Elnur Rüstəmov: “Boşanmaq özü bir mədəniyyətdir və tərəflər boşanma prosesində o qaydaları gözləməyi bacarmalıdırlar”
Azərbaycanda boşanan ailələrin sayı artır. Bundan sonra bir sıra mənfi hallar ortaya çıxır. Bəzən tərəflərdən biri barışmaq istəsə də, digər tərəf buna razı olmur. Yaxud da boşandıqdan sonra qadın və ya kişi başqası ilə münasibətdə olur. Bu kimi hallar sonradan faciəli nəticələrlə yekunlaşa bilər. Bunun nəticəsidir ki, son vaxtlar boşanan arvadını öldürən, döyən, müxtəlif xəsarətlər yetirənlər kişilər və ya ərini bıçaqlayan qadınların sayı artır. Bu cür hadisələrdən ən dəhşətlilərindən biri iyun ayında baş verib. Həyat yoldaşı Tehranə Əmiyeva ilə rəsmi qaydada boşanan Zöhrab həbsxanada olduğu müddətdə keçmiş arvadının Anar İsmayılov adlı şəxslə qeyri-rəsmi yaşadığını öyrənib. Əvvəlcə cəzaçəkmə müəssisəsindən ona zəng vuraraq iki uşağı ola-ola, evli birisi ilə yaşadığını ona irad tutub və onu öldürəcəyi ilə hədələyib. Həbsxanadan çıxandan sonra o, keçmiş arvadının yaşadığı mənzilə – qayınanasıgilə gəlib. Qayınanasının gözləri qarşısında onun qızının boğazını kəsib. Sonra isə qaynanasını öldürüb. Bu günlərdə isə Türkiyədə ərinin zülmü ilə üzləşmiş azərbaycanlı qadın haqqında məlumatlar yayılıb. Antalyada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı Elmira D. türk mətbuatına müraciət edərək, illərdir ki, işgəncəyə məruz qaldığını bildirib. 28 yaşlı Elmira 2 uşağının atası olan keçmiş ərinin onu davamlı şəkildə təqib etdiyini, döydüyünü, işgəncə verdiyini və Azərbaycana gəlib uşaqlarını oğurladığını iddia edib. Bu məsələ Türkiyədə kifayət qədər ciddi rezonans doğurub. Lakin bu kimi neqativ hallarla yanaşı, boşanandan sonra dost münasibətində qalanlar da az deyil. Elə Aktrisa Naidə Orucova kimi. O deyir ki, ayrılmaqlarına səbəb aktrisanın sənəti olub: “Biz əvvəldən normal münasibəti saxlamağı bacardıq. Çünki qızımız var. Bu dost münasibətinin mənfi tərəfi yoxdur. Barışmağı mən özüm istəmədim. Əgər mən bütünlüklə özümü sənətimə həsr etmişəmsə, bu qəbul olunmur. Yenidən ailə qurmaq mənim üçün yersizdir. Əgər ailə qursam, sənətimə dəyər verən biri ilə qura bilərəm”.
Bəs, boşanandan sonra münasibətlərin fərqli olmasına səbəb nədir? Qısqanc insanlar boşandıqdan sonra dost münasibətində qala bilərlərmi? Dost münasibətində qalmaq ailənin yenidən bərpa olunmasına yol açırmı? Bu kimi suallar ətrafında “Üç nöqtə”yə danışan psixoloq Elnur Rüstəmov bildirdi ki, dost münasibətində qalmaq ailələrin dağılması ərəfəsində tərəflərin münasibətindən asılıdır: “Azərbaycan ailələrində boşanmaya həssas yanaşırlar. Hətta gəlin köçəndə “Ağ gəlinliklə gedib kəfənlə oradan çıxacaqsan” deyirlər. İndi də bir çox valideynlər ailə məsələlərinə bu prinsiplə yanaşırlar. Ancaq zaman keçdikcə yanaşmalar dəyişir. Bu gün Azərbaycanda boşanma hadisələrinə çox rast gəlirik. Rəsmi statistika bunu tam əks etdirmir. Qeyri-statistik məlumatlara baxsaq, Azərbaycan ailələrində boşanma halları çoxalıb”.
Psixoloq deyir ki, ailə qurmamışdan öncə gəncləri maarifləndirmək lazımdır: “Ailə hansı formada qurulur”, “Problem olanda necə həll etməliyik” kimi istiqamətlərdə insanlar maariflənməlidir. Eyni zamanda boşanma prosesinə tərəflər nə cür mövqe tutmalıdır, buna da aydınlıq gətirilməlidir. Cütlük bərabər ailəni davam etdirə bilmirlərsə, bu zaman qarşılıqlı razılaşma əsasında boşanma barəsində addım atılmalıdır. Bundan sonra tərəflər bir-biriylə münasibətlərini davam da etdirə, ara-sıra əlaqə saxlaya da bilərlər. Övladları varsa, tərəflər uşaqların taleyi ilə maraqlanmalıdırlar. Dolayısı ilə boşanmaq özü bir mədəniyyətdir və tərəflər boşanma prosesində o qaydaları gözləməyi bacarmalıdırlar”.
Qısqanc insanların boşandıqdan sonra daha aqressiv münasibət göstərmələrinə gəlincə E.Rüstəmov bunları söylədi: “Qısqanc insanlar boşandıqdan sonra daha aqressiv münasibət göstərirlər. Bəzən kişi ayrıldığı həyat yoldaşını qısqanır. Əgər rəsmən ayrılıblarsa, artıq qadın və kişi həyat yoldaşı deyillər. Onlar qərar qəbul etməkdə müstəqildirlər. Bu zaman biri digəri ilə savaşmaqdansa, öz psixoloji durumunun qeydinə qalmağı daha məqsədəuyğun olardı. Əgər ifrat qısqanclıq varsa, ilk növbədə bu müalicə edilməlidir. İndi ailələrdə qısqanclıq zəminində şiddət, ayrılma və ölümlə bitən hallara rast gəlirik. Bu onu göstərir ki, qısqanclıq ailələrimizdə artıq ciddi bir problem kimi nəzərə alınmalıdır”.
Bəzən boşananlar dost münasibətində qaldıqda belə bir fikir yaranır ki, tərəflərdən hansısa barışıq olmasını istəyir və buna görə münasibətləri saxlayır. Psixoloq bu kimi halların ola biləcəyini mümkün sayır: “Tərəflər rəsmən boşanandan bir-iki il sonra bəzən münasibətlər yenidən bərpa olunur. Ailə psixoloqları çox zaman burada həmin ayrılan cütlüklərə məsləhət görürlər ki, ayrıldıqları şəxslə yenidən rəsmi nigaha daxil olmağa tələsməsinlər. Bəzən rəsmi nigah ailəni birləşdirməyə yox, ayrılmağa da gətirib çıxarır. Arxayınlıq, rahatlıq yaradır”.
Aygün Asimqızı
http://ucnoqta.az/?p=86381