İlk öncə onu qeyd edək ki, hər birimizin ən böyük təlabatı ünsiyyətdir.İnsanlarla əlaqədə, yeni tanışlıqlarda ünsiyyətin rolu əvəzedilməzdir. Biz həmişə bu barədə fikirləşirik: Necə edək ki, yeni tanış olduğumuz insanların xoşuna gələk. Fikrimcə əksəriyyət insanlar sevilməyi sevməkdən daha çox xoşlayırlar. Ətrafımızdakıların bizi sevməsi, bizə dəyər verməsi adama xüsusi bir zövq verir. Əhatəmizin bizə olan rəğbətini görmək üçün nə etməliyik? Necə edək ki, ətrafa özümüzü olduğu kimi təqdim edək?
İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz açaq. Heç bir insan ilk tanışlıqda özünün mənfi xüsusiyyətlərindən danışmır. Əgər danışırsa inanın ki, qarşıdakı şəxs sonrakı görüşlərdə onunla ünsiyyətə can atmayacaq.
Biz gündəlik həyatımızda belə hallara demək olar ki, tez-tez rast gəlirik. Belə ki biri özünü olduğundan daha yaxşı göstərir, məs: savadlı olmasa da elə hey savaddan, təhsilin vacibliyindən danışır. Başqa birisi çox savadlı olsada özünü olduğu kimi ifadə edə bilmir.
Özümüzü necə ifadə etmək dedikdə biz heç də özümüzü olmadığımız kimi göstərməyi, ətrafa xoş gəlmək üçün tamamilə başqa bir cilddə görünməyi nəzərdə tutmuruq. Olduğun kimi görün, göründüyün kimi ol. Gəlin, necə varıqsa, əslində necəyiksə elə də görünək yəni, dürüst olaq.
Yəqin ki, hamımız məktəb illərini xatırlayırıq. Gəlin, bir neçə dəqiqəlik 15 sentyabrı, bizə yad olan müəllimlərin sinfə necə daxil olması, özünü necə göstərməsini yadımıza salaq. Bəziləri sinfə girəndə özünü təqdim edəndə çox ciddi və tələbkar olduğunu aşkarca bizə çatdırır. Bəziləri isə zarafatcıl bir formada, daha mülayim, xoşgörüşlü tərzdə özünü təqdim edir. Şagirdlər hansı müəllimin dərsini daha yaxşı və məsuliyyətlə oxuyacaqlar? Böyük ehtimalla ciddi və tələbkar müəllimin dərsini yaxşı oxuyacaqlar, digər tipli müəllimlərin dərsinə hardasa etinasız şəkildə yanaşacaqlar. Məktəb illərindən söz düşmüşkən bu misalı da göstərək. Şagirdlər hansı müəllimlərin savadlı olub-olmaması barədə müzakirlərdə belə deyirlər.Filan müəllim savadlı olsa da dərsi əhatəli çatdıra bilmir, filan müəllim isə o qədər də savadlı olmasa da bildiyini yaxşı izah edir.Bu göstərdiyimiz nümunələr özünü ifadə bacarığına aiddir.Nə üçün bəzi insanlar özünü təqdim edə bilir, bəziləri isə yox? Zənnimcə, insan özünü olduğundan daha aşağı təqdim edirsə, deməli o insanın özünə güvəni, inamı azdır. O insanlar özlərinə inam hissini daha inamla aşılamalıdırlar.Özünə inamsızlıq isə daha çox komplekslərlə bağlı ola bilər.
Özünü təqdim etmə – reklam
Özünü təqdim də bir növ reklamdır. Hamı nəyisə reklam edir. Kimisi biliyi, kimisi xarici və ya zahiri görünüşünü, kimisi istedad və bacarıqlarını, kimisi isə əslində heç nəyi reklam etmədiyini göstərsə belə yenə də reklam edir.Necə deyərlər reklamın özüdə bir reklamdır.Amma bu reklam ifratçılığa varmamalıdır.Çünki, daim özündən danışan insanlara özündənrazı ləqəbini qoyurlar.Özünü təqdim etmə saatlarla özündən danışmaq demək deyil.Gərəkən yerdə, gərəkən dərəcədə reklam vacibdir.Yəni, harda nəyi, necə etməli olduğumuzu bilməliyik.Bu isə əsl ustalıq bacarığıdır. Onu deməyə çalışırıq ki, hər hansı bir tədbirdə və ya yığıncaqda özümüzdən qat-qat savadlı adama nəyisə diktə etsək, onun yalnış olduğunu desək yəqin ki, bu hərəkətimiz yaxşı qarşılanmaz.Amma imtahanda və ya işə götürüləndə bütün potensialımızı ortaya qoymağımız vacibdir.Məqaləmi Sokratın sözü ilə bitirmək istəyirəm: “Bir insanın özünə verə biləcəyi ən böyük zərər bacarıqlarından tamamilə istifadə etməməsidir”.
Hazırlayan; Allahverdiyeva Lalə, PCC-nin Psixoloqu