Cəmiyyətimizdə interpersonal əlaqələr pozulduqca depressiyaların sayı artır

Cəmiyyətimizdə interpersonal əlaqələr pozulduqca depressiyaların sayı artır


Hörmətli oxucular, Respublikanın baş psixiatrı, ATU-nun Psixiatriya Kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli ilə ölkəmizdə əhalinin psixoloji durumu və psixiatriya müalicəsinə yanaşmaların bəzi məqamlarını əhatə edən müsahibəni nəzərinizə çatdırırıq.

-Gəray müəllim, ölkəmizdə psixiatriyaya və psixi sağlamlığa əhalinin yanaşmasına necə münasibət bəsləyirsiniz?

-İlk növbədə mən onu vurğulamaq istərdim ki, son illərdə bütün dünyada psixiatriyaya aid olan xəstəliklər yox, əhalinin psixi sağlamlığı vacib əhəmiyyət kəsb edir və getdikcə aktuallaşır. Buna həm ÜST-nın məlumatlarında, həm də xaricdə elmi konfranslarda olarkən diqqət yetirmişəm. İnkişaf etmiş ölkələrdə son 5-6 ildə psixi sağlamlıq mövzusuna geniş yer verilir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bir şüar irəli sürüb: “Psixi sağlamlığı olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz”. Halbuki insanlar daha çox fiziki sağlamlığa diqqət yetirir. Əlbətdə ki, fiziki sağlamlığa can atmaq müsbət haldır.Mən bunu yüksək qiymətləndirirəm və dəstəkləyirəm. Bununla belə psixi sağlamlıq kölgədə qalmamalıdır.Məhz psixi sağlamlıq durumunda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istər sə də dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Psixi sağlamlıq dedikdə çoxlarının təsəvvüründə canlandırdığı sırf psixiatrik xəstəliklər nəzərdə tutulmur. 2 il öncə 10 oktyabr – “Ümümdünya psixi sağlamlıq” günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanda biz əhali arasında sorğu keçirdik. Suallara “Psixi sağlamlıq nədir?” sualını da təbii ki, daxil etmişdik. Bir çoxları sorğunu keçirənlərə az qala aqressiya ilə yanaşaraq deyirdilər ki, mən dəli deyiləm.Yəni çox təəssüflər olsun ki, psixi sağlamlıq anlayışı çox vaxt dəliliklə və buna bənzər anlayışlarla əlaqələndirilir. Xalq arasında bu barədə yanlış təsəvvürlər var. İnsanın psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji dürümü, emisional vəziyyəti, əhval ruhiyyəsi, intelektual potensialı hamısı psixi sağlamlıq deməkdir.Yeri gəlmişkən mən qeyd edim ki, Səhiyyə Nazirliyinin bilavasitə tapşırığı və ÜST-ün köməyilə “Milli Psixi Sağlamlıq Strategiyasının” layihəsini hazırlamışıq. Layihənin Səhiyyə nazirliyi tərəfindən imzalanmasını gözləyirik. Bu sənəddə bir çox istiqamətlər, o cümlədən  gənclərin psixi sağlamlığı, psixo profilaktika və sair vacib məqamlar öz əksini tapıb. Burda 10 illik fəalliyyət planı da daxil edilib. İlk növbədə psixi sağlamlığın vacibliyini insanlara çatdırmaq istəyirik. Özü də psixi sağlamlıqla təkcə psixiatriya xəstəxanalarında deyil, daha çox alternativ müəssisələrdə aparmağın əhəmiyyəti irəli sürülür. Bilirsiniz ki, insanların psixiatriyaya münasibəti təbabətin digər qollarına nisbətən fərqli olub.Yəni heç kim psixiatrının adını fəxrlə açıqlamır. Mərasimlərdə, ad günlərində, toylarda kimsə öz psixiatrının şərəfinə badə qaldırmır. Adətən bizə bir hal çox tanışdır. Hansısa cərrahın, kardioloqun, revmatoloqun və s. həkimlərin haqqında ağız dolusu danışıblar. “Bu həkim məni əməliyyat edib, bu adam məni ayağa qaldırıb” kimi sözlər deyilir. Amma psixi yardım alıb sağalan adamlar psixiatr haqda danışmaqdan çəkinirlər ki, birdən ictimai qınağa rast gələrlər. Ona görə ki, psixiatriya sırf tibbi ixtisaslardan fərqlidir. Psixiatriya sosiologiya, hüquqşşunaslıqla, sosial müdafiə sahələri, ailə məsələləri ilə bağlıdır. İnsanlar psixiatriyadan bir qədər qorxurlar.Yəni adamlar ləkələnmədən qorxurlar. Düzdür psixiatriyadan savayı stiqmatizasiyanı (Ləkələnmə qorxusu) QİÇS infeksiyasına yoluxanlar, Narloloji və Vərəm dispanserində qeydiyyatda olanlar da hiss edir. Ancaq ən çox stiqmatizasiyaya məruz qalanlar psixi xəstələrdir.Yəni görürsən ki, kimsə psixiatriya xəstəxanasında yatıbsa, nişanlısı üzüyü qaytarıb onunla evlənməkdən imtina edir.Və yaxud qonşular ondan uzaqlaşırlar. İşdən həmin adamı azad edirlər. Kardiologiya, cərrahiyyə və digər şöbələrdə yatanların başına heç vaxt belə hadisələrlə rastlaşmır.Təəssüf ki, cəmiyyətdə psixi xəstələrə fərqli münasibət var. Mən istərdim ki, psixi xəstələrin hüquqları məsələsini vurğulayaq. Belələri hər bir dözvlətin tam hüquqlu vətəndaşlarıdır. Çox vaxt psixi xəstələrin hüquqları yaxınları tərəfindən əlindən alınır. Ətrafdakılar üçün problem yaratmasalar da aylarla xəstəxanada qalmağa məcbur edilirlər.

-Professor, hazırda ən çox aktuallıq kəsb edən psixixiatrik xəstəliklər hansılardır?

-Son vaxtlarda artan xəstəliklər ilk növbədə depressiyalardır, həyəcan, təşviş xarakterli nevrozlardır. Stressdən, xüsusən travmalardan, adaptasiya pozuntuları təbii fəlakətlərə məruz qalmalar, ailədaxili münaqişələr, bədbəxt hadisələrdən, həyatın digər zərbələrindən sonra yaranan psixi pozuntulalardır. Post travmatik stress pozuntuların müxtəlifliyi çox böyükdür. O ki qaldı şizofreniya, epilepsiya və s. klassik psixi xəstəliklərə onların faizi o qədər də artmayıb. Bunlar adətən 1-3 faiz təşkil edib.

-Deyə bilərsinizmi, Azərbaycanda psixi xəstələr ən çox hansı regiondan çıxır?

-Psixi xəstəliklərlə bağlı bağlı epidemioloji tədqiqatlar bu günə qədər aparılmayıb. Belə bir statistika mənə məlum deyil. Hələlik biz intihar haqqında epidemioloji tədqiqat aparaq.

-Gəray müəllim, qərb ölkələrində insanlar psixoloji narahatlıq keçirəndə və yaxud sadəcə ürəyini boşaltmaq, sirrini demək məqsədilə psixiatrın, kilsədə keşişinin yanına gedirlər. Bizdə belə şey yoxdur. Bəs bu təlabatı insanlar nə ilə ödəmək olar?

-Mən deməzdim ki, qərb ölkələrində insanların psixoloji durumu və müalicə təlabatı bizdən yaxşıdır. Əksinə intihar halları müsəlman ölkələrində, o cümlədən Azərbaycanda həmişə sevindirici haldır ki, az olub. Qərbdəki adını çəkdiyiniz psixoloji yardımlar Azərbaycanda olmasa da, bizdə çox böyük qohumluq əlaqələri olub.Yəni bir-birinə qarşı istiqanlılıq, ünsiyyət, bir-birinin dərdinə və sevincinə şərik çıxmaq elə əslində ən gözəl psixoterapiyadır. Dediyiniz ölkələrin əhalisi özlərinə qapalı insanlardır. Onlar işdən evə, evdən işə gedirlər. Həyat darıxdırıcı olur çox vaxt. Ancaq azərbaycanda kimin problemi olsa qohumlar, dostlar tökülüşüb dəstək olurlar, dərdini bölüşürlər. Elə hansısa qohumun evinə gedib 1 stəkan çay içib dərdini, ürəyini boşaltmaq özü psixoterapevtik seansdır. Pribaltika, Qərbi Avropa ölkələrinə köçən həmvətənlərimizlə söhbət edəndə onlar iqtisadi-sosial vəziyyətdən razılıq etsələr də mənəvi-psixoloji sıxıntı keçirdiklərini də deyirlər. Deyirlər ki, özlərini orda tənha hiss edirlər. Emosional münasibət yoxdur. Bizdə xaricdəki keşişlərin, psixoloqların rolunu qohumluq, dostluq  əlaqələri əvəz edirdi. Təəssüf ki, müasir elmi-texniki tərəqqi, kompüterləşmə və sair faktorlar bizə müsbətilə yanaşı mənfi təsirini göstərir. Belə ki, getdikcə qapalılaşır. Kimdən soruşursan o öz qohumlarını toyda-yasda gördüyünü deyir. İnsanlar ola bilsin maddi qazanca, sosial problemlərə daha çox vaxt ayırırlar. Qohumlarla, köhnə dostlarla ünsiyyətə vaxt tapmırlar. Axır vaxtlar yuxarıda söylədiyim dərin köklər, ənənələr getdikcə itməyə başlayır. Belə olanda isə depressiyalar artır, psixoloji vəziyyət gərginləşir. Biz gərək bu ənənələri, öz dəyərlərimizi  qoruyaq. Qohumun, qonşunun dərdinə biganə qalmamalıyıq.

-Yeri gəlmişkən, doktor, psixoloji problemlər zamanı söhbət terapiyasının rolunu necə qiymətləndirirsiniz?

-Çox yüksək qiymətləndirirəm. Bununla əlaqədər son günlər mən həmmüəlliflərlə birgə dərs vəsaiti yazmışam. İnterpersonal psixoterapiya barədə olan bu kitabda yazılan metodikalar məhz depressiyaların müalicəsində istifadə olunur. Bildiyiniz kimi depressiyaların müxtəlif kliniki formaları var. Ancaq böyük əksəriyyətinin çarəsi kombinə olunmuş müalicədir. Psixiatrın müalicəsi təkcə dərmanla aparılmır. Onun psixoloji dəstəyi olmazsa, dərmanlarla xəstə heç vaxt sağala bilməz. Bəzən xəstələr deyir ki, doktor mənə dərman yazmayın. Mən ancaq seansa gəlmək istəyirəm. Onlara izah edirik ki, xəstənin durumuna görə müalicə taktikası dəyişir. Əgər kiməsə dərman yazılmalıdırsa, yazılır. Ancaq bir çox hallarda, xüsusən yüngül formalı depressiyalarda, nevrozların bir çox formalarında dərmansız psixoterapevtik yollarla müalicə etmək olar. Depressiyaların yaranmasına səbəb olan ən önəmli faktorlardan biri də insanın digər şəxslərsə ünsiyyətinin, interpersonal əlaqələrin pozulmasıdır. Psixoterapiyanın özünün də bir çox növləri var. Dərin depressiyalarda söhbət terapiyası ilə yanaşı dərman da lazımdır.

-Fikir vermisinizsə cəmiyyətimizdə atalar və oğullar problemi həmişəki kimi yenə də hökm sürür. Xüsusən yeniyetməlik dövründə psixoemosional durumlarda valideynlər dözə bilmir. Onlara müvafiq psixoloji dəstək verə bilmirlər…..

-İnsanın psixologiyasında yaş dövrü ilə bağlı olan 2 böhranlı dövr var. Onların birincisi yeniyetməlik çağında, digəri qocalıqda olur. Məhz bu yaş dövrlərində müxtəlif psixi pozuntular, xəstəliklərin peyda olmasına rast gəlinir. Bu yaşda olan insanlara çox diqqətlə yanaşmaq lazımdır. Çox vaxt mənim yanıma 1-20 yaşlarında yeniyetmələri, gəncləri gətirirlər və deyirlər ki, bu uşağı xəstəxanaya qoymaq lazımdır. Çox dözülməz uşaq olub. Mən həmin uşaqla söhbət edəndə isə görürəm ki, bu xəstəlik deyil xasiyyətin formalaşmasında bir böhrandır. Sovet dövründə yeniyetmələrin məktəbdən sonrakı  asudə vaxt mərkəzləri, dərnklər, pioner, komsomol təşkilatları vardı. Yeniyetmələrə hansısa bir istiqamət verilirdi. Mən demirəm ki, ideal cəmiyyət idi. Sadəcə o dövrdə yeniyetmələr evdə də, məktəbdə də, dərsdən sonra da eyni tərbiyəni alırdılar. İndi isə tərbiyədə, yeniyetmələrin örnək göterəcəyi şeylərdə rəngarənglik var. Seçim çoxdur.Bu seçimlər də həmişə yaxşı deyil. Yəni yeniyetməyə evdə ata-anası bir cür tərbiyə edir, internet başqa şey təklif edir, televizorda fərqli şeylər göstərirlər. Dəhşət filmləri və erotikalar ona başqa şey təqdim edir. Bu da formalaşma mərhələsində olan xasiyyət üçün çox çətindir. Cəlbedici şeylərdən boyun qaçırdıb düzgün yolla getmək böhran yaradır. Davranış pozuntusuna, nevrotik pozuntulara səbəb olur. Onların davranışını yaxınları qeyri-adi sayır. Xəstəliyə oxşadır. Əslində bu xəstəlik deyil. Psixostress faktorların təsirinə məruz qalırlar. Bunların heç də hamısı psixiatriyalıq deyil. Əksər halda psixoloji məsələdir. Belə gənclərə dərman yox düzgün söhbət fayda verər.

 

Müsahibə www. saglamxeber.com saytına əsaslanaraq hazırlanmışdır. Müsahibəni aldı: Ramil Nəcəfli.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat