Harada insan varsa, orada psixologiya var.

www.pcc.azHarada insan varsa, orada psixologiya var.

“DÜŞÜNCƏ” jurnalının bu sayının qonağı AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssis, professor Bəxtiyar Əliyevdir.

B.Əliyev 1961-ci il martın 20-də Ağdamın Papravənd kəndində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib (1983). Psixologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1983-1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışıb. 1997-ci ildən Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiridir. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var.

- Bəxtiyar müəllim, necə oldu ki, psixologiyaya gəldiniz? Ümumiyyətlə, yeniyetməlik dövründə gələcəyə baxanda bugünkü günü necə təsəvvür edirdiniz?

- Orta məktəbdə oxuyanda mən psixoloq olacağımı düşünmürdüm. Psixologiya haqqında geniş bilgim də yox idi. 70-ci illərdə belə bir bilginin olması da mümkün deyildi. Çünki həmin dövrlər psixologiya elmi sıxışdırılırdı. Psixologiya barədə heç düşünən də yox idi. Mən yeniyetməlik dövründə şərqşünas olmaq istəyirdim. Şərq mədəniyyəti mənə çox maraqlı gəlirdi. Mən Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə hazırlaşırdım. Amma ora sənəd vermək üçün Mərkəzi Komitədən hər hansı bir sənədin tələb olunduğunu bilmirdim.Tale də elə gətirdi ki, mən orta məktəbi bitirib Moskvaya getdim. Lakin mənim sənədlərim arasında müəyyən sənəd olmadığından  qəbul etmədilər və mənə bu fakültədən başqa istədiyim digər fakültələrə sənədlərimi qəbul edə biləcəklərini təklif etdilər. Hətta, o vaxt Moskva Dövlət Universitetində böyük nüfuza malik olan insan, görkəmli alimimiz Əziz Şərif mənimlə söhbətdən sonra mənə sənədlərimi filologiya fakültəsinə verməyimi məsləhət gördü və mənə dedi ki, “Sən çox gözəl filoloq olarsan. Mən də sənə kömək edəcəyəm”. Əlbətdə, bu söz mənim qəlbimə toxundu. Çünki, mənim kğməyə ehtiyacım yox idi. Mənə bir şeyə görə köməyə ehtiyac var idi. O da sənədlərimin qəbul olması idi. Bu hadisələrdən sonra, mən MDU-nun abituriyentlər üçün nəzərdə tutulan xüsusi kitabçalarını oxudum.  Kitabçada fakültələr, ixtisaslar, hansı fənlərdən imtahan veriləcəyi barədə məlumatlar verilmişdi. Bu kitabçada ilk dəfə psixologiya haqqında oxudum. Oxuyanda mən özüm üçün kəşf etdim ki, istədiyim əslində şərqşünaslıq deyil, psixologiyadır. Və mən MDU-nun psixologiya fakültəsinə qəbul olmağı qərara aldım və qəbul oldum da. Mən bu gün də çox şadam ki, belə bir hadisə baş verdi. Ola bilsin ki, mən şərqşünaslığa daxil olsaydım, sonradan psixologiya fakültəsinə qəbul olmağı düşünəcəkdim. Ümumiyyətlə, psixologiya bütün elmlərin mərkəzindədir. Harada insan varsa, orada psixologiya var.

 - AMEA-nın müxbir üzvü, psixologiya və sosial fəlsəfə sahəsində tanınmış mütəxəssis kimi Azərbaycanda praktik psixologiya ilə bağlı bizim görmədiyimiz hansı məqamlar var ki, onların inkişafını vacib sayırsınız? Bugün praktik psixologiyanın inkişafı qənaətbəxşdirmi?

-         Akademik səviyyədə praktik psixologiya ilə bağlı ciddi problemlər yoxdur. Sadəcə kadr çatışmazlığı problemi var ki, bu da təbiidir. Belə ki, ölkə kadrların hazırlanmasına yeni başlayıb və bu məsələ öz həllini tapacaq. Praktik psixologiyanın tədbiqi tərəfi ilə bağlı isə vəziyyət heç də ürək açan deyil. Yəni ki, bunun  tədbiqinə tələbat varmı? İstək varmı? Tələbat da var, istək də. Amma bu istək kimin tərəfindəndir? Bax bu vacibdir. Yəni ki, o yerdə ki, bu tədbiq olunmalıdır, orada istək varmı? Azərbaycanda psixologiya elmi nəinki akademik səviyyədə, eyni zamanda praktik istiqamətdə çox geniş inkişaf edir və bu inkişafı görməmək mümkün deyil. Bu gün əgər bütün orta məktəblərdə praktik psixoloq ştatı varsa, orada psixoloqlar çalışırlarsa, bu müsbət haldır. Lakin bəzi rayonlarda psixoloq ştatı olsa belə, orada psixoloqlar işləmirlərsə, bu həll olunmalı bir məsələdir. Əgər bu günləri beş minə yaxın məktəbimiz varsa və orada beş min bizim psixoloqumuz yoxdursa, deməli psixoloq kadrları hazırlanmalıdır. Bununla bağlı ali məktəblərdə hazırlıq gedir, kurslar təşkil olunur. İlkin mərhələ üçün bunlar normaldır. Belə ki, uzun illər sovet dövründə qadağan olunmuş psixologiya gizli şəkildə tədbiq olunub. Ona görə də bu gün respublikamızda psixologiya elmi inkişaf etmir desək, çox böyük bir səhvə yol verərik. Bu sahədə böyük işlər görülür.

-www.pcc.az Hansı sahələrdə psixoloji biliklərin tədbiqinə ehtiyac var?

- Müxtəlif sahələrdə psixoloji biliklərin tədbiqi zəruridir. Misal üçün, hüquq, iqtisadiyyat, tibb və s. Tibbi praktikada buna böyük ehtiyac var. Amma bu gün Azərbaycanda psixoloqlar tibbə öz töhvəsini verirmi? Bizim ölkədə belə kadrlar varmı? Onlar tibbə və digər sahələrə nə verə bilərlər? Bu baxımdan sizin psixologiya mərkəzinin işi təqdirəlayiqdir. Elə ən sadə və mürəkkəb məsələ uşaqlar və valideynlər üçün keçirdiyiniz konsultasiyalardır. 

Bu gün, əgər yeni təhsil qanunu ilə beş yaşlı uşaqlar məktəbə hazırlanmalıdırlarsa da, bunu tədbiq etmək üçün hazırlıq bazasının maddi, texniki tərəfi yoxdur. Yəni uşaqların məktəbə hazırlaşması üçün xüsusi baxçalar yoxdur. Bu problem, xüsusilə də regionlarda daha qabarıq nəzərə çarpır. Bakıda isə bu vəziyyət nisbətən yaxşıdır. Amma ucqar yerlərdə bu çox acınacaqlı vəziyyətdədir. Demək, ümid qalır kimə? Valideynlərə. Valideynlər isə uşağın psixalogiyasını, yaşına uyğun xüsusiyyətlərini və onu məktəbə necə hazırlaşdırmalı olduğunu bilmir. Bu səbəbdən də psixoloqların köməyinə böyük ehtiyac var. Psixoloqlar bununla bağlı valideynləri, eləcə də müəllimləri maarifləndirməlidirlər. Bu səpkidə sırf psixoloji verilişlər də təşkil etmək olar. Bunu pedaqoq, sosioloq, iqtisadçı və həkimlərlə birlikdə həyata keçirtmək olar.

- Bu gün cəmiyyətdə “Psixoloji Xidmət Haqqında” qanunun qəbul edilməsinə ehtiyac varmı?

- Psixologiya ilə bağlı qanunlar bu gün çox zəif işləyir. Misal üçün, Kür daşqınları və yaxud Zaqatala bölgəsindəki zəlzələ nəticəsində, müxtəlif hadisələrlə bağlı Bakı şəhərində bəzi binaların uçmasından sonra insanları düşdüyü vəziyyətdən çıxartmaq üçün ən sadə psixoloji yardım lazım idi. Həm də ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın, məcburi köçkünlərin yeni yetişən nəsli var. Onlar daim stress vəziyyətindədirlər. Çünki yaşadıqları, məskunlaşdıqları məkan müvəqqətidir. Bu müvəqqətidirsə və həmin insanlar “köç” əhval-ruhiyyəsindədirsə, ərtafdakıların da onlara münasibəti belədir. Bu insanların psixi sağlamlığında, durumunda ciddi problemlər var. Deməli, ölkədə psixi sağlamlığın qorunması üçün təkcə “Psixiatriya haqqında” qanun kifayət deyil. Çünki sağlam, amma psixoloji durumu ağır olan insanlar və ailələr var. Kifayət qədər çətin uşaqlar psixoloji yardıma ehtiyac duyurlar.

- Bu qanunun gecikməyinin səbəbi nədir?

- Qanunun qəbul edilməməsinin yeganə səbəbi biz - psixoloqların o qanunu işləməməyimizdir. Başqa səbəb yoxdur. Düzdür, bununla bağlı işlər gedir. Yəni, biz - psixoloqlar qanunu hazırlayır və aidiyyatı qurumlara göndəririk. Qanun elə olmalıdır ki, işlək olsun və real nəticələr versin. Həm də bu qanunun qəbulu cəmiyyətdə artıq psixologiya elminin tədbiq olunması üçün real qanunvericilik bazasının yaradılması deməkdir. Ümumiyyətlə, bu qanunun olması zəruridir. Sadə bir misal çəkim, bu gün görürsən ki, diaqnostika məsələlərində əksər həkimlərlə psixoloqlar arasında böyük ziddiyyətlər var. Yəni, həkimlərin çoxu psixologiyanın tibbə nə qədər aid olub ona nüfuz edə biləcəyini təsəvvür etmir. Eləcə də, bəzi psixoloqlarda həkimi əvəz edib xəstəni müalicə edə biləcəyi barədə yanlış təsəvvür var. Bunlar yanlış münasibətlərdir. Hesab edirəm ki, ali məktəblərdə həkimlərə psixologiya kursu daha geniş keçirilməlidir. Həkimlər də psixologiyanı dərindən öyrənməlidirlər.

 - Psixoloji problemlərin müzakirəsinə, onların həllinə həsr olunan verilişlərin yayımlanmasına necə baxırsınız? Çox vaxt psixoloqlar verilişə getməkdən imtina edirlər. Ona görə ki, onların öz fikrini rahat ifadə edə bilməsi üçün meydan yoxdur. Psixoloqlar çox vaxt şikayət edirlər ki, televiziyaya getsələr, fikrini deyə bilməyəcəklər, onların sözlərini kəsəcəklər. Necə düşünürsünüz, sırf psixologiyaya həsr olunan verilişə ehtiyac varmı?

- Ümumiyyətlə, dünyanın heç bir yerində sırf psixoloji verilişlər yoxdur. Psixoloji problemləri əhatə edən verilişlər həmişə tədbiqi xarakterlidir. Həyatın bu və ya digər sahəsi ilə bağlıdır. Bu gün də, əgər hansısa bir məsələ ilə, misal üçün təhsil, səhiyyə və ya iqtisadiyyatla bağlı verilişlərə psixoloqlar dəvət olunurlarsa və orada iştirak edirlərsə, onda gərək təşəbbüsü ələ ala bilsinlər. Əgər təşəbbüsü ələ ala bilmirsə, deməli, nəyisə nəzərə almayıb və verilişə hazırlıqsız gəlib. Psixoloji problemlərin səbəblərini dərindən öyrənməyib. Bu səbəbdən də fikir bildirəndə passiv olurlar. Bununla yanaşı, verilişdə tamaşaçını maraqlandırmayan mövzuların müzakirəsi də onlar üçün maraqsız olur. Tamaşaçı verilişi izləyərkən öz suallarına cavab axtarır.  

- Sizinlə əvvəlki görüşlərdə də, müşahidə etmişəm ki, çox diqqətli və həssas insansınız? Bu keyfiyyətlər sizə uşaqlıqdan xasdır, yoxsa tədricən qazanılıb?

- İnsan ömrü boyu dəyişir. Qədim çin fəlsəfəsində belə bir fikir var ki, bir insan dünyaya gözəl keyfiyyətlərlə gəlir, amma düşdüyü mühit o qədər qarışıq olur ki, mühit onun müsbət xüsusiyyətlərini öldürməsin deyə, onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. İkinci yanaşma isə odur ki, insan heç də dünyaya yaxşı xüsusiyyətlərlə gəlmir. Bu səbəbdən də çalışmaq lazımdır ki, onda o pis başlanğıclar ləngidilsin, amma yaxşı başlanğıclar inkişaf etdirilsin. Yəni bu ideyaların hər ikisinin yaşamaq hüququ var. Yəni onların heç biri təkzib olunmayıb. Düşünürəm ki, insan bütün xüsusiyyətləri ilə dünyaya gəlir. Və o, yaxşı olmaq istəyir. Heç bir valideyn də övladının pis insan olmasını arzulamır. Lakin sonradan insan müəyyən səbəblər üzündən dəyişir. Mənim diqqətli və həssas olmağıma gəldikdə isə mən uşaqlıqda da belə idim.

- Əgər şərti pasiyent Bəxtiyar Əliyev psixoloq Bəxtiyar Əliyevin yanına gəlsəydi, onun həyatında hansı korreksiya işlərini aparmaq istəyərdi?

- Əslində, mən pasient Bəxtiyar Əliyevi təsəvvür etmirəm. Amma mən psixoloqa müraciət etməli olsaydım, ona elmi məsələlərlə bağlı suallar verərdim və bu suallara ətraflı cavablar axtarardım. Məni əsas maraqlandıran o olar dı ki, insanın özünü tanıması, özünü bir insan kimi şəxsiyyət kimi gerçəkləşdirməsi üçün nələr vacibdir? İnsan özünü tanıya bilsin deyə nə etmək lazımdır?

- Ümumiyyətlə, insanı tanımaq üçün ilkin təəssürat vacibdirmi?

- İlkin təəssürat heç vaxt aldadıcı olmur. Görmək istədiyin aldadıcı olur. Bunları bəzən qarışdırılar. Biri var ki, biz nəyisə görmək isyəyirik, kiməsə rast gəlirik və onda görmək istədiyimizi görürük. Bax, bu aldadıcıdır. Amma ilkin təəssürat aldadıcı deyil. İlkin təəsurat öz subyektiv şərhlərimizi, istəklərimizi, fikirlərimizi nəzərə almadan olduğu kimi qəbul etdiyimiz təəssüratdır. Mən insanlara məhz ilkin təəssürrat əsasında yanaşmağa çalışıram.

- Psixologiya və sosial fəlsəfə sahəsində tanınmış bir mütəxəssis kimi  ideal ailə modelini necə görürsünüz?

- Heç bir yerdə və heç vaxt ideal alilə modeli olmayıb. Ailə elə bir qurumdur ki, onu tikmək lazımdır. Onu elə tikməlisən ki, zəlzələlərdən, fırtınalardan aşmasın və çat verməsin. Bunun üçün də iradə lazımdır. Bunun üçün daha çox başqasının xeyri üçün nələrisə keçmək lazımdır. Əgər sən keçirsənsə, demək sən onu özün üçün keçirsən. Nəticədə xoşbəxt olursan. Keçməyəndə də özün üçün keçmirsən və o, faciələri də sən özün yaşayacaqsan. Sən onu bədbəxt etməklə özünü də bədbəxt edəcəksən. Ümumiyyətlə, xoşbəxtlik insanın özündədir. Kənarda axtarmaq lazım deyil. Əgər biz psixoloqlar bu fikri insanlara kifayət qədər aşılaya bilsək, bu cəmiyyət üçün ən böyük xidmətimiz olacaq.

- Kadrların yetişdirilməsinə gəlincə, BDU illər boyu psixoloq kadrların yetişdirilməsində bizə öz töhfələrini verir. Burada tədris proqramları reallığa, tələbata cavab verirmi? Ailə psixologiyası ayrıca tədqiq edilirmi?

- Psixoloq kadrların hazırlanması üçün dövlət standartları var. Dövlət standartları hazırlanarkən düşünülməlidir ki, bu kadrları nə üçün və kim üçün hazırlayıram. Burada çox təəssüf ki, ciddi problemlər var.

- Dissertasiyaların mövzuları nə qədər aktualdır?

- Bir müddət dissertasiyalar akademik istiqamətli idi. Yəni nəzəri əsaslarla işlənirdi. Amma bu gün nəzəri əsaslarla yanaşı tədbiqinə də çox böyük ehtiyac var. Tədbiqi sahə ilə bağlı işlər görülsə də, qənaətbəxş deyil. Bunun da bir neçə səbəbi var. Əgər praktikada bunu tədbiq etməyə yer yoxdursa, səni qəbul etmirlərsə, bu iş necə ola bilər?  Mən həmişə bunu misal gətirirəm ki, bu gün Azərbaycanda sahibkarlıq sektoru ölkə iqtisadiyyatının 83 faizini təşkil edir. Buna baxmayaraq, sahibkarlıqla məşğul olan şirkətlərdən psixoloji araşdırmalar aparılması üçün sifariş verən şirkətlər yoxdur.  Mən belə sifarişə rast gəlməmişəm. Düzdür, indi banklar bu sifarişləri etməyə başlayıb. Bəzi şirkətlər də bununla bağlı müraciət edirlər. Lakin bu çox azdır.

- Azərbaycan Psixoloqlar Birliyinin təsis olunması gözlənilirmi?

- Biz 10 ildir ki, bunu təsis etmək istəyirik. Amma hələ ki, psixoloqlar yekdil bir qərara gəlməyiblər. Belə bir birliyin yaradılması bu il nəzərdə tutulub. Bu birlik dünyada mövcud olan digər psixoloqlar assosiasiyaları ilə əməkdaşlıq edəcək.

- Psixoloq cəmiyyətlərinin, birliklərinin və mərkəzlərinin yaradılmasına necə baxırsınız?

- Psixoloq cəmiyyətlərinin və birliklərinin yaradılmasına müsbət baxıram. Lakin psixoloqlar fəaliyyət göstərərkən peşə etikasına riayət etməlidirlər. Onlar peşəkar kimi işləməyi qarşılarına məqsəd qoymalıdırlar. Psixologiyanı dərindən bilmədən birdən-birə bu işdən yapışmaq olmaz. Psixologiyada biznes arxa planda qalmalıdır. Biznes maraqlarının önə çəkilməsi,  etikanın isə arxa planda qalmasının tərəfdarı deyiləm. Həkim öncə xəstəni müalicə etməyi düşünməli, sonra isə əvəzini almalıdır. Psixoloqlar da birinci növbədə xidməti göstərməli və onun müqabilində qazanc almalıdırlar. Ümumiyyətlə, psixoloqlar etik davranış kodeksinə uyğun işləməli, peşə şərəfini yüksək tutmalıdırlar.

 - Zamanınızın məhdud olduğunu bilirik. Buna baxmayaraq, tam 2 saatlıq dəyərli vaxtınızı bizə ayırdığınız üçün Sizə təşəkkürümüzü bildirirk. Təşəkkür edirik.   

- Fəaliyyətinizdə uğurlar arzu edirəm. 

 

Müsahibə "Düşüncə" Psixologiya Jurnalından götürülmüşdür.

Müsahibəni aldı;

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri,

psixoloq Elnur Rüstəmov

 

 

 

 



 

LOGİN

 Email
 Parol
Qeydiyyat