Bioqrafik məlumat:
Əsil adı Çadek olan Kurt Levin 1890-cı ildə Prussiyanın Moqilno qəsəbəsində yahudi ailəsində dünyaya gəlmişdir. 1905-ci ildə Levin ailəsi uşaqların yüksək təhsil ala bilmələri üçün Berlinə köçdü.
Tibb universitetinə daxil olan Levin professor Karl Ştumpfun 14 müxtəlif dərsinin dinləyicisi olmuşdur. 1914-cü ildə Levin onun rəhbərliyi ilə doktorluq dissertasiyasını müdafiə etdi. Həmin il o, kiçik qardaşları ilə bərabər birinci dünya müharibəsinə əsgərliyə çağrıldı. Döyüş meydanında onun kiçik qardaşı həlak oldu, o özü isə ağır yaralandı və 8 ay qospitalda yatdı. Sağaldıqdan sonra Levin yenidən döyüş meydanına qayıtdı və böyük şücaətlər göstərərək “Dəmir xaç” ordeni ilə mükafatlandırıldı.
1917-ci ildə o “Müharibənin landşaftı”məqaləsini nəşr etdirdi. İlk dəfə olaraq insanların fəaliyyət arealı və ona uyğun davranışları bu məqalədə şərh edilmişdir.
1918-ci ildə o tələbə yoldaşı Mariya Lansberq ilə evləndi, lakin bu evlilik 9 il davam etdi. Boşandıqdan sonra Mariya iki uşağı ilə Fələstinə köçdü.
Müharibədən sonra Levin Berlin universitetində assistant olaraq işləməyə başlasa da 1926-ci ildə professor olaraq fəaliyyət göstərməyə başladı. Bu müddətdə davranışın təşkil edilməsi barədə iki məqalə də dərc etmişdir.
1933-cü ildə Kurt Levin ailəsi və iki tələbəsi – Tamara Dembo və Cerom Frank ilə birgə Amerikaya immiqrasiya etdi. Onunla gedə bilməyən anası və bacısı, həmçinin tələbəsi B.V.Zeyqarnik isə faşist konslagerində vəfat etdilər.
1940-cı ildə o, Amerika vətəndaşlığını aldı. İkinci dünya müharibəsi dövründə strateji Tədqiqat Mərkəzində hərbi əxlaq, təbliğat, təyinat dəstələrində liderlik və yaralı əsgərlərin reabilitasiyası məsələləri üzərində tanınmış antropoloq Marqaret Mid ilə birgə tədqiqatlar aparırdı. Həmin dövrdə o, Sosial Problemlərin Psixoloji tədqiqatı Cəmiyyətini yaratdı. Bu cəmiyyətin dərc edilən məqalələri prezidentin də diqqətini cəlb etmişdir. Məqalələrdə əsasən sülh və müharibənin psixoloji aspektlərinə, kasıbçılıq və cəhalətə, eləcə də ailə problemlərinə toxunulurdu.
Sosial, xüsusilə də etnik problemlər daim Kurt Levini maraqlandırırdı. 1945-ci ildə o Amerika Yahudilər Konqresinin komisiya rəhbəri seçilir.
Müharibədən sonra onu Massaçuset Texniki Universitetində tədqiqat mərkəzinə rəhbərlik etmək üçün dəvət edirlər. Artıq o öz tədqiqat strukturunu yaratmaq imkanı əldə edir. Beləliklə, onun əməkdaşları ilə yaratdığı tədqiqat proqramı dörd istiqamətdən ibarət oldu:
1. Qrup məhsuldarlığının yüksəldilməsi üsullarının tədqiqi və nəzərdə tutulmuş məqsəddən yayınmanın aradan qaldırılması metodların müəyyənləşdirilməsi;
2. Komunikativliyin və şayiələrin yayılmasının tədqiqi;
3. Şəxsiyyətlərarası münasibətlərin və sosial qavramanın tədqiqi;
4. Liderliyin inkişaf etdirilməsi treninqlərin tədqiqi.
Kurt Levin qəfil ürək tutmasından 56 yaşında 1947-ci ildə 12 fevralda Massaçusetdə vəfat etmişdir.
Onun rəhbərliyi altında aşğıdakı tədqiqatlar aparılmışdır:
“Bitmiş və natamam işlərin unudulması”- B.V. Zeyqarnik ilə birgə;
“Məqsədlərin unudulması” – Q.B.Birenbaum;
“Frustrasiya haqqında”- T.Dembo;
“İddianın dərəcəsi”- F.Xoppe və s.
Kurt Levinin sahə nəzəriyyəsi
Kurt Levinə görə – insan onu əhatə edən cisimlərdən təşkil olunmuş “psixoloji sahə”də yaşayır və inkişaf edir. Hər bir predmet insan üçün müəyyən valentlik təşkil edir. Əşyalar bir növ mənfi və ya müsbət reaksiya yaradır.
İnsanın davranışı iki formada – iradi və sahəvi olur. İradi davranış daxili ehtiyac və motivlərdən, sahəvi davranış xarici obyektlərin təsirindən yaranır.
Bunu müəyyən etmək üçün Kurt Levin öz eksperimentini aşağıdakı formada aparır: Tədqiq olunanı eksperiment otağına guya intellektini və ya qavrayışını öyrənmək üçün dəvət edirlər. Tədqiq olunan otağa daxil olduqdan az sonra eksperimentator təcili bir yerə zəng edəcəyini bildirərək otaqdan çıxır. Otaqda tək qalan şəxsin davranışı gizli kamera və görüntülü güzgü ilə izlənilir. Otaqda yerləşən əşyalardan hansılarının tədqiq olunanda maraq yaradacığını müşahidə edirlər.