Afaziya,apraksiya,aqnoziya

\"\"

Məlum olduğu kimi birinci siqnal sistemi bilavasitə xarici və daxili mühitdən gələn qıcıqları (siqnalları) qəbul edir.Heyvanlarda əsəb fəaliyyəti yalnız birinci siqnal sisteminin bilavasitə qıcıqları nəticəsində baş verir.İnsanlar da isə birinci siqnal sistemi ilə yanaşı yalnız insanlara məxsus ikinci siqnal sistemi vardır.İkinci siqnal sistemi esə ətraf predmetlərinin və hadisələrinin söz qıcıqları-simvolları ilə insanın beynində əks olunması deməkdir.Təbiətin mürəkkəb hadisələrini sözlər və anlayışlar şəklində dərk etmək yalnız insanlara məxsus olub onun təbiət hadisələrini dərindən düşünmək,idarə etmək və məqsədəuyğun istiqamətdə dəyişdirə bilmək qabiliyyətini yaratmışdır.Beləliklə,ikinci siqnal sistemi-\"siqnallar siqnalından\" ibarət insan təfəkkürün əsasını təşkil edən nitqin böyük əhəmiyyəti məlum olur.Bu funksiya birinci siqnal sisteminin vəzifəsindən,müqayisə olunmaz dərəcədə mürəkkəbdir.Eyni zamanda nitq,insanlar arasında əsas ünsiyyət vasitəsidir.

Həm ünsiyyət vasitəsi,həm də insan təfəkkürünün əsası olan nitqin bütün mürəkkəbliyinə (quruluş etibarilə) baxmayaraq insan orqanizmindəki bütün başqa proseslər kimi,nitq prosesi də tamamilə reflektor xarakter daşıyır.İkinci siqnal sistemində afferent və efferent hissələr vardır,yəni insan,sözü ünsiyyət məqsədi ilə ifadə etməklə bərabər,həm də onu bir qıcıq kimi qavrayır.

Bundan başqa insana xas olan ekspressiv və impressiv,yaxud reseptiv nitq müəyyən olunur;başqa sözlə uca şifahi nitq və nitqi anlamaq vardır.Ekspressiv nitq həm şifahi,həm də yazılı nitqdən ibarətdir.Danışığı eşitmək və yazını oxumaq isə impressiv nitq hesab olunur.

Afaziya simptomları-beyin qabığı ilə əlaqədar olan nitq pozğunluqları afaziya adlanır.Dizartriya isə afaziyaya aid deyildir.Dizartriya dedikdə icraçı orqanın:dodaq,dil,yumşaq damaq əzələlərinin,səs tellərinin iflicindən,yaxud parezindən,hiperkinezindən,ya da ataksiyadan irəli gələn pozulmalar nəzərdə tutulur.Məsələn:bulbar və psevdobulbar ifliclər zamanı belə təzahürlərə rast gəlmək olur.Beyinciyin və onun sistemlərinin patologiyası,dağınıq skleroz üçün xarakterik sayılan hecalı nitq qeyd olunur.Afaziyanın 3 əsas forması var.1.Hərəki (motor)

                                                                              2.Hissi (sensor)

                                                                              3.Amnestik

1.Hərəki afaziya-Brok nahiyəsi,yəni üçüncü alın qırışığının arxa şöbəsi (soldan) patoloji prosesə uğradıqda müşahidə olunur.Nitqin bu pozulmasında xəstə danışma qabiliyyətindən məhrum olur,lakin başqasının nitqini anlamaq qabiliyyəti qalır.Şifahi nitqlə bərabər yazma qabiliyyəti də pozulur.Xəstə yaza bilmir,cümlədəki sözlərin qrammatik qaydada düzülüşü pozulur (aqramatizm).Xeyli az rast gələn və xalis hərəki afaziya adlanan patologiya zamanı yalnız şifahi nitq pozulur,yazmaq qabiliyyəti qalır.Hərəki afaziyanın elə təsadüfi formalarına rast gəlmək olur ki,bu zaman yalnız spontan nitq və spontan yazı pozulur,təkrari nitq isə qalır,yəni xəstə həkimin dediyi sözləri yalnız təkrar edə bilir.

2.Hissi afaziya-yuxarı sol gicgah qırışığının arxa şöbəsində (Vernike nahiyəsi) patoloji proses başlayan zaman müşahidə olunur.Hissi afaziya zamanı xəstə şifahi və yazılı nitqi anlamaq qabiliyyətini itirir.Xəstə danışa bilir,ancaq özü nə danışdığını başa düşmür (loqorreya).

3.Amnestik afaziya-gicgah payının arxa şöbəsinin və təpə payının aşağı şöbəsinin patoloji prosesə tutulması nəticəsində müşahidə olunur.Bu pozulma zamanı əşyaları tanıma qabiliyyəti itir.Xəstə ilə danışarkən onun nitqindəki qüsurları bəzən tez tutmaq olmur:xəstə sərbəst danışır,nitqi düzgün olur,onu ətrafdakılar başa düşür.Amnestik afaziyası olan xəstə tez-tez sözləri unudur və onun cümlələrində isimlər az işlədilir.Xəstə bu və ya başqa əşyanın adını demək əvəzinə onların vəzifəsini,yaxud xassəsini söyləyir.Məsələn:ona göstərilmiş karandaşın adını demək əvəzinə o:\"Bu yazmaq üçündür\"-deyir.

Apraksiyası olan adam (apraktik) bışaq və çəngəldən istifadəetmə vərdişlərini unudur,ayaqqabısını bağlaya bilmir,köynəyinin yaxasını bağlaya bilmir və s.Onlar yaxşı düşünə bilmirlər.Çox vaxt belə xəstələr öz yanlış hərəkətlərini deyir,lakin onları islah edə bilmirlər.Apraksiya pozulmaları müxtəlif dərəcələrdə olur.Ağır hallarda xəstə zəif olur,özünə qulluq edə bilmir,hətta yatağına uzana və üstünü örtə bilmir.

Aqnoziyalar.Tanış əşyaları və adamları tanımaq,öz bədəninin hissələrini tanımaq qabiliyyətini itirmək aqnoziya (yunanca-\"a\"-inkar,gnosis-bilik deməkdir) adlanır.Aqnoziyanın müxtəlif formaları vardır:

1.Görmə aqnoziyası ənsə paylarının,onların xarici səthlərinin patologiyası ilə əlaqədardır.Xəstə əşyanı yalnız görməklə tanıya bilmir,əlləri ilə toxunduqda tanıyır.

2.Eşitmə aqnoziyası afferent eşitmə yollarının gəldiyi gicgah paylarının patologiyasında müşahidə olunur.

3.Toxunma (taktil) aqnoziyası stereoqnostik hissiyyat,yəni gözlər yumulu halda yalnız toxunmaqla əşyanı,yaxud onun ayrı-ayrı xassələrini tanımaq qabiliyyətinin itirilməsinə deyilir.Stereoqnoziya mürəkkəb hissiyyatın xüsusi növüdür.Stereoqnoziyanın pozulması,yəni astereoqnoziya hadisəsi arxa mərkəzi qırışıqdan geridə olmaqla təpə payında baş verən patoloji proseslər zamanı müşahidə olunur.

4.Bədən sxeminin pozulması,xəstə öz bədəninin hissələrini qarışıq salır,bədənin ayrı-ayrı hissələrini tanıya bilmir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

 

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat