Bioqrafiya
В жизни нет иного смысла, кроме того,
какой человек сам придает ей, раскрывая
свои силы, живя плодотворно...
Эрих Фромм
Erik Fromm – öz dövrünün əhval-ruhiyyəsini müəyyən edənlərdən və XX əsrin dahi mütəfəkkirlərindən biri. Bütün dünyada onun ideyaları qədər geniş yayılan çox az psixoloq tapmaq olar (Hələ Frommun sağlığında onun əsas əsərləri milyonlarla tirajda çap olunub).
Eyni zamanda treninq və diaqnostik manipulyasiyalara meyilli bir çox praktik psixoloqlar Fromm barədə demək olar ki, heç nə bilmirlər. Onun əsərləri əsasən insanın təbiəti, bu dünyadakı yeri, mövcudluğunun mənası barədə fəlsəfi, etik, sosial-psixoloji yanaşmaları əhatə edir. Əslində bütövlükdə psixoloji tədqiqat işləri elə bu yanaşmalardan doğur.
YAXŞI ƏNƏNƏLƏR
Erik Fromm 23 mart 1900-cü ildə Frankfurt-Maynda yəhudi ailəsində dünyaya gəlib. Anası Roza From-Krauz Rusiyadan emiqrasiya edən ravvinin qızı, əmisi Dayan Lüdviq Krauz isə Poznanda tanınmış talmudistlərdən biri olub. Əmisinin Talmud oxumaq barədə nəsihətlərindən təsirlənən Erik həyatını iudizmin öyrənilməsinə və təbliğatına sərf etmək istəyirdi. Onun ailə ənənəsi buna imkan verirdi.
Ticarətlə məşğul olan Erikin atası da ravvin oğlu olub. O ailəsində ortodoksal dini ənənələri saxlanmağa çalışıb. Bütün günü kiçik butikində müqəddəs kitablar oxuyan ata, alıcıların onu oxumaqdan ayırmasından həmişə şikayətlənərdi. Təbii ki, belə bir məqam Erikin ailəsinin maliyyə işlərinin pis olmasına gətirib çixardı.
Fromm həyatının sonuna qədər yaxınları ilə əlaqəsini itirmədi. Onların – Yəhudi icmasının – tamahkar işbazlarla ümumi heçnəyi yox idi. Fromm özü öz dünyasını kapitalizmə qədərki dövr, bəzən isə burjuaziyadan tamamilə kənar, orta əsr dünyası kimi təsvir edirdi.
O, xatırlayırdı: “Yanımda kimsə işbaz olduğunu, həyatını pul qazanmağa sərf etdiyini dedikdə mən heyrətə gəlir, onun yerinə xəcalət çəkirdim”. Çünki, İudist adətlərinə görə istənilən zəhmət, əmək özünütəkmilləşdirməyə, kamilliyə xidmət etməlidir. Maddiyat ruhi təminatların ödənilməsi üçün azadlıq əldə etmənin məqsədi yox, yazlnız vasitəsi ola bilər. Fromm sonralar iudist adətlərindən uzaqlaşsa da onun fəlsəfi nəzəriyyələrinin əsasında bu meyar dururdu.
Frommun gənc vaxtında Tor və Talmudu oxuyarkən gəldiyi nəticələr: “Bəşəriyyətin, insanlığın tarixi itaətsizlik aktından başlayır, həmin zamandan etibarən onun azadlığı və intellektual inkişafı başlayır”. Sonralar 60-cı illərin gənc üsyançıları entuziazmla bu ideylara köklənmişdilər.
Müqəddəs yazılarda Frommu aşağıdakı spesifik yazıların təsirləndirdiyi xarakterikdir: Addəm və Həvvanın günaha batma tarixi,
İbrahimin Soddom və Qommor əhalisini himayə etməsi,
İon peyğambərin həyatı.
Frommun özünün “günahabatma” tarixi də maraqlıdır. Bir gün Fromm möhkəm ac olduğu vaxt küçə kioskundan gələn dadlı iyə meyl göstərir. Çox düşünməyən gənc talmudist, isti donuz sossiskasını alır, yoldaca yeyir. Və dünya heç də tərsinə çevrilmir! Hətta, gənc özünü pis və günahkar hiss etmir. Bəlkə də biz həmin sossiskaya minnətdar olmalıyıq ki, dünya adi ravvinini itirmiş, əvəzində dahi psixoloq qazanmışdır.
TALE VƏ ETİKA AXTARIŞINDA
Frankfurtda Fromm şəriət və dinlə yanaşı ümümtəhsil fənnlərinin də tədris olunduğu milli məktəbdə oxuyur. 1918-ci ildə o, kamillik attestatını qazanmaq üçün imtahan verir və bir qədər tərəddüd etdikdən sonra seçimini dini təhsildən imitinada və hüququn öyrənilməsinə edir. Fromm hüququ “bütün cəmiyyətlərin etikasının şəffaflıq minimumu” hesab etdiyindən onun bu qərarı radikal hesab edilmədi. Amma hüquqşünas olmaq perspektivi cəlbediciliyini qısa müddətdə itirir və o, fəlsəfə, sosiologiya və psixologiyanı öyrənmək üçün Qeydelberqə yollanır.
Qeydelberq universitetində sosiologiya Maks Veberin adı ilə nüfuz qazanmışdı. Amma Fromm onunla tanış olmağa macal tapmır. O, sosiologiyanı Maksın qardaşı Alfred Veberdən öyrənir və onun rəhbərliyi altında 1922-ci ildə doktorluq dissertasiyasını müdafiə edir.
Frommun şəxsi həyatında və elmi karyerasında vacib hadisə onun Frida Rayxmanla tanış olmasıdır. Frida bu tanışlığa qədər Kurt Qoldşteynin, sonra autogen məşq məktəbinin banisi İ.X.Şulçun assisenti olmuş, 1923-cü ildə isə Hans Saksın rəhbərliyi altında Berlin Psixoanalitika Məktəbində psixoanalizə yiyələnmişdi. 1924-cü ildə isə Frida Rayxman Qeydelberqdə özünün “Terapoytikum” pansionatını açmış və orada psixoanalizi praktika etmişdi.
Əvvəlcə sırf dostluq olan bu tanışlıq üçüncü şəxsin vasitəsiylə başlayıb. Lakin qisa müddət sonra Frida Frommu psixanalizlə maraqlandırmağa nail olur və ona özünün analitiki olmağı təklif edir. Öz pasiyenti ilə ailə quran Şandor Rado və Vilhelm Rayxın taleyi kimi, Frida Rayxman ilə Erik From arasındakı terapevtik əlaqə də evliliyə səbəb olur (gəl indi bundan sonra sevgini transferlə qarışdırma da!). Çoxları analitik etriafların, onların kəskin yaş fərqlərinin olmasının (Frida ondan 10 yaş böyük idi) bu evliliyə mane ola bilməməsinə heyrət edirdilər. Bununla belə, şübhələr öz təsdiqini tapır. Cəmi 4 il bir yerdə yaşayan cütlük ayrılır. Lakin onlar mehriban münasibətlərini qoruya bilirlər, nəticədə Frida ömrünün sonuna kimi iki soyadla yaşayır – Fromm-Rayxman və bununla heç də az olmayan məhşurluq qazanır.
PSİXOANALİZİN TƏRƏFDARI
Fromm psixoanaliz hazırlığını XX əsrin sonlarında analitiklərin və klientlərin diqqət mərkəzində olan, birincilik uğrunda Vena Universiteti ilə mübarizə aparan Berlin Universitetində almışdı. Müxtəlif illərdə burada Şandor Rado, Frans Aleksander, Maks Eytinqon, Hans Saks, Vilhelm Rayx, Rene Spiç və digər tanınmış analitiklər təcrübə keçmiş və müəllimlik etmişdilər. Burada Fromm Karen Xorni ilə yaxından tanış olur və onun himayəsi sayəsində Çikaqoda professor vəzifəsini əldə edir.
1925-ci ildə məcburi psixoanalitik hazırlığı (qeyd edək ki, əleyhidarları onun tibbi təhsilinin olmamasını xüsusilə vurğulayırdılar) bitirdikdən sonra öz şəxsi kabinetini açır. Onun pasiyentləri arasında çoxlu amerikalılar olur. Onlarla ingiliscə danışan Fromm böyük uğurlar əldə edir və nəticədə okeanın o biri tərəfinə assimliyasiya olur.
Əvvəlcə Fromm ortodoksal Freydizm mövqeyində dayanır, ilkin işləri mötəbər psixoanalitik jurnallarda, o cümlədən tanınmış “İmaqo” dərgisində nəşr olunur. Ziqmund Freyd ilə onun heç vaxt şəxsi tanışlığı olmayıb. Zaman keçdikcə Freyd doktrinasına bağlılığı zəifləyir və nəticədə Fromm psixoanalizin ən cəsarətli təftişçilərindən biri kimi çıxış edir.
QORXUNC PROQNOZ
Hitlerin hakimiyyətə gəlməsi Almaniyada qayda-qanunların səhmana salınması kimi qəbul edilir və buna görə də əhali tərəfindən alqışlanırdı. Fromm belə nəticə çıxarır ki, şəxsi azadlıqla bağlı insanın öz taleyinə cavabdeh, məsuliyyətli olması – çoxlarının daşıya bilinmədiyi bir yükdür və bu səbəbdən xalq öz azadlığından imtina etməyə hazırdır.
Geniş təcrübə, pasiyentlərlə ünsiyyət Fromma insan psixikasının formalaşmasında sosial və bioloji münasibətlərin dərk edilməsi üçün zəngin material verir. Emprik materialların təhlilini o, Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutunda işləyərkən aparır (1929-1932).
İnstitutun sosial psixologiya bölməsinin rəhbəri Fromm, 1932-ci ildə böyük sosial qrupların davranışında dərk olunmayan motivlərin tədqiqatını təşkil edir. Yekun olaraq bu nəticəyə gəlir ki, xalq kütlələri nəinki yeni doğulmuş faşizmə müqavimət göstərməyəcəklər, hətta öz əlləri ilə onu hakimiyytə gətirəcəklər. Belə “irrasional” hadisənin izahını Fromm, “azadlıqdan qaçma” mexanizmində görürdü. Belə ki, milli təhqirlərlə, işsizliklə, infilyasiya ilə incidilən xalq kütlələri azadlığın verdiyi üstünlüklərdən könüllü şəkildə imtina edir, onu bir kasa yala təminata və “sabitliyə” dəyişməyə hazır olur. (Buna görə də bu nəzəriyyə psixologiyada klassika hesab edilir və həyat onu dəfələrcə təsdiq edir).
Tədqiqatın nəticələri onu böyük xəyallardan imtina etməyə vadar edir və Fromm 1933-cü ildə Almaniyanı tərk edən birincilərdən olur (“Böük əl” və “yeni qayda-qanun” illuziyaları ilə yaşayan onun həmkarları nəticədə təlaş içərisində canlarını qutarmağa çalışdı, bəziləri isə heç buna da nail ola bilmədi).
FREYDİZM, MARKSİZM VƏ İUDAİZM
Fromm ABŞ-da məskən salır. Orada 1941-ci ildə onun ingilis dilində yazdığı totalitarizmin müxtəlif modifikasiyalarını ifşa edən kitabı – “Azadlıqdan qaçış” işıq üzü görür. Kitab müəlifinə Amerikada məhşurluq, Almaniyada isə nifrət qazandırır. Fromm, müharibə bitdikdən sonra belə, oraya qayıtmır.
Amerikada – əvvəlcə ABŞ-da, daha sonra Meksikada Fromm geniş pedaqoji və tədqiqat işləri ilə məşğul olur, böyük kliniki praktika aparır, ona böyük şöhrət qazandıran kitablar yazır və nəşr etdirir: “İnsan özü üçün” (1947), “Nağıllar, Miflər və Yuxugörmələr” (1951), “Sağlam Cəmiyyət” (1955), “Sevgi sənəti” (1956), “Ümidlərin inqilabı” (1968), “Əldə etməli, yoxsa olmalı?” (1976) və başqaları.
Freyd nəzəriyyəsini yenidən qiymətləndirmək və yaradıcı inkişafına nail olması Frommu müasir hümanitar elm istiqamətlərindən birinin – neofreydizmin banisinə çevirir. (Lakin onu həm də hümanist psixologiyanın teoretiklərindən biri hesab edirlər. Özünü aktuallaşdırma onun fikirlərində açıq-aydın təzahür edir: “İnsan həyatının əsas məqsədi – özünə həyat vermək, öz potensialını ortaya qoymaqdır. Onun səylərinin ən vacib nəticəsi – onun özünün şəxsiyyətidir”).
Fromm insan davranışının bioloji motivlərinə olan vurğunu psixoanalizdə sosial amillərə dəyişməklə bu 2 bağlanğıc arasında tarazlığa nail olmağa çalışır. Belə ki, adətən o, insandan məqsəd yox, vasitə kimi istifadə edildiyində, həyat fəaliyyəti və əmək prosesində insanın öz mahiyyətindən özgələşməsini, yadlaşmasını bildirən Marksist konsepsiyasına əsaslanırdı.
Freydizmin marksizmlə sintezi ümumiyyətlə Frankfurt məktəbinin bir çox nümayəndələri üçün xarakterik olmuşdur. Amma onların ictimai strukturların formalaşmasında inqilabçılığın rolu barədə fikirləri üst-üstə düşmürdü. Məsələn, H. Markuze Avropada nəşr olunan kitabında “Eros və sivilizasiya”da neofreydistlər, xüsusilə də K.Xorni və E. Frommu - freydizmi bütün zamanlar və mədəniyyətlər üçün mənəvi moizəyə çevirməkdə ittiham edir.
From da Markuzenin ideyalarını tənqid edir. Markuze inqilab, cəmiyyətin problemlərinin həllinə “cərrahi” üsul təklif edir; From isə daha çox “Terapiya” metodlarına, tərbiyyə, maarifçilik, əbədi əxlaq dəyərləri əsasında hümanizasiya təklif edir.
Burada biz qədim fəlsəfi mübahisnin izlərini görürük – nədən başlamalı: “Mən”dən, yoxsa “Biz”dən? Fromm başa düşürdü ki, insanı tarix yaradır və buna aid onun məşhur bir kitabı var – “İnsan özü üçündür”. Frommun Talmuddan götürdüyü epiqrafı tərcümə etsək kitabın adı və mahiyyəti bizə aydın olar:
Əgər mən öz arxamda deyiləmsə, onda kim mənim arxamda duracaq? Əgər mən təkcə özüm üçünəmsə, bəs onda mən kiməm? Əgər indi yox, bəs onda nə vaxt?
İNAM SƏNƏTİ
Fromm müxtəlif mədəni tiplərin təsirlərindən formalaşan sosial xarakterlərin tiplərini təhlil edərək, humanist və avtoritar etikanın təsir rollarını göstərmişdir. O, insanın öz fikrini və iradəsini həm xarici avtoritar hakimiyyətə, həm də ictimai rəyin anonim avtoritetlərinə qarşı çıxa bilməsini və çıxmalı olduğunu deyirdi. Belə ki, Fromm sərbəstliyi və özünütəkmilləşdirməni insanın avtoritarizmdən, onun bütün mümkün növlərindən xilas kimi görürdü.
Bu fikir onun ən məşhur kitabı – “Sevmək sənəti”ndə ana xəttdir. İnsan 2 uçurum – aqressivlik və itaətkarlıq – arasından müstəqil seçim etməlidir. Əqli ilə o digər canlı varlıqlardan fərqlənir və əqldən başqa onun güvənci yoxdur. Hələ 2-ci Dünya savaşından öncə o göstərdi ki, totalitarizm, sərbəst iradə və müstəqil düşüncənin susdurulması təkcə, hakimiyyətin terror və qəsbkarlığının deyil, həm də milyonlarla insanın əqli və azadlığı qiymətləndirə və sevə bilməməsinin nəticəsidir. Bu isə onları bədxahlığın və bəzən də cəlladlığın iştirakçılarına çevirir.
İndi də irrasional destruktivliyin yeganə layiqli və etibarlı müqavimətçisi əql və xoş niyyətdir. Frommun arzuladığı “Sağlam cəmiyyət” hələ də qurulmayıb. Tənhalıqdan, yadlaşmadan, darıxdıcı reallıqdan gündəlik və ictimai həyatdakı psixopatalogiyalara, narkotik illuziyalara, səmərəsiz sabit əməyə qaçış – məgər bizim bugünki problemimiz deyilmi? Buna görə də Frommun sözləri indinin özündə də öz aktuallığını saxlayır:
“İnsan inamsız yaşaya bilməz. İndiki və gələcək nəsillər üçün həlledici məsələ insaların nəyə inanmalarındadır. O, rəhbərə, maşına, uğura irrasional inam bəsləməli, yoxsa öz səmərəli həyat təcrübəsinə söykənən rasional inamla yaşamalıdır?!”
Kamil HƏMİDOV