərbaycanın elə rayonları var ki, ehtiyac olduğu təqdirdə orada psixiatrlar yoxdur…
- Bu il Azərbaycanda psixiatriya sahəsində də müsbət hadisə baş verdi. Belə ki, “Psixiatriya yardımı haqqında” qanunda xeyli dəyişikliklər oldu. Bu dəyişikliklərdən nələr gözləyirsiniz?
- Orada əsas 4 istiqamət var. Birincisi, qanunda bir çox anlayışlar dəyişdirildi. Yəni, məsələn, köhnə versiyada “məlumatlandırılmış”, “razılıq” anlayışları yox idi. Bundan başqa, könüllü və məcburi müalicə arasında fərq qoyulmamışdı.
İkincisi, vacib faktorlardan birinə toxunulub ki, burada artıq ilkin səhiyyə sistemində işləyən həkimlərə də yüngül psixi pozuntuların müalicəsində iştirak eləməyə icazə verilir. Bu da ona gətirib çıxaracaq ki, xəstəliklər ilkin mərhələdə aşkar olunacaq, ucqar rayonlarda psixi xəstələr müalicə oluna biləcək. Bu, psixi xəstəliklərlə mübarizədə inqilabi hadisədir. Artıq xəstələr ilkin mərhələdə müalicə oluna biləcəklər, ağır formalara keçmənin qarşısı alınacaq. Bununla da psixiatrik xəstəxanalardan çəkinən insanlar, poliklinikalarda yardım ala biləcəklər.
Üçüncüsü, burada xəstələrin hüquqlarına da geniş toxunulub. Psixi xəstələrə aid olan məlumat gizli hesab olunur. Yəni onun xəstəliyi haqqında məlumat onun və ya sahibinin razılığı ilə verilə bilər.
Dördüncüsü, xəstələrin qeyri-könüllü stasionarlaşması haqqında məsələyə dəyişiklik edildi. Əvvəlki versiyada xəstəxanaya daxil olan qeyri-könüllü xəstə yalnız məhkəmələrin qərarı ilə gəlirdi və məhkəmə qərarı ilə də gedirdi. İndi artıq bu qayda xeyli yüngülləşib, daha məhkəmənin qərarı yalnız xəstəxanaya daxil olmaq üçün lazımdır, çıxarmaq üçün lazım deyil. Xəstəxanadan çıxarmaq artıq həkimlərin gəldiyi nəticədən asılı olacaq.
Ümumiyyətlə, qanunda bu və ya digər proqressiv dəyişikliklər çoxdur.
Psixiatriya elə sahədir ki, burada hər il dəyişikliklər olmalıdır. Məsələn, iki ildən sonra yeni dəyişikliklər lazım olacaq. Çünki psixiatriya birbaşa cəmiyyətin həyatı ilə bağlıdır, cəmiyyət isə dayanmadan dəyişir…
P.S. Sonda söhbət əsnasında Gəray müəllimin jurnalistlərə də tövsiyəsi oldu: “Mümkün qədər kompüterdən az istifadə edin və… evə tez gedin, vaxtında, heç olmasa 8 saat yatın…”
lent.az