Yaxşı Həyat Yoldaşı = Yaxşı Valideyn!

Bu sadə “riyazi düstur” əslində bütün ailə səadətinizin əsasını təşkil edir. Yaxşı həyat yoldaşı sayıla bilməyiniz üçün malik olduğunuz keyfiyyətlər eyni zamanda  da sizin yaxşı valideyn olma statusunuza birbaşa təsir edir.  Çünki həyat yoldaşınızı xoşbəxt edən, ona sevinc və hüzur verən davranışlarınız həm də övladınızı xoşbəxt etməkdədir.

Qadın kişi arasındakı emosional bağ, həssasiyyət uşaq –valideyn arasında da eynilə yaşanmaqdadır.  Belə ki, günün sonunda bir araya gələn cütlüklər bir-birinin halını xəbər alıb, yaşadığı gərginlikləri, stressləri və ya sevindirici hadisələri anlayıb paylaşa bilirlərsə, birlikdə əylənməyi , xoş gün və ya saatlar keçirməyi, bir-birlərinin qayğısına qalıb, bir-birini dinləməyi bacarırlarsa, bütün bunları uşaqları ilə də rahatlıqla edə biləcəklər.  Çünki bu elə bil bağdır ki  , uşaq hələ dünyaya gözünü açmamışdan bu mühitin içərisinə daxil olur. Bu aura ilə yoğrulur psixologiyası, şüuraltısı.  Böyüdükcə problemlər çıxmırmı? Əlbətdəki çıxır,uşaq fərd ,şəxsiyyət kimi formalaşmağa başladığı andan başlayır problemlər. Amma diqqət edin bu cür ailələrdə problemlər daha asanlıqla,daha az iz qoyacaq şəkildə həll olunarkən, ailə bağları zəif, ata-ana arasında münasibətlərin,ünsiyyətin qopuq olduğu ailələrdə tam əksinə olur. Və hər iki ailə modelində böyüyən uşaqların psixologiyasında, gələcəkdə özlərini bir şəxsiyyət kimi formalaşdırmasında, quracaqları ailədə belə çox kəskin fərqlər müşahidə olunur.

Valideynlər arasındakı emosional münasibət nə qədər güclü olarsa və bir-birlərinin ehtiyaclarına nə qədər həssasiyyətlə yanaşarlarsa,bu artıq onlardan asılı olmadan uşaqların hər ehtiyacını birlikdə ödəmə, hər məsuliyyəti birgə daşıma, övladlarının yaxşısını və pisini birlikdə dərk edib, paylaşmaqda onlara kömək edəcək. “Sənin verdiyin tərbiyədir! Sənin öyrətdiklərindir! “ və  s. kimi daha çox qadınların kişilər tərəfindən məruz qaldığı bu ittihamlar da ortadan qalxacaq! Çünki ata da uşağın tərbiyəsində ana qədər yaxından iştirak etməlidir. Doğrudur, uşaq ən çox ana ilə təmasda və ünsiyyətdə olur, amma ata da evdə olduğu zamanlarda yaxasını bu işdən kənara çəkməməli , övladının düzgün yetişməsində anaya dəstək olmalıdır. O zaman təktərəfli ittihamlara da yer qalmaz həyatınızda.

Əslində diqqətlə baxıldıqda,Övladınızın ruhi,psixi və müəyyən qədər də fiziki sağlamlığının kökündə həyat yoldaşınızı düzgün seçə bilmək dayanır. Odur ki, ailə qurarkən atalar demiş yüz ölçüb bir biçin!

Unutmayın, Bir Atanın Övladına Verə Biləcəyi Ən Dəyərli Hədiyyə,Anasına Olan Sevgisidir....

Övladınızı bu hədiyyədən məhrum etməyin....

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat