Hüquq psixologiyası

Hüquq psixologiyası, psixologiya elmindəki məlumatların hüquqi sahəyə tətbiqi kimi başa düşülə bilər. Olduqca yeni bir elm sahəsi olmasına baxmayaraq , həm də sürətlə inkişaf edən bir sahədir. Hər iki elmlər sistemini bir-birinə yaxınlaşdıran və hətta qovuşduran bir ümumi cəhət var ki, o da onların hər ikisinin obyektinin insanın rəftar və davranışı, daxili psixoloji aləmi, fərdi-psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır.

Hüquq psixologiyasında cinayət törədən fərdlərin şəxsiyyət strukturu  və ruhi vəziyyəti təhlil edilərək cinayətlə olan bağlantısı ələ alınır.  Fərdlərin psixoloji durumu incələnərək onu cinayətə təhrik edən faktorlar ortaya çıxarılır. Hüquq psixoloqları, cinayətə təhrik edən faktorların müəyyən edilməsi və veriləcək cəzanın azaldılması üçün gərəkli olan tədbirlərin görülməsindən məsuldurlar.

Cinayətkarın psixoloji profili dəyərləndirilərkən aşağıdakı faktorlar diqqətə alınır: cinayətkarın cinsiyyəti, yaşı, mədəni halı, təhsil səviyyəsi, maddi vəziyyəti, polis suallarına reaksiyası, cinsi yetkinlik səviyyəsi, keçmişdə qeydə keçmiş cinayətlərinin olub-olmaması və s. Ümumən hüquq psixologiyası aşağıda qeyd edilən problemlərin psixoloji əsaslarını öyrənir:
- Hüquqauyğun davranış (hüquqi-şüur, əxlaq, ictimai rəy, sosial stereotiplər);
- Cinayi davranış (cinayətkarın şəxsiyyətinin strukturu, cinayi stereotip, cinayətkar qrupun strukturu, cinayi şərait, zərərçəkənin şəxsiyyətinin strukturu və həmin strukturun cinayi davranışın mənşəyindəki rolu);
- Hüquq mühafizəsi fəaliyyəti (hüquq pozğunluqlarının profilaktikası, istintaq psixologiyası, məhkəmə prosesinin psixologiyası, məhkəmə-psixoloji ekspertizası);
- Hüquq pozanların, cinayət etmişlərin yenidən sosiallaşması (əmək-islah psixologiyası, İƏD-azad olunduqdan sonra adaptasiya psixologiyası);
- Yetkinlik yaşına çatmayanların davranışı və onların psixoloji problemləri
.

Hüquq psixoloqları fərdin cinayət işlərkən şüurlu olub-olmaması və  eyni zamanda cəza alıb-almaması haqda lazım olan sənədləri hazırlayırlar. Bundan başqa, cəza gərəkdirən cinayətlər törədən uşaqların cəzayi məsuliyyət daşıyıb-daşımadıqlarını da müəyyən edir. Yəni uşaqların bu cinayəti törədərkən nə dərəcədə fərqində olduğunu və zəkasının cəzayi məsuliyyət alabiləcək səviyyədə olub-olmadığını araşdırır.  Sadəcə bununla məhdudlaşmayaraq, evlənmə, boşanma , mühafizə, satış, sürücülük hüququ kimi mədəni mövzularla əlaqədar da çalışmalar aparır.  Yəni fərdin bu kimi işləri görə biləcək zəkaya və ruhi yetərliliyə sahib olub-olmadığını müəyyən edir.

Hüquq psixoloqlarının  verdiyi məlumatlar, məhkəmə prosesinin daha qısa vaxtda nəticələnməsi, hadisələrin daha tez aydınlaşması və  hakimin qərarvermə müddətində təsirli rola malikdir.  Aşağıda hüquq psixoloqlarının  apardıqları işlərin bir neçəsi sadalanmışdır:

    Qəyyumluq iddiası zamanı valideynlərin psixoloji vəziyyətini incələyərək, uşağın hansı valideyinin himayəsinə verilməsini müəyyən etmək.

    Susma haqqından istifadə edib, məhkəmədə ifadə verməməkdə israr edən cinayətkarlarla əlaqədə olub, ifadə vermələrini təmin etmək.

    Cinayətkarın zəka səviyyəsinin, məhkəmədə özünü müdafiə edə biləcək yetərlilikdə olub-olmadıqlarını təyin etmək.

    Şahidlərin, şahidlik edə biləcək yetərli zəka və ruhi saglamlığa malik olmalarını təstiq etmək.

    Cinayətkar uşaqların, törətdikləri cinayətin fərqində olub-olmadıqlarını araşdırmaq.

    Cinayətkarın cinayəti törədərkən affekt vəziyyətində olub-olmamasını müəyyən etmək.

    Günahı sübut edilməmiş şübhəlilərin həqiqətən günahkar və ya cinayətlə hər hansı bir əlaqələrinin olub-olmadıqlarına yönəlmiş psixoloji araşdırmalar aparmaq.

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat