Art terapiya nədir?

Art terapiya və ya təsviri sənət terapiyası musiqi,rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb,sağaldır. Rəsm, heykəltəraşlıq, musiqi, teatr və hekayələr yoluyla həyata keçirilən bu terapiya novü sizə özünüzə və ətrafınıza fərqli gözlərlə baxmaq və anlamaqda köməkçi ola bilər.

Terapiya zamanı çox zaman insanların  problemləri birbaşa müzakirə obyektinə çevrilir, hansı ki belə hallarda fərd ( xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, psixoloqu yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan qaçmağa çalışır. Amma art terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur. Fərd probleminin istədiyi qədərini ortaya qoyur. Paylaşmaq istəmədiyini özünə saxlayır. Onun daxili dünyasına təsviri sənət vasitəsilə daha yumşaq,daha estetik yanaşılır.

Art terapiyanın ortaya çıxması və inkişafı.

İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar,qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı  vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri  rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur.  Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas  müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.  Və sonda  bütün bunların rahatladıcı bir xüsusiyyətinin olduğunu kəşf etmişlər.  Sözlə ifadə edilə bilməyən bəzi şeylərin sənət yolu ilə rahatlıqla ifadə edildiyini görüb “bundan niyə terapiya məqsədli istifadə edilməsin?” deyə düşünmüşlər.

Bu, özəlliklə kiçik yaş qruplarında və yeniyetmələrdə çox yaxşı işləyən bir sistemdir.” Diqqətlə baxıldığında əslində bir şəkil min sözə bərabərdir. “ Art terapiya bu fikrin nə qədər doğru olduğunu bir daha sübut edir. İki – üç yaşlarında bəzi kaprizli, aqressiv,obsessiv davranışları olan və yaxud cinsi istismar görmüş bir uşaq düşünün. Sizcə, bu uşaqla yarım saat oturub danışmağa cəhd etmə şansınız neçəyə bərabərdir? Ancaq oyun terapiyasından ya da onun iç dünyasını ortaya çıxara biləcək rəngli qələmlər, boyalar vasitəsilə çəkilən rəsm sizə daha çox məlumat verə bilər. Eyni şəkildə yeniyetmə çağında olan, bu dəyişikliyin gətirdiyi sıxıntılardan biraz bezmiş, biraz utanmış bir uşaq düşünün. Hansı ki, hamı ona nəsihət verir. Sən bele deyildin nə oldu sənə, yoxsa zərərli alışqanlıqlarınmı var, pis dostların, çevrənin əhatəsinəmi düşmüsən kimi suallar verilən mühitdə bu uşaq onsuz da sıxılıb daha da özünə qapanmışdır. Rahatlanmağa, yenilənməyə ehtiyacı var. Rəsm çəkmə yeniyetmələrə olduqca dəyişik gələn  amma eyni zamanda da xoşlanacaqları bir üsuldur.

Art terapiyada istifadə olunan vasitələr müxtəlifdir. Bura qələmlər, rəngli karandaşlar, boyalar, təbaşir, barmaq-əl boyaları, divar boyası, hətta kompyuterdəki bəzi yaradıcı proqramlar da aid edilə bilər.

Təsviri sənət terapiyası hər yaşdan , hər problemli insanlarla işlənilə bilər. Ancaq sözlü olaraq ünsiyyət qura bilməyən insanlar üçün bu üsul xüsusilə yararlıdır. Autizm, eşitmə əngəlli, zəka geriliyi, demensiyası olan və ya beyni zədə almış xəstələr bu qrupa aid edilə bilər. Çünki bu insanlar üçün bəzən təsviri sənət tək ünsiyyət yolu ola bilir.  Eyni zamanda, depressiyada olan, özünə zərər verməyə meyilli, öyrənmə problemi yaşayan, psixozda olan, duyğu və davranış pozuntuları olan, travmatik bir hadisə yaşamış və ya xroniki xəstəliyi olan, yoldaşları ilə düzgün ünsiyyət qura bilməyən,aşırı aqressiv  uşaqlarda da bu metod uğurlu nəticələr verir.

İçimizdə var olan yaradıcılıq əslində günlük həyatın bir parçasıdır. Ancaq, çox insanlar yaradıcılıq gücünün fərqində belə deyillər. Yaradıcı olmaq, təxəyyül və xəyallarımız bizə duyğularımızı tanıma və ifadə etməyə, özümüz və ətrafdakılarla ünsiyyət qurmağa və problemlərə fərqli bir prizmadan baxmağa kömək edə bilər.

Ölkəmizdə də savadlı mütəxəssislər tərəfindən art terapiyadan çox uğurla istifadə edilir. Övladınızın əylənərək problemlərinin həll olunmasını, aqressiya, kaprizlərdən azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini istəyirsinizsə mütəxəssislərimizə müraciət edə bilərsiniz.

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat