Şirin dilin, gülər üzün açmadığı qapı yoxdur...
Bu iki ticarətçinin aqibətini xatırlamayanlara qısa xatırlatma etmək istədim... Orada belə bir nüans var. Ticarətçinin biri bal satdığı halda o qədər qaş-qabaqlı durur ki, onun ətrafında bir nəfər belə müştəri olmur. Ancaq digər satıcı sirkə satsa da, bütün müştərilər onun ətrafında toplaşırlar. O vaxtlar sadəcə kitabların rəngli səhifələrini sevdiyim üçün səthi şəkildə baxıb keçdiyim bu şəkil, indi hər dəfə gülər üz görəndə, yaxud da şirin dilli bir insanla söhbət edəndə gözümün önünə gəlir. Sizcə, doğrudan da elə deyilmi? Lakin elə bir dövrə gəlib çıxmışıq ki, kiminsə üzündə təbəssüm görəndə, bizimlə şirin dillə danışan olanda bəzən şübhələnməyə başlayırıq ki, “mütləq nə isə mənfəət götürmək istəyir”. Əslində isə hər kəsə qarşı bu düşüncədə olmaq doğru deyil. İnsanlar, həqiqətən də, gülər üzə, şirin dilə möhtacdırlar. Bunu istənilən yerdə, istənilən insanla sınaya bilərsiniz. İnsanlara qarşı necə olsanız, mütləq elə qarşılıq görəcəksiniz. Bilmədən ayağını basdığınız biri əsəbi şəkildə sizə doğru çevriləndə üzünüzdəki təbəssümə, üzürünüzdəki şirinliyə görə cavabınızı verəcək...
Gülərüzlü olmaq gülümsəyən bir üzlə yaşamaq deməkdir. Bu insanın özünü gözəlləşdirər, cəmiyyəti rahatlaşdırar. Şirin dilin, gülər üzün açmadığı bir qapı yoxdur. Bir hədisi-şərifdə də deyildiyi kimi, “mallarınızla hər kəsi razı salmaq mümkün deyil. Ancaq, gülər üz, şirin dil və gözəl əxlaqla razı sala bilərsiniz”.
“Gülər üz, şirin dil “məndən qorxma” mənasına gəlir”
Bu günlərdə bir qohumumun əməliyyat olunması üçün həkimə getdik. Xəstə kifayət qədər həssas olduğu üçün çox qorxmuşdu və rahatlaşmağa ehtiyacı vardı. Qohumum stress və həyəcanla həkimin yanına girmişdi. Amma həkimin üzündə gördüyümüz xoş münasibət, xəstə ilə empatiya qurması bütün qorxunu, gərginliyi alıb apardı. Bunu deməkdə məqsədim insanların, həqiqətən də, gülər üzə, şirin dilə ehtiyacı olduğunu bildirməkdir. Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmov da bu qənaətdədir. O bildirdi ki, gülərüzlü insanlar qarşı tərəfə müsbət mənada enerji ötürürlər: “İnsanlar qarşı tərəfin üzündə təbəssüm görmək istəyirlər. Bu, insanlar tərəfindən yanlış anlaşılmamalıdır. Bir insanın özünün şirin dilini, gülər üzünü göstərməsi, əslində bir növ onun qarşı tərəfə özü haqqında mesaj verməsi deməkdir. Yəni, “mən qorxulu biri deyiləm”. Avtobusda bir nəfərin digərinə yer verdiyi zaman ona xoş üzlə təbəssüm etməsi, ona göstərdiyi səmimiyyətin ifadəsidir. Yəni yaşlı birinə yer verdiyiniz zaman üzümüzdə yaranan xoş ifadə onu bildirir ki, “oturduğum yeri sizə verməkdə səmimiyəm, məcbur deyiləm”. Psixoloq qeyd etdi ki, əslində insanların ruh halını da, onların bir-birinə qarşı olan münasibətləri müəyyən edir: “Məsələn, səhər işə gedirsiniz və əhvalınız heç də yerində deyil. Yolda qarşılaşdığınız yaşlı birinin qarda sürüşməməsi üçün qolundan tutub getmək istədiyi yerə ötürmək insanın əhvalının yüksəlməsində böyük rol oynayır. Əslində, düşünə bilərsiniz ki, “bir insanı tanımıramsa, onun gülüşünə də, xoş sözünə ehtiyacım yoxdur. Kim bilir, bəlkə onu bir də heç görməyəcəm də. Bunun mənim günlük əhvalıma nə kimi təsiri ola bilər ki?”. Ancaq belə deyil. Fikir versəniz görərsiniz ki, özünüzdən asılı olmayaraq, gülən üzə baxanda üzünüz gülür. Bu sizin iradəniz xaricində olan psixoloji vəziyyətdir”.
Problemlər insanın qaşlarını çatmamalıdır
Şirin dil və gülər üz istifadə edə bilənə ən gözəl silahdır. Bir çox insanın kobud və sərtliklə əldə edə bilməyəcəyi şeyləri, bir-iki kəlmə şirin söz, xoş təbəssümlə asanlıqla əldə etmək mümkündür. Necə deyərlər, “Şirin dil ilanı yuvasından çıxarar”. Bir insan nə qədər aqressiv olursa olsun, qarşısında təbəssüm edən üz gördüyü zaman yumuşalır.
Gülümsəyən bir üz mimikası, xüsusilə də, ailə münasibətlərində gərgin vəziyyəti aradan qaldırmaq üçün ən gözəl silahdır. İnsanların böyük qisminin üzünə diqqət etsək, üz cizgilərində gərginliyin büruzə verdiyini açıq şəkildə görmüş olarıq. “Bu insanların günümüzdə yaşadığı problemlərlə əlaqəli ola bilərmi?” sualını Elnur Rüstəmov belə cavablandırdı: “Hər dövrdə insanlar problemlərlə qarşılaşırlar. Elə insanı insan edən də onun problemləridir. Ancaq bir şey var ki, hər kəs o problemlərə eyni reaksiya vermir. İnsan gərək qarşılaşdığı problemlər qarşısında ruhdan düşməsin. Unutmamaq lazımdır ki, insan problemi gözündə nə qədər böyütsə, problem o qədər də onun arxasından gələcək”.
“Mükafat xarakteri möhkəmləndirir”
Memorial Psixoloji klinikasının psixoloqu Ülviyyə Abdullayeva hesab edir ki, əgər tanımadığınız birinə yardım edirsinizsə və qarşılığında ondan müsbət münasibət görürsünüzsə, demək ki bu, etdiyiniz yaxşılığın mükafatıdır. Mükafat isə xarakteri möhkəmləndirir. Bu, o deməkdir ki, xoş təbəssüm, gülərüzlülük artıq sizin bir parçanızdır və növbəti dəfələrdə də insanlara gülər üz bəxş etməyə qadirsiniz”. Ülviyyə xanım bu fikirdədir ki, insanlara qarşı gülərüzlü, xoşsözlü olmaq eyni zamanda özünə dəyər qazandırmaq deməkdir: “Tutaq ki, bir insanla ilk dəfə qarşılaşırsınız və sizinlə danışarkən üzündə xoş bir ifadə yaranır. Bu təbii ki, sizin həm özünüzə olan inam hissini ortaya çıxarar, həm də özünüzün dəyərinizi anlamış olarsınız. Nəyə görə özünəinam hissini gücləndirər deyirəm? Ona görə ki, əgər bir insan iş görüşməsinə gedərsə və işə götürəcək olan şəxsdə dediyimiz bu xüsusiyyətlər varsa, təbii ki, insan özünü daha rahat hiss edər, həyəcanlanmaz və öz potensialını ifadə edə bilər”.
Nə edim ki, gülərüz, şirindil olum?
Gülmək ən gözəl üz idmanıdır. Heç bir makiyaj üzü gülümsəmək qədər gənc göstərə bilməz. Psixoloqlar bildirirlər ki, gün boyu gülümsəməyin ən gözəl yolu, səhər güzgünün önündə insanın öz-özünə danışmasıdır. Məsələn, “sən gözəl və ağıllı bir insansan, bu günün çox gözəl başlayıb, əminəm ki, hər şeyi bacaracaqsan” və s. bu kimi ifadələri gülümsəyərək, inanaraq, yüksək əhval-ruhiyyə ilə demək günün istədiyiniz şəkildə keçməsinə böyük təsiri var.
Unutmayın, gün ərzində qaşlarınızı çatsanız, rastınıza çıxan insanlar da çox güman ki, eyni reaksiyanı verəcəklər. Ən azından onlar da gözünüzdə elə olacaqlar. Necə ki, güzgünün qarşısında durduğunuz zaman öz mimikanızı görürsünüz... Gülmək qəhqəhələrlə insanları ələ salmaq üçün istifadə edilməməlidir. Könüldəki gözəl niyyətin, sevginin üzdə əks olunması olmalıdır. Üzünüz gülər, diliniz şirin olsun!
zaman.az
http://xezerxeber.com/muxtelif/85114/sirin-dilin-guler-uzun-acmadigi-qapi-yoxdur