Aqressiyanın müxtəlif növləri və dərəcələri vardır. Kimdə isə bu özünə olan sonsuz inamsızlıqdan formalaşır, insanın ətrafdakılara münasibətində, sərt davranışlarda, kimdə isə bu laqeyd davranışında ifadə oluna bilinər. Bu halda insanda aqressiya gizli olaraq, “sakit” formada keçir. Kimdə isə bu ana südü ilə verilib, həyata baxışı “yalnız güclülər haqlıdır”, “güc qalibdir” kəlmələri çərçivəsindən qaynaqlanır. Kimdə isə bu yeganə ünsiyyət vasitəsidir. O, özünü ifadə etmək üçün, diqqətə alınmaq üçün, tanınmaq üçün aqressiv davranışlardan, fiziki üstünlüklərindən istifadə edir.
Hər bir halda aqressiya boş yerdə yaranmır. Bu bir növ dərin travmadan qaçmaq üçün müdafiə olunma mexanızmlərindən biridir. Onlar başqa cür davrana bilmirlər. Aqressiyanın əsasında təmin olunmamaq, uğursuzluq, təəssüfkeşlik, ümidsizlik, həyata etiraz durur. Çox vaxt aqressiya uşaqlıqda gərəkli şəkildə alınmayan, verilməyən sevginin boşluğunda cücərməyə başlayır. Zaman-zaman bunu cəmiyyətdəki laqeydlik, qəbuledilməzlik daha da qüvvətləndirir.