MÜHARİBƏLƏR UŞAQLARA NECƏ TƏSİR EDİR?

Nədir üzündəki o kəlimələr???!

Axmış,çökmüş kəlimələr…

Gözlərinə həkk olunub,nəm bağlamış kəlimələr…

Düyünlənmiş qaşlarında bu acıq nə?

O islanmış yanaqlarda bu acı nə?

Nədir sənə əzab verən, nədir uşaq?!

Hər cizginə hopub qalan,

Səni uşaqlığın qoynundan qoparıb alan,

Nədir Səni xəyalların zirvəsindən yerlərə salan?

Nədir uşaq?! Nədir axı?!....

 İnsanlar tərəfindən törədilən  dəhşətli fəlakətlərdən biri və başlıcası Müharibələrədir. Əsgər olaraq qatılan,yaralanan, yaxınlarını itirən, hətta kütləvi informasiya vasitələri ilə  savaşlarda baş verənləri müşahidə edən insanların da  psixologiyasında  müharibə dərin travmalara yol açır. Savaşların heç bitmədiyi bir dünyada yaşayırıq. Hər gün yüzlərlə insanın dəhşətli ölüm xəbərləri, uşaqlara, qadınlara verilən işgəncələr haqqında eşidir, savaşın geridə buraxdığı acınacaqlı mənzərələrin şahidi oluruq. Texnologiyanın , KİV-nin sürətli inkişafı ilə nə özümüzü ,nə övladlarımızı bu təsirlərdən uzaq tuta bilmirik. Indi internet əsri olduğu üçün hər bir bilgiyə çox rahat bir şəkildə sahib ola bilirik.  Müharibə zamanı yaşananlar, insanların ruhi tarazlığının pozulmasına gətirib çıxarır ki, bu da həyata normal şəkildə davam edə bilmək üçün gərəkli olan  güvən duyğusunu, özünə, ailəsinə və çevrəsinə qarşı nəzarət gücünü dərindən sarsır.

Uşaqlara gəldikdə isə bu proses daha da dərinləşir. Çünki uşaqlar böyüklərdən fərqli olaraq ətraf mühitdə olan hadisələrə, çevrələrində yaşananlara qarşı daha qorumasızdırlar və böyüklərinin onları qoruyub-qollamarına, onlara güvən vermələrinə daim ehtiyac duyurlar. Uşaqlar daim niyə sualını verir. “Müharibələr niyə olur?” Və böyüklər heç özləri də doğru dürüst cavab tapa bilmədikləri, insan əliylə törədilən bu vəhşəti açıqlamaqda çətinlik çəkirlər. Çünki böyüklərin də düşüncəsində  müharibə,  insanların amansız şəkildə qətlə yetirilməsinə  heç bir əsas verə bilmədiyi bir prosesdir. Ona görə də valideyn övladına tam səmimiyyətlə “Səni hər zaman,Hər vəziyyətdə qoruyacağıq! Həmişə yanında olacağıq!” güvəncəsini verə bilmir. Bu bilirsiniz nəyə bənzəyir?! Zəlzələyə! Necəki zəlzələ olduğu zaman qorxub qucağınıza sığınan övladınıza “bu birdə heç vaxt təkrar olmayacaq!” inancını verə bilmirsiz,müharibələr də eyni təsiri yaradır.

Ata-anaları qədər xüsusən savaş bölgələrinə yaxın yerlərdə yaşayan uşaqlar da böyük bir təhdid altında olduqlarının fərqindədirlər.Və bu özünü çarəsizlik, hikkə-əsəb, narahatlıq, gərginlik, ata-ananı itirmək, yalnız qalmaq qorxusu kimi göstərə bilir. Belə duyğusal reaksiyalarla paralel olaraq yuxu problemləri ( yuxuya getmədə çətinlik, narahat yatma, kabuslar görmə, tez-tez oyanma, ayıq yatmaq və ya çox yatmaq və s.) , davranış pozuntuları da ortaya çıxa bilər. Eyni zamanda bəzi uşaqlarda özünü günahlandırma hissləri də yaşanır. Yaşıdlarının ,hətta özlərindən kiçik uşaqların acınacaqlı hallarını,yaşamlarını, ölümlərini görmələri,eşitmələri şüuraltı olaraq özünə qarşı yönəlmiş günahlandırma duyğusuna əsas verə bilər.

Hələ Savaşın bilavasitə içərisində olan uşaqlarımızın taleyindən, psixologiyasından danışmırıq belə! Nəqədər çətin ,nə qədər ağır olduğunu dəqiqliyi ilə bir tək yaşayanlar bilər yəqin ki… Ailəsiz, evsiz, yurdsuz həyata davam etmək məcburiyyətində qalmaq kiçicik körpə üçün müharibədən də dəhşətli bir fəlakətdir əslində…

Həqiqətin nə olduğu, bütün dünyadakı savaşların nə zaman və necə sona yetəcəyi, bundan sonra necə davam edəcəyi, həyatımızı, övladlarımızı,ölkəmizi necə dəyişəcəyini hələ də bilmirik. Bu qədər müəmmalı hadisələri uşaqlara uyğun bir dillə anlatmaq əlbətdəki çətindir. Onları bu xəbərlərdən uzaq tutmaq daha da çətin bir prosesdir. Odur ki, bu vəziyyətdə valideynlərin, böyüklərin öhdəsinə düşən uşaqlara həqiqi bilgilər verməkdir. Təbbidir ki, bu həqiqətlər də müəyyən sərhədlər daxilində olmalıdır.  Uşaqları qorumaq adına olan problemləri yox saymaq, heç bir şey oxmuş kimi davranmaq  yerinə onlarla danışmaq, fikirlərini bölüşməsinə izn vermək, duyğularını dilə gətirməsinə kömək etmək daha yaxşı olardı. Ona başa sala bilərsiniz ki, belə bir vəziyyətdə keçirdiyi qorxular , narahatlıqlar normal sayıla bilər. Hər bir vəziyyət və şəraitdə övladınızın yanında olacağınızı, bütün problemlərlə birgə baş edə biləcəyinizi ona hissetdirməniz onu daha da rahatladacaqdır.Əgər sizdən tez-tez müharibədəki vəziyyət barədə soruşursa onun suallarını cavabsız qoymayın. Bu o demək deyildir ki, ona ancaq neqativ, pis, fəlakət xəbərləri verməlisiniz. Yaşanan müsbət dəyişikliklər, vəziyyətin getdikcə yaxşılığa doğru getməsi kimi xəbərlər onu sevindirə bilər.

AMEA Genetik Ehtiyyatlar Institutunun doktorantı, kiçik elmi işçi

Fəridə Qasımova


 

LOGİN

 Email
 Parol
Qeydiyyat