Perfeksionizm başqa sözlə mükəmməlliyətçilik – bu mövqeni ilk baxışdan qüsursuzluq kimi qavrayırıq. Əslində mövcud olan qüsurları gizləmək üçün “ dəridən qabıqdan çıxmaq”, o cümlədən sahib olmaq istəyib də ola bilmədiyimiz keyfiyyətlərin şəxsiyyətin strukturunda yaratdığı boşluqları doldurmaq üçün istifadə edilən cəhdlərin adıdır. Potensialından daha artığına sahib olmaq istəyi insanlarda müxtəlif davranışlar şəklində özünü göstərir. İstənilən mühitdə şəxslərarası münasibətdə insan daim öz mövqeyinin toxunulmazlığı uğrunda mübarizədədir. Adətən, ilkin təəssürat xarakterik xüsusiyyətlərin aşkarlanması istiqamətində mühüm informasiya mənbəyi olduğundan əsasən yeni tanışlıqlar zamanı çatışmazlıqlarımızı gizləməyə çalışırıq. Mükəmməlliyətçi olmaq bir növ rütubətli divara boya çəkməklə mövcud nəmi gözlərdən gizlətmək kimidir və daim boyalanmağı tələb edir. Perfeksionizmin kökündə qarşısını almaqda çətinlik çəkdiyimiz və aşkar olduqca özgüvənimizi minimuma endirən çatışmazlıqlarımızdır. Hər zaman qüsursuzluğa can atmaq , əslində kiçik nöqsanların belə öhdəsindən gələcək qədər gücə sahib olmamağın nəticəsidir. İnsan istənilən situasiyada tənqidə açıq olmalıdır. Nöqsanların qəbul edilməsi onların aradan qaldırılmasını tezləşdirir. Öz davranışının analizini apararkən qarşı tərəfin də baxış prizmasını nəzərə almaq daha obyektiv qiymətləndirməyə səbəb olur. Hər halda məsələyə dörd gözlə baxmaq daha səmərəlidir nəinki iki gözlə. Ümumiyyətlə, nöqsanları görməzdən gəlmək, laqeyd münasibətlə onu həll etmədən ört-basdır etməyə çalışmaq, yaxud üzə çıxmaması üçün daxildə emosiyalarımızın müharibəsini aparmaq mövcud fəaliyyətin gedişatının ləngiməsini surətləndirir. Daha dəqiq desək, keyfiyyətlər strukturunda natamamlıq mövcud olduqda özgüvənin aşağı enməsi müşahidə olunur. Və bu enişi gizlətmək, yaxud stabil vəziyyətə gətirmək üçün səylər ortaya qoyulur. Beləki, ünsiyyət zamanı tez-tez “mən”, “ümumiyyətlə”. “ mümkün deyil”, “heç vaxt”, “daima”, “ bütünlüklə” və s kimi kəskin və net məna daşıyan sözlərdən istifadə edilir. İstənilən sahədə qüsursuzluğa can atmaq effektivliyi artırsa da, mövcud qüsurlarla mübarizə aparmaq da mübət keyfiyyətlər sırasındadır. Özünü olduğu kimi deyil olmasını istədiyi kimi təqdim etmək perfeksianizmin digər adıdır. Qarşı tərəfdə “qüsursuzluq aşiqi” təəssüratını yaratmaq cəhdi əslində qarşı tərəfin tuta biləcəyi nöqsana dözümsüzlüyün göstəricisidir. Eynən müdafiə mexanizmi kimi. Perfeksionist olmaq sahibi tərəfindən “Mən hər şeydə mükəmməlliyi sevirəm” , “ Ya tam olsun ya heç olmasın” kimi ifadə olunsa da qarşı tərəfdən “Mən nöqsanlarımı əslində sözlərlə gizləməyə çalışıram”, “ Tənqidləri qəbul edə bilmərəm”, “Sahib ola bilmədiyim keyfiyyətləri sizə sezdirməməyə çalışıram” kimi qəbul edilməlidir. Xarakterik cəhətdən ən güclü, hər işdə detallarına kimi dəqiq olan şəxsiyyət tipi kimi qavradığımız mükəmməlliyətçi insan, əslində qüsurlarına görə tənqid olunmağa tam hazır olmayacaq dərəcədə dözümsüzdür və bu səbəbdəndir ki, onu sözlərlə, müəyyən davranışlarla aşkarlamamağa çalışır. Nəticə etibarilə mükəmməlliyətçilik orta stabil mövqedən “kəsə yolla” daha yüksək pilləyə irəliləmək istəyidir. Hər addımda qarşılaşdığımız manelərlə mübarizə aparmadan onlardan yayınmaq, zamanla sahib olacağımız statusun fundamental quruluşunda defisitlər yaranmasına şərait yaradır. Və bu saxta yönəlişlik zamanla əldə etdiyimiz yüksək mövqenin “ağırlığına” tab gətirməz vəziyyət alır. Bu səbəbdəndir ki, çatışmazlıqlarımızdan qaçmamaq, onların mövcudluğuna göz yummamalıyıq, ən əsası mükəmməlliyətçilik pərdəsi altında gizlətməməliyik. Başqa sözlə, başımız ağrayan zaman ağrıkəsici atmaqla kifayətlənmək ağrının kökünə enməkdən qaçmaqdır ki, bu da istənilən halda çıxış yolu deyil, çünki o ağrı ən müdafiəsiz vaxtımızda bizi “ qarşılaya” bilər.
Zümrüd Səfərova.
Narınc UPM-nin psixoloqu