Psixoloq Elnur Rüstəmov depressiyaya düşən insanların suallarını cavablandırdı – onlayn məsləhət

Depressiya diabetə və hətta ruhi xəstəliyə də səbəb ola bilər.

Gün.Az səhiyyə sahəsində maarifləndirici rubrika olan “onlayn məsləhətxana”da növbəti mövzu olan depressiya haqqında həftə ərzində oxucular tərəfindən ünvanlanan sualların cavablarını təqdim edir.

Sualları “Psixologiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmov cavablandırdı.

Turan Şıxlı – Depressiya bir xəstəlikdir, yoxsa psixi pozğunluq?

– Bütün hallarda müəyyən bir psixi pozğunluq kimi qəbul edə bilərik. Yəni, xəstəlik kimi qəbul etsək tam doğru olmaz. Depresssiya insanın şəxsiyyətini parçalamır. Depressiyada olan insan aktiv fəaliyyət göstərə, həmçinin işləyə də bilər.

Kəmalə Eyvazova – Depressiyanı yaradan başlıca səbəblər hansılardır?

– Depressiyanın başlıca səbəbi insanlar arasında olan münasibətlərin doğru formada qurulmamasıdır. Köməkçi vasitələr kimi depressiyaya fəsillərin dəyişilməsi, havanın tez qaralması, səhərin gec açılması və digər səbəblər təsir göstərir. Adətən həssas insanlar depressiyaya çox tez düşürlər. Onlar hətta adi vəziyyətlərdə depressiv hal yaşayırlar.

Bahar Məmmədova və Mehriban Qurbanova – Depressiyadan həkimsiz, psixoloqun köməyi ilə çıxmaq mümkündür? Əgər belə bir şey mümkündürsə insan özü depressiyadan çıxmaq üçün nə edə bilər?

– Depressiyadan insan özü çıxmaq üçün ən mühüm yollardan biri aktiv həyat tərzi yaşamasıdır. Əgər insanlar aktiv həyat keçirsələr o zaman onların depressiyaya düşmək ehtimalı da aşağı olacaq. Aktiv həyat dedikdə insanlarla aktiv münasibət, hər hansısa işlə məşğul olmaq, idman etmək və digər işlər nəzərdə tutulur. Depressiya özü xroniki yorğunluğa səbəb olur. Belə insanlar çox vaxt yatmaq istəyirlər. Bu da onlarda passiv həyata yol açır. Bundan qurtulmağın əsas yolu da aktiv həyatdır.

Tərlan İsayev – Depressiyadan hər hansı dərman vasitələrinin köməkliyi ilə çıxmaq mümkündürmü?

– Bəzən depressiv hallarda dərman vasitələrindən istifadə edilir. Bu birbaşa həkimin nəzarəti altında həyata keçirilməlidir. Çünki, dərman prosesin özünü birbaşa həll etmir.

İstənilən bir dərman insanın əhvalını bir müddət yaxşılaşdıra bilər. Əhvalın yaxşılaşması isə problemin həlli deyil. Bu müvəqqəti sakitləşməkdir.

Misal üçün – əgər mən işdə kiminləsə bir konflikt yaşasam, gedib bir baş ağrısı dərmanı qəbul edib müvəqqəti sakitləşərəm. Amma mənim iş yoldaşımla konfliktim həll olunmaz. Problemin həll olunması üçün onunla münasibətimi düzəltməliyəm. Yoxsa konfliktim davam etdiyi müddətdə hər dəfə dərmandan istifadə etməli olaram.

Elmira Bağırova – Son vaxtlar cəmiyyətdə depressiya hallarının artması hansı səbəblərlə bağlıdır?

– Son zamanlar daha çox müşahidə etdiyimiz faktor insanlar arasında münasibətlərin doğru qurulmamasıdır. Belə ki, valideyn və övlad, sevgililər, ailə cütlükləri arasında münasibətlər və digər proseslər buna səbəb olur. Belə hallar daha çox qarşılıqlı münasibətlərdəki ünsiyyətin tam qarşılanmamasına görə baş verir.

Kərim Əliyev – Depressiyaya düşən insanlar adətən özünə qapanırlar və nəinki dost-tanışla, hətta ailə üzvləri ilə də ünsiyyətdən çəkinirlər. Ailə üzvləri özlərini belə hallarda necə aparmalıdırlar?

– Əvvəla depressiyaya düşən insanın ətrafında kim varsa – ata-ana, bacı-qardaş, dost-tanış və digərləri bu haqda maariflənməlidirilər. Hər bir insan bu hala düşə bilər. Heç kim bundan sığortalanmayıb.

Əgər onlar bu haqda maariflənsələr o zaman onlar bu situasiyaya düşən insana kömək edə bilərlər. Onlar maksimum dərəcədə dözümlülük göstərməlidirlər.

Yaxşı olar ki, həmin insanı açıq havaya tez-tez çıxarsınlar, gəzintiyə aparsınlar. İmkan vermək olmaz ki, depressiyaya düşən insan evdə çox vaxt keçirsin.

Çox təəssüf ki, bir çox hallarda depressiyaya düşən insanlar ailə üzvləri tərəfindən basqıya məruz qalırlar. Belə olan halda depressiv vəziyyət daha da ağırlaşır. Əlbəttə ki, bu mövqedən mütləq çəkinmək lazımdır.

Gülnarə Əzizova – Tez-tez depressiyaya düşmək ruhi xəstəliyə səbəb ola bilərmi?

– Tez-tez depressiyaya düşmək depalyar mərhələyə keçir və müalicə üçün ehtiyac yaranır. Bu hal mütəmadi təkrarlanarsa xəstəliyə yol aça bilər.

Hətta depressiyada bəzi psixosomatik xəstəliklər – diabet, zob, xroniki baş ağrıları da yaranır.

Belə hallarda məsləhətdir ki, mütləq həkimə və ya psixoloqa müraciət edilsin.

Fərid Ədalət
Gün.Az

URL: http://www.gun.az/picks/17438


 

LOGİN

 Email
 Parol
Qeydiyyat