"Binadan özünü atıb intihara cəhd etmək istədi", " Körpüdən özünü atdı", "11 yaşlı qız intihara cəhd etdi", "Özünü evdən asdı"... Son günlər eşitdiyimiz və getdikcə də süjeti dramatikləşən, heyrət yükü artan xəbərlərin başlıqlarıdı bunlar.
Sabahını görə bilən, gələcəklə bağlı hədəfləri, planları olan şəxsin intihara cəhd etməsi mümkün deyil. Əksinə, o, bütün mümkün vasitələrdən istifadə edəcək ki, yaşasın. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov hesab edir ki, hər bir insanın həyatı boyunca intihar fikri ağlından keçir, amma bunun həyata keçirilməsi ani bir qərardır. Yeniyetməlik dövründə intiharın səbəbləri də müxtəlif olur. Ailədaxili münaqişələr, oxuduğu məktəbdə özünü tapa bilməməsi və diqqəti cəlb etmək üçün göstərişli intiharlar. Psixoloq deyir ki, valideyn məsuliyyətsizliyi də intihara aparan yolu asanlaşdırır. Bəzən uşaqla valideyn arasında kəskin sərhəd, hətta uçurum olur.
Psixoloq Elnur Rüstəmov deyir ki, valideynlər uşağın özünə qapanması, ünsiyyətdən qaçması və aqressiv olması hallarına həssas yanaşmalıdırlar: " Belə vəziyyətdə valideyn diqqətli olmalıdır. Xüsusən də yeniyetməlik dövründə məsuliyyət ailənin üzərinə düşür. İntihar hadisəsi baş verir, məlum olur ki, ailədə münaqişə var, yaxud uşağın əsəblə bağlı problemi var. Əgər var idisə zamanında niyə tədbir görülmürdü? "
Psixoloq deyir ki, intiharın digər səbəbini ədəbiyyatda axtarmaq lazımdır. Etnopsixologiyamızda sevgi özünü əzab ifadəsində göstərir. Yəni milli ədəbiyyatda sevgi dastanlarının əksəri əzablar üzərində qurulub. Bunlar insanlara şüuraltı təsir göstərir: "Biz sevərkən həmişə əzab çəkmək istəyirik. Şüuraltı olaraq meylli oluruq. Tutaq ki, nələr isə özümüzdə tapırıq və başlayırıq əzab çəkməyə. Bunlar bizim bədii ədəbiyyatımızda var və düşüncələrimizə çox təsir göstərir. Bunlarda da müəyyən bir reforma aparmaq lazımdır. Sevmək əzab çəkmək deyil, sevmək əksinə həyatı sevməkdir".
18-35 yaş arasında olan intiharlar səbəblərinə gəldikdə isə, mütəxəssis səbəbləri cəmiyyətdə axtarır.
Qeyd edək ki, Azərbaycanda intihar hallarının say statistikası getdikcə artır.
2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414,
2012-ci ildə isə 482 nəfər intihar edib.
2013-cü il üçün rəsmi statistika hazır olmasa da, mediadakı məlumatlara əsasən, Azərbaycanda təkcə may ayında 46, apreldə isə 66 intihar hadisəsi baş verib.
http://news.lent.az/news/151896