Bəşər övladları olaraq, hamımız bədən dili texnikalarından istər şüurlu, istərsə də təhtəlşüur vəziyyətlərdə istifadə edirik. Bu cür davranmaqla, özümüzə nə qədər güvəndiyimizi sərgiləməyə çalışırıq. Pozalarımız, əl sıxaraq görüşməyimiz, göz təmaslarımız, əl-qolla etdiyimiz jestlər, bədən duruşumuz – bütün bunlar müəyyən mənalar kəsb edir. Hər bir halda, gəlin bir suala cavab axtaraq: Bədən dilinin köməyilə əks cinsi real surətdə necə cəzb etmək olar? ONUN GÖZLƏRİ NƏ DEYİR? Əvvəla, unutmayaq ki, gözlərin özünəməxsus dili var, bu halda onlar bədən jestləri ilə vəhdət yaradaraq əks cinsi istər cəzb edə, istərsə də uzaqlaşdıra bilər. Qadınların və kişilərin bədən dilləri müxtəlif olur. Kişilər bədən dillərini işə salarkən, dominantlıq və təşəbbüskarlıq göstərdikləri halda, qadınların davranışında tabeçilik və pozitiv əməkdaşlıq təəssüratları müşahidə edilir. Qadına maraq göstərən kişi birincinin olduğu tərəfə 5-6 saniyə ərzində nəzər salır, lakin gözlərini zilləmir. Əks təqdirdə, qadın narahatlıq keçirə, özünə müdafiə axtarmağa başlaya bilər. Göz təmasları kontekstində kişi diqqətli və nəzakətli olmalı, qadına heç bir təhlükə yaratmadığını, sadəcə “yüngülvarı flirt”ə meyil etdiyini sezdirməlidir. MƏSAFƏ NƏ QƏDƏR OLMALIDIR? PCC Jurnalı Deytinq zamanı qadın və kişi bir-birindən nə qədər aralı durmalıdır? Bu zaman, kişilərə aşağıdakılar tövsiyə olunur: ayaq üstə ikən, - qadınlardan 16-25 sm aralı durun, - çiyinlərinizi qısmayın, bədəninizi dik tutun, - aranızda hər hansı maneənin (yad cisim, insan) olmasına yol verməyin, - bir sözlə, xoş bir “aura” yaradın; oturarkən, - dizlərinizi sizə rahatlıq verən istiqamətə yönəldin, - qalstuk taxmısınızsa, onu səhmana salın, - qollarınızı çarpazlamayın, yaxud arxanızda gizlətməyin. Hər iki halda, gülümsəyin! AYNALAMA Bizi cəzb edən insan sanki kim olduğumuzu özümüzə xatırladır, həmin an necə göründüyümüzü göstərmək üçün qarşımıza ayna tutur. Başqa sözlə, deytinq zamanı kişi və qadın bir-birinin hərəkətlərini, jestlərini təqlid və ya təkrar edir, bəzən də tamamlamağa çalışır. Lakin, yadda saxlayın ki, bütün bunlar uşaq bağçasında etdiklərinizdən tamamilə fərqlənməlidir – qarşınızdakı balaca dostlarınızdan biri deyil ki, onun hərəkətlərini sadəlövhcəsinə “nüsxələyəsiniz”. Yoxsa, arzuladığınız nəticəni ala bilməyəcəksiniz. Aynalama son dərəcə incə, həssaslıq və diqqət tələb edən prosesdir. Məs., qadın gözlüyünü çıxarıb əlində oynadırsa, kişi də bunu edir. Qadın gülümsəyirsə, kişi də ona təbəssüm bəxş edir. Qadın bədənini xəfifcə kişiyə doğru əyirsə, kişi də eyni dərəcədə ona meyil edir. Aynalama zamanı “ərazi toxunulmazlığı” prinsipinə hörmət bəsləmək lazımdır. Əgər bədəniniz qarşı tərəfə normadan artıq yaxınlaşıbsa, o da geri çəkilməyə məcbur qalıbsa, deməli, onun ərazisinə “sanksiyasız” daxil olmusunuz. Halbuki, məsafə saxlama qaydasına riayət etməyiniz vacibdir. XOŞ RƏFTARIN ÖZ YERİ VAR Xoş və mehriban rəftar etmək kimi əvəzsiz vərdişləriniz varsa, onlardan mütləq yararlanın. Əks cinsin telefon nömrəsini almaq istəyirsinizsə, bunu ondan nəzakətlə xahiş edin. Tezliklə zəng vuracağınızı vəd etmisinizsə, günü-günə calamayın. Vaxtında zəng edin. Qadının kişidən xoşu gəlirsə, özünü ona yüksək səviyyədə tanıtmalı, heç bir vəchlə narahatlıq yaratmamalıdır. Başqa sözlə, hər bir kişi qadın etirazı ilə üzləşəcəyindən ehtiyat edir – bu halda, onun hansı hallar keçirə biləcəyini təsəvvür etmək çətin deyil. Deməli, qadın risk faktorunu heçə endirməyə çalışmalı, kişinin ona arxayınlıqla yanaşmasını mümkünləşdirmək üçün müvafiq və düzgün siqnallar göndərməlidir. NƏZƏR SALIM, YOXSA GÖZLƏRİMİ ZİLLƏYİM? Gözlər daxili dünyamızı əks etdirən mühüm orqandır. Açıq və səmimi niyyətimizi əks cinsə bildirməkdə baxışlarımız mühüm rol oynayır. Qadın ilk baxışdan onu cəzb edən kişiyə bir neçə saniyə ərzində nəzər salmalı, ancaq, onu başdan-ayağa süzməməli, sonra baxışlarını dərhal yerə dikməli, lakin yana çevirməməlidir. Əks təqdirdə, bu, qadının həmin kişiyə daha maraq göstərmədiyini ifadə edər. Baxışlarınızı qısasürən, lakin effektli təbəssümlə müşayiət etməniz yaxşı olar. Bu hərəkətləri 10-15 dəqiqə ərzində bir neçə dəfə təkrarlasanız, kişi ondan xoşlandığınızı anlayacaq. Kişilərə bunu bilmək faydalıdır ki, əgər həqiqətən də qadınların ürəyinə xal sala biliblərsə, onlar tərəfindən layiq olduqları qiyməti alacaqlar. Qadın hədəfə aldığı kişini bəyənməkdə yanılmadığını hiss edibsə, onun baxışlarına lazım gəldiyindən bir az artıq qarşılıq verəcək, ona diqqəti artıracaq, nəzərini tədricən endirərək kişinin dodaqlarını və çənəsini gözdən keçirəcək, daha sonra isə onu aşağı nahiyələrədək süzəcək. Qədim zamanlarda deyilirdi ki, əgər qadın kişiyə baxmaq üçün dəridən-qabıqdan çıxırsa, bunun axırı qalmaqalsız ötüşməz. Göründüyü kimi, olacağa çarə yoxdur – qırılmayan əşyanı təmir etməyə dəyməz. Qadınların baxışları kişiləri məftun edə, yoldan çıxara bilər! “GƏL-GƏL”, YAXUD “ÖLDÜRƏRƏM” Qarşınızdakı qadın dili ilə ağzının küncündən istiqamət götürərək üst dodağını yalayırsa, bu, iki mənadan birini verə bilər: qadın ya qurumuş dodaqlarını yaşlayır, ya da onda əks cinsə qarşı seksual həvəs yaranıb. Çox ehtimal ki, ehtiyatlı davranmağı sevən kişi ilk etapda buna reaksiya verməsin. Qadının “öldürərəm” xarakterli baxışları kişiyə bunları işarə edir: a) kişi yarıtmaz hərəkət edib, b) kişi sadəcə bəyənilmir, c) “uzaq dur, yoxsa peşman olarsan.” Bir qadın kimi belə bir vəziyyətlə rastlaşmısınızmı – sizi cəzb edən kişinin yanında başqa bir “canfəşanlıq edən” qadın var, kişi də centlmenlik göstərərək, sizi həmin qadına təqdim edir. Sonra nə baş verir, Tanrı eşqinə?? Həmin qadın nəzakət xatirinə sizinlə tanışdığına məmnun olduğunu bildirir. Lakin, siz bir onun od yağdıran gözlərinə baxın! Əlində imkanı olsa, sizi parça-parça edər, deyilmi.. Geri çəkilməyə məcbur olursunuz, xeyli geri.. HAYDI, TOXUN GÖRƏK… Əks cinsə toxunmalar həmişə təcrübi xarakter daşıyır. Kişi “təsadüfən” əlinizə və ya qolunuza toxuna, ya da üstünüzə xəfifcə əl gəzdirə bilər. Bunun üçün onun hər zaman hazır bəhanələri vardır – buna şübhəniz olmasın. Əks cinsə toxunma çox təsirli vasitə olub, jestlər silsiləsindən bir pillə yuxarıda durur. Toxunma texnikası özünün tərzi-hərəkətilə sizi bədən dili oyunlarının üstün mərhələsinə götürür, hər ikinizə geniş meydan açır. Qadın əlini kişinin ombasına qoyduqda onunla seksual yaxınlığa girmək həvəsində olduğuna işarə edir. Bu tez-tez baş verməsə də, qadının öz əlini kişinin əlinin üzərinə, yaxud çiyninə qoyması çox rastlanan epizodlardandır. Bu zaman, kişi çətin ki baş verənlərə etinasız qalsın – əlbəttə, bunu əngəlləyəcək şəxsi səbəblər yoxdursa. Qadının məharətlə ifa etdiyi digər texnikalardan biri də, restoranda əks cinslə söhbət zamanı öz qədəhini sığallaması sayıla bilər. Qeyri-adi kokteyl, üstü çıyələklə bəzədilmiş və ya rəngli kremlərlə çalınmış içkilər, şampan, ekzotik meyvə şirələri ağız dadlandırmaqla yanaşı, həm də qadınların əlində kişilərə təbəssüm, xoş ovqat bəxş edən güclü siqnal ötürücüləridir. Toxunma texnikalarına barmaqarası baxmaq işə yaramaz, onlardan lazımi nəticə çıxarmaq lazımdır. Beləliklə, yaxşı olar ki, çənənizi yorub danışmaq əvəzinə, bir az da bədən dilinizi işə salasınız. Dodaqlarınızı isə bir-birinizə xoş gecələr diləyərkən öpüşlərə saxlayın. BODY LANGUAGE ATTRACTION – KNOW THE SECRETS | OUR BODY LANGUAGE başlıqlı səhifədən tərcümə edilib.
Tərcümə edən;
Niyazi Məmmmədov