Psixoloq: “Abituriyentin ixtisas seçimində valideynin iştirakı vacibdir”

“Keçid balını toplayan və toplaya bilməyən abituriyentlərə bu situasiyada dəstək olmaq birmənalı şəkildə ailənin üzərinə düşür”. Bunu Modern.az-a psixoloq Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, ixtisas seçimində ailənin iştirakı vacibdir:
“Keçid balı ali məktəbə qəbul olmağa imkan verən abituriyentlərin seçəcəkləri ixtisaslara ailələri ilə birlikdə qərar vermələri daha yaxşı olardı. Onlar bu prosesdə məsləhətləşmələr aparsınlar. Ola bilsin ki, məsləhətləşdiyin şəxs ailə üzvlərin yox, bu sahədə yaxşı təcrübəsi olan biri olsun. Elə ixtisaslar var ki, onların perspektivi çox yaxşıdır. Ailələr ixtisas seçimində bunu da nəzərə alsınlar və birmənalı şəkildə övladlarına seçimdə azadlıq versinlər”.
Psixoloq keçid balı toplaya bilməyən abituriyentlərin böyük psixoloji gərginlik içərisində olduğunu da qeyd edib: “Digər tərəfdən, aşağı bal toplayan, yaxud gözlənilən nəticəni göstərməyən abituriyentlər var. Valideynlər nəzərə almalıdırlar ki, onlar hazırda böyük bir psixoloji gərginlik keçirirlər. Nə qədər çətin də olsa övladlarına dəstək versinlər. Çünki dəstək olarsa, həmin abituriyent yenidən hazırlaşıb imtahan verə bilər. Valideyn övladının qazandığı ali məktəbə görə yox, sırf övladı olduğuna görə dəyər veməlidir. Valideyn ilk növbədə övladını düşünməlidir, ətraf nə düşünər, qohumlar nə deyər kimi düşüncələrə qapılmamalıdır. Ətraf üçün o uşağın az və ya çox bal toplamasının bir əhəmiyyəti yoxdur. Valideyn övladını bir şəxsiyyət kimi qiymətləndirməlidir”.

E.Rüstəmov deyir ki, övladı aşağı bal toplayan valideynlərin psixoloji vəziyyətindən işbazlar yararlanır: “Həmin işbazlar xarici ölkələrdəki universitetləri gündəmə gətirərək, övladlarını attestatla, imtahansız ora yerləşdircəklərini deyib, valideynlərdən külli miqdarda pul qoparırlar. Bir müddət keçəndən sonra, o ali məktəbin, ümumiyyətlə nüfuzunun olmadığı üzə çıxır. Bu, sadəcə maddi tələdir. Bu prosesdə diqqətli olmaq və gözləmək lazımdır”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) keçirdiyi ali məktəblərə qəbul imtahanı başa çatıb. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də bu ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Rüfanə GÜNƏŞ

http://modern.az/articles/61188/1/ 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat