Musiqi ilə tibb arasında əlaqə insanlara çoxdan məlum idi. Antik dövrlərin mənbələrində musiqinin müalicəvi xüsusiyyətləri, musiqi vasitəsilə əhalinin ağır xəstəliklərdən xilas olması haqqında məlumatlar yetərincədir.
Hazırkı dövrdə də məs: Amerikada bu məqsədlərlə art terapiya növləri daxilində musiqi terapiyası metodu tətbiq edilir.
Müasir musiqi terapiyasında musiqi somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müaicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilir. Terapiya zamanı həkim musiqinin müşayiəti altında xəstələrə həm dərmanlarla, həm də şifahi deyimlərlə təsir göstərməyə çalışır . Musiqinin təsir spesifikası orqanizmin və psixikanın aktivləşdirilməsilə əlaqədardır. Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına malikdir. Musiqi terapiyası stomotologiyada , cərrahiyədə , ginekologiyada, urologiyada, kardiologiyada, habelə danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur. Psixiatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verir. Bundan başqa müxtəlif çalğı alətləri Insanın orqanlarına müxtəilf cür təsir göstərir: skripka, fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir, qaboy, klarnet qaraciyərin funksiyasını musiqidən , günün saatından asılı olaraq aktivləşdirir, ya da sakitləşdirir.
Alimlər vokal terapiyanın ağciyərlərə və digər həyati vacib orqanlara təsirini öyrənmişlər. Müəyyən olunmuşdur ki, əslində xəstə özü düzgün oxuduğu zaman nəinki bundan zövq alır, həmçinin xəstə orqanı sağalır. Məs: istedadlı opera müğənniləri bir qayda olaraq fiziki cəhətdən sağlam və həm də çox yaşayan insanlardır. Bunu da xüsusilə qeyd etmək lazımdır ki, hər cür musiqi yox, yalnız düzgün seçilmiş melodiya xəstə adamlara şəfaverici təsir göstərir və sağalmanı sürətləndirir. Harmoniklikdən məhrum musiqi məs: toylarda səsləndirilən gurultulu musiqi elektromaqnit dalğalarının güclü təsiri nəticəsində qan təzyiqini artırır, ürəyin yığılıb- açılma tezliyini, tənəffüs ritmini və s. pisləşdirir . Musiqi əsərlərinin tezliyi 0,6 herslə -1,5 hers arasında dəyişir. Musiqi ritmdən, tempdən, melodiyadan asılı olaraq insan orqanizminə müxtəlif cür təsir göstərir. Hərbi marşlar əzələlərin tonusunu artırır, iti tempdə çalınan major musiqi nəbzi yaxşılaşdırır, arterial təzyiqi yüksəldir. Həvəslə dinlənilən musiqi damarların genişlənməsinə , arterial təzyiqin normallaşmasına və nəbzin döyünmə sayının azalmasına imkan yaradır. Minor musiqi fizioloji prosesləri aktivləşdirir. Elə musiqi məs : simfonik musiqi var ki, mədənin turşululuğunu artırır. Buna görə də yemək zamanı xoşlanılan musiqini dinləmək məsləhətdir.
Harmonik musiqi yaxşı “psixoterapevt”dir. Insan həzin musiqi təranələri altında yatanda yaxşı yuxular görür. Belə musiqi işgüzar danışıqlarda gərginliyi yox edir. Sevdiyi musiqini dinləməklə körpəsini əmizdirən ananın südü artır.
Beləliklə, musiqi tənəffüsə, ürək ritminə, nəbzə və qan təzyiqinə təsir göstərir. Beyin dalğalarını yavaşıda və tənzimləyə bilir, əzələ gərginliyini azaldır, bədənin mütəhərrikliyini və koordinasiyasını yaxşılaşdırır, hormonların ifrazını tənzimləyir, immun funksiyasını aktivləşdirir, əmək məhsuldarlığını yüksəldir.
Bütün bunları nəzərə alaraq oxucularımıza bunu çatdırmaq istəyirəm ki, musiqi həqiqətən “ruhun qidası”dır. Stresslərdən bir az olsun kənarlaşmaq üçün əhvalınızı yaxşılaşdıracaq musiqilərə, melodiyalara qulaq asın . Və icazə verin musiqi sizin həyatınızın bir hissəsi olsun.
Həbibova Gülnar
Psixoloq.