Elnur Rüstəmov, Psixologiya və Konsultasiya Mərkəzinin direktoru
Sirr deyil ki, məktəblilər xasiyyətcə çətin olurlar. Uşaqlar böyüyənə qədər çoxlu səhvlərə yol verirlər. İntizam qaydalarının pozulması ilə rastlaşdıqda, pedaqoqların bir hissəsi səsini qaldırır, digərləri isə əhəmiyyət verməməyə çalışırlar. Bəzi müəllimlər direktoru dəvət edir, şagirdi sinifdən qovurlar. Bundan başqa, cəzalar töhmətdə, pedaqoqun qəzəbli, qeyzli baxışlarında, davranışa görə qiymətdə, şagirdin üzərinə əlavə vəzifələrin, məsələn, sinfin yığışdırılması vəzifəsinin qoyulmasına və ya küncə qoyma kimi özünü büruzə verir.
İstənilən halda, cəza ədalətli olmalıdır, əgər buna əmin deyilsinizsə, şagirdləri cəzalandırmaq lazım deyil. Cəza seçilərkən şagirdin yaşını da nəzərə almaq lazımdır. Məsələn, aşağı sinfilərdə şagirdin sinifdən çıxarılması yersiz olardı.
Şagirdlin ləyaqətini alçaldan cəzalar yolverilməzdir. Mənəvi cəzalarla da ehtiyatlı olmaq lazımdır. Şagird nə qədər ağır cəzaya layiq olsa da, onu ələ salmaq, ona gülmək olmaz. Cismani cəzalar da qəbuledilməzdir. Bəzən cəza kimi şagirdi dərsdən qovurlar və dərsə buraxmırlar. Lakin yaddan çıxarmaq olmaz ki, bu zaman şagirdlə bədbəxt hadisə baş versə və ya o hansısa səhvə yol versə, buna görə müəllim məsuliyyət daşıyır. Müəllimin məktəbdə siqaret çəkməsi yolverilməzdir.
Sosial statusuna görə müəllim istənilən şagirddən üstündür. Lakin bu müəllimin nüfuzundan sui-istifadə edilməsinə bəhanə olmamalıdır. Müəllim problemləri bacarıqla aradan qaldırmağı bacarmalıdır. Şagirdin davranışını təhlil edərkən müəllim motivləri araşdırmalı və əsassız nəticələr çıxarmamalıdır. Həvəsləndirmə və cəzalar vasitəsilə müəllim şagirdlərin məsuliyyətli, intizamlı davranışına nail ola bilər. Burada söhbət şagirdin özünə inamdan məhrum edən, yalanlar doğuran qorxu üzərində tərbiyədən getmir. Müəllimin özünü göstərmək bacarığı böyük əhəmiyyət kəsb edir. Şagirdin təsəvvüründə müəllim obrazı yaranır ki, bu da çox vacibdir.
Zənnimcə, müəllim və şagirdlərin xarici görünüşünə dair müəyyən tələblər olmalıdır. Müəllimlərin xarici görünüşü ciddi işgüzar üsluba uyğun olmalıdır. Məktəb şagirdləri üçün isə Azərbaycanda vahid məktəb forması tətbiq olunub. Rahat, estetik paltar gündəlik həyatda uşaqlar arasında sosial fərqləri aradan qaldırır, şagirdlərdə yaşıdları yanında psixoloji diskomfort hissinin yaranmasının qarşısını alır. Belə ki, bu cür diskomfort daha az təminatlı ailələrdən olan uşaqlarda çoxsaylı komplekslər yaradır.
Düşünürəm ki, dini baxışlara hörmətlə yanaşmaq lazımdır. Əgər bəzi valideynlərin hicabın qadağan olunduğu məktəblərdən uşaqlarını çıxardığını nəzərə alsaq, bu, qızların təhsildən kənarda qalmasına səbəb olur. Bu isə Konstitusiyaya ziddir, hal bu ki, qanuna görə, hər kəsin təhsil almaq hüququ var. Hicabda radikalizm axtarmaq lazım deyil. Əgər insanın etiqadı ictimai təhlükə yaratmırsa, onlar qadağan olunmamalıdır.
Mən öz təcrübəmdə belə bir halla rastlaşmışam. Eyni bir pozuntuya görə şagirdlərdən birini məktəbdən çıxarırdılar, digərini isə məktəbdə saxlamaq istəyirdilər. Birgə müzakirələrdən sonra biz qərara gəldik ki, hər ikisinə şans verək. Mən bir psixoloq kimi onlarla mütəmadi söhbət edir, korreksiya aparırdım və bu müsbət nəticə verdi.
Hər bir müəllim öz təcrübəsində, intizama, şagirdin məsuliyyətli davranışına nail olmaq üçün, xüsusilə də aşağı orta siniflərdə mükafatlandırma və cəza sistemindən istifadə edir. Müəllim şagirdlərin pis, neqativ münasibətindən inciməməlidir, əksinə onun yaranmasının səbəblərini başa düşmək lazımdır. Bu cür hallarda pedaqoqla məktəb psixoloqunun birgə iş aparılması zəruridir. Bu, neqativ davranışın səbəblərini aşkara çıxarmağa imkan verər. Fərdi psixoterapiya, korreksiya işi şagirdlərə öz daxili aləmini yaxşı anlamağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edir.
http://www.biznesinfo.az/observer/askanexpert/params/ln/az/article/80894