Yuxu orqanizmin normal yaşaması üçün lazım olan mühüm fizioloji hadisədir. Gün ərzində yarnan yorğunluğun qarşısını gecələr 7-8 saat yatmaqla almaq olar.Yuxu və yuxugörmə fəal prosesdir.
Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir. Uzunmüddətli yuxuya uşaqlarda tələbat daha artıqdır,vaxt keçdikcə tələbat azalır və ahıl yaşında daha az olur. Orta yaşlı insanlarda yuxuya tələbat 5-10 saat arasında dəyişir, çox vaxt 6-8 saat təşkil edir. Yuxu tsiklik hadisədir və bir-birini əvəz edən 4-5 tsikldən ibarətdir. Hər tsiklin iki fazası vardır: ləng yuxu fazası və tez yuxu fazası.
Yuxuya gedən kimi ləng yuxu başlayır. Bu fazada 4 mərhələ ayırd edilir:
1.Mürgü və ya yuxulama
2.Səthi yavaş yuxu
3.Dərin yavaş yuxu
4.Ən dərin yavaş yuxu
Ləng yuxu prosesində arterial təzyiq enir, ürək döyüntüsü və tənəffüsün sayı azalır, bədənin hərarəti dərəcənin bir neçə qismi qədər azalır. Böyük adamda ləng yuxu dövrü bütün gecə yuxusunun 75-80%-ni təşkil edir. Ləng yuxu zamanı əzələ tonusu saxlanılır, yatan adam bəzən pozasını dəyişir, gözlərdə yeyin hərəkətlər olmur.
1-1.5 saatdan sonra ləng yuxu tez yuxu fazası ilə əvəzlənir. Nadir hallarda yuxular görmə ilə deyil,başqa duyğu üzvləri ilə əlaqədar olur. Tez yuxu 10-15 dəqiqə davam edir, bundan sonra ləng yuxunun növbəti tsikli başlayır. Səhərə yaxın tez yuxu müddəti artıb 25-30 dəqiqə olur. Tez yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizmin funksiyalarının fəallaşması üçün vacibdir. Bütün bunlar bizə tez yuxu fazasının beyinin ayıqlıq vəziyyətinə uyğun gəldiyini deməyə əsas verir. Belə çıxır ki, insan yatır lakin beyin ayıq qalır. Tez yuxu və ya paradoksal faza üçün gözün yeyin hərəkətləri, xarici göz əzələləri və bəzi qırtlaq əzələləri istisna olmaqla, bütün əzələlərdə tonusun itməsi mümkündür. Tez yuxu vaxtı oyandıqda əksər adamlar parlaq, emosional yuxu gördüklərini xatırlayırlar. Tez yuxu zamanı qanda karbon qazı qatılığına tənəffüs mərkəzinin reaksiyası ləngiyir, tənəffüs vaxtaşırı qeyri-müntəzəm, qeyri-ritmik olur, arterial təzyiqin və nəbzin qeyri-stabilliyi, ereksiya mümkündür.
Yuxu zamanı müşahidə edilən fizioloji dəyişikliklərdən ən əsası baş beyin yarımkürələri qabığının fəaliyyətinin xarici aləmlə əlaqəsinin zəifləməsidir. Baş beyin kötüyündə elə neyron qrupları vardır ki, ayıq və yuxuda ikən hərəkətlərin tormozlanmasına cavab verirlər. Yuxuda adətən endokrin sistemin funksiyalarının aktivliyi dəyişiy.Yuxunun ilk iki saatı ərzində boy hormonunun sekresiyası artır.
Yatan adam üçün adi hallardan biri də röyadır-yuxu zamanı baş verən, müxtəlif parlaqlıq və mürəkkəblik dərəcəsinə malik olan xəyali təzahürlər.
Yuxu zamanı qıcığa məruz qalan ekstroreseptorlardan və interoreseptorlardan beyinə daxil olan informasiya röyanın məzmununa təsir edir.
Röyalar əksərən,yuxu silsiləsini bitirən və gecə ərzində bir neçə dəfə təkrarlanan tez yuxu fazası zamanı təzahür olunur. Yuxunun ləng fazasında oyandıqda, bir qayda olaraq, röyanın izləri yaddaşda qalır. Lakin hesab edilir ki, yadda qalan qarabasmalar yuxunun ləng fazası ilə əlaqəli ola bilər ki, belə hallarda oyanma adətən müvəqqəti çaşqınlıq və qorxu hissi ilə müşahidə olunur.
Yuxu zamanı orqanizmin daha yaxşı dincəlməsi üçün bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı iki saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın. Yuxuya mane olan kənar qıcıqlandırıcılara parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur aiddir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyəti olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir. Beyinə qan normal gəlməsi üçün yastıq nə çox hündür,nə də çox alçaq olmalıdır. Sağ böyrü üstə yatmaq məsləhətdir,çünki ürək sol tərəfdə yerləşir. Qaranlıq otaq,sakitlik, yaxşı düzəldilmiş yataq, yüngül və isti yorğan,rahat gecə paltarı normal yuxu üçün lazımdır.
Spirtli içkilər içmək, səs-küy yuxu ilə ayıqlığın düzgün növbələşməsini pozur, sinir sistemini zəiflədir. Yuxusuzluqdan yaxa qurtarmaq üçün hər gün yuxudan əvvəl təmiz havada gəzmək, ilıq vanna qəbul etmək, havası dəyişilmiş, nəfəslikləri açıq olan otaqda yatmaq lazımdır.
Yeni doğulmuş körpələr sutka ərzində 21 saat, 6 aylıqdan 1 yaşına kimi 14 saat, 2-4 yaşına qədər 16 saat, 12-15 yaşlı məktəbli 9 saat, yaşlılar isə 7-8 saat yatmalıdır. Lakin bəzi tarixi şəxsiyyətlər çox az yatmışlar. Məsələn: Napaleon, Şiller, Höte sutkada 5 saat,Edisson isə cəmi 2-3 saat yatarmış.
Ləman Ağakişiyeva