“Bədən Dili” nədir?

\"www.pcc.az\"İnsan, həyatı boyunca hər gün hamı ilə, özü də fərqində olmadan, bədən dilini istifadə edir. Bədənimiz, hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir.

 “Bədən dili”ndə ən vacib nöqtə, məlumat axınının davamlılığıdır. İki, ya da daha çox insan bir yerə yığıldığı zaman “bədən dili” dövrəyə girər. Bu mesajlar qarşılıqlı olaraq göndərilər və qəbul edilər. Göndərdiyimiz mesajlar fasiləsiz olaraq qarşıdakı insana çatmaqda və haqqımızda qənaət meydana gəlməkdədir. Eyni zamanda biz də qarşıdan davamlı mesaj alaraq qiymətləndiririk.

 “Bədən dili”  ifadə formasıdır?  

 Əlbəttə! Qədim Roma filosofu Siseron, \\\\\\\"insanın ruhunun ehtirasları və duyğuları bədən hərəkətləri ilə ifadə etdiyini\\\\\\\", söyləyərək bu mövzunun tədqiqatına başlamışdı. O. ilk dəfə olaraq, sağlam və mükəmməl bir ünsiyyət qurmaq üçün bədən dilinin və sözlərin birlikdə, paralel istifadəsinin lazım olduğunu görmüşdü. Bədən dilimizlə duyğu və düşüncələrimizi ifadə etməyə imkanı tapırıq. Məsələn, yaxamıza taxdığımız nişanla peşəmizi, başımızı yelləyərək bir fikiri təsdiqlədiyimizi, dostumuzun əlini tutaraq onu sevdiyimizi ifadə edə bilərik. Ayrıca bədən dili ilə şifahi ünsiyyəti dəstəkləyib, onu qüvvətləndirə bilərik.

 Kimsə:\\\"mən bu adama inandım\\\", deyirsə, deməli, bu qənaəti bədən dili meydana gətirmişdir.

 Ünsiyyət qurduğumuz adamlarla əlaqədar düşüncələrimizin meydana gəlməsində bədən dilinin rolu böyükdür. İlk dəfə qarşılaşdığımız və daha əvvəl heç vaxt danışmadığımız bir adam üçün, ya duruşundan xoşlanmadığımızı, ya baxışını heç sevmədimizi, ya da bir görüşdə ona qanımızın qaynadığını deyə bilərik. “İlk baxışdan vuruldum, mən onu görən kimi işə yaramaz olduğunu anlamışdım və s.” ifadələrlə insanlara qiymət verilməsi hər kəsə məlumdur. Bütün bunlar, o adamla sonrakı ünsiyyətin təməlini qoyan faktorlardır.

  İfadə baxımından hansı daha güclüdür? Bədən dilimi,  şifahi nitqmi?

 Bir söz tapıb bu suala cavab verəcəm… Mikelancelonun belə bir kəlamı vardır: \\\\\\\"Ruhun sirri, bədənin hərəkətləri ilə ortaya çıxar\\\\\\\". Qarşımızdakı insanların bədən hərəkətləri, məsafə saxlaması, toxunuşları və səsdən istifadəsi o adamın “bədən dili”nin ən vacib elementləridir. Biz bunlara baxıb müəyyən qənaətlər hasil edirik. Oturuşumuz, duruşumuz, mimikalarımız, jestlərimiz çox əhəmiyyətlidir… Bunların hamısı adamın cari əhvalını ifadə edir. Bəzən, bir hərəkət min sözü əvəz edir. İstəsək də, istəməsək də üzümüzdə yaranan tutqun ifadə, ya da qəzəbimizi göstərən qaş düyünlənməsi, biz deməsək də, nə hiss etdiyimizi bizi müşahidə edənlərə “bağırtı” ilə izah edir.

 Düşüncənin sürəti, danışıq nitqini geridə qoyur.

 Bəli, bunu əminliklə deyə bilərik. Normal nitqin sürəti orta hesabla dəqiqədə 100-120 sözdür, amma bu müddətdə insan təxminən 1000 söz düşünür. Göründüyü kimi, arada fərq böyükdür və sözlərə çevrilə bilməyən düşüncələr  “bədən dili” vasitəsilə xaric olunur. “Bədən dili”mizlə verdiyimiz mesajlar, insanlarla razılığa gəlməyimiz üçün təməl vasitədir. Həm yaxın ətrafımızda, həm ictimai həyatımızda həm də əcnəbilərlə əlaqələrimizdə öncə “bədən dili”mizi istifadə edirik və onların “bədən dil”ləri ilə dediklərini anlamağa çalışırıq.

 “Bədən dili”ndən necə düzgün istifadə etmək olar?

 “Bədən dili” özbaşına “danışmır”, müəyyən qaydalara əsaslanır. Bu qaydalar, sözsüz ünsiyyətin kodlarını açmağa kömək edir. Göz təmasını nəzərdən keçirək. Bu həm məsafə, həm mövzu, həm də fərdiyyət kimi ünsürlərə bağlıdır. Misallara müraziət edək.

Liftlərdə qalxıb-enərkən, bir-birlərinə çox yaxın dayanan insanlar baxışlarını bir-birlərindən qaçırırlar. Utancaqlıq, azalan göz təması ilə müəyyən edilir. Fərdi münasibətlərə gəldikdə isə, sevdiyimiz şəxslərə daha çox baxarıq. Fərdiyyət olaraq xaricə açıq insanlar, daxilə qapalı insanlara nisbətən müşahidəni daha çox sevərlər.

 “Bədən dili”nin öyrənilməsi və düzgün istifadə edilməsi üçün yaş faktoru vacibdirmi?

 Xeyr! “Bədən dili”ni öyrənməyin, doğru istifadə etməyin yaşı yoxdur. İstər 7, istərsə də 70 yaşında olsanız, öyrənəcək və tətbiq edəcək çox şey vardır.

 Bədən dili dedikdə konkret nə başa düşülür?

 Bədən dili dedikdə, ağılımıza dərhal bunlar gəlir - bədən duruşu, jestlər, mimikalar, göz təması, başın hərəkəti, ayaqların duruşu, oturma forması, oturmaq üçün seçilən yer, məsafə, geyim, istifadə edilən aksesuarlar, kosmetika və makiyajdır.

 “Bədən dili” birinci görüşdə çox vacibdirmi?

 İnsanlar bir-birləri ilə qarşılaşdıqları zaman ilk saniyələr çox vacibdir. Hər iki tərəfdə bir-birləri haqqında 80% təsəvvür o anda formalaşır və ilkin təəssürat asanlıqla dəyişmir.  

 “Bədən dili” üçün  zaman və məkanın əhəmiyyəti nədir?

 Çox əhəmiyyətlidir… Davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar. Həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq, mövzunu zəiflədir. Məsələn, əli belində və ya əlləri arxada birləşmiş bir duruş, insanlara itələyici təsir edə bilər. Süni üz ifadəsini qarşı tərəf hiss edəcəkdir, çünki,  təhtəlşüurda mənfi düşüncələr varkən, simada müsbət ifadə yarana bilməz. Əgər biri ilə söhbət ediriksə, “bədən dili”mizi düzgün istifadə edə bilməmiz üçün hər şeydən əvvəl diqqətimizi o adama və mövzuya verməliyik.

 “Bədən dili”nin istifadə edilməsi adamdan adama dəyişərmi?

 “Bədən dili”, hər bir adama görə fərdi istifadə tələb edir. Bir adam “bədən dili”ni az istifadə edərkən, digər adam “bədən dili”ndən çox istifadə edə bilər. “Bədən dili” mövzusunda özünü inkişaf etdirmiş adamlar, “bədən dili”ni lazımi vaxtda və düzgün şəkildə istifadə etməyi bacarırlar. Burada şəxsi xüsusiyyətlər çox vacibdir və özünə güvən səviyyəsi, ictimai əlaqələr, adamın intellektual səviyyəsi kimi faktorları nəzərə almaq lazımdır.

Ünsiyyətə girdiyimiz adamım kimliyi, bədən dilimizə təsir edər. Məsələn, bizi çox sevən babamızla əlaqələrimizdə daha açıq, inamlı jest və mimikalardan istifadə edər, çox daha rahat davranar, əlaqə məsafəsini qısaldarıq. Bununla müqayisədə, iş yerində müdirlə münasibətdə paltarımıza, oturub-qalxmamıza fakir verər, jest və mimikalarımızı çox daha idarəli və düzgün istifadə etməyə çalışar, ünsiyyət məsafəsində “məhrəm” sahəyə girməməyə diqqət edərik.

  Dil danışar, bədən onu təsdiqləyər, bədən danışar dil onu təsdiq edər. Hansı doğrudur?

 Həm bədənimizin, həm də dilimizin çölə həmişə eyni mesajı verdiyini deyə bilmərik. Məsələn, yalan danışan bir adamda alın tərləməsi, göz bəbəklərinin kiçilib-böyüməsi, üz əzələsi səyirmələri, yanaqların qızarması kimi bədən hərəkətləri onu asanlıqla ələ verir. Bədənimiz, dilimizin yalan danışdığını həmişə təsdiqləyir. İnsanlar yalan danışarkən burun qaşıma, əli üzə aparma kimi makro hərəkətləri idarə edə bilsələr də, mikro hərəkətlərinə maneə ola bilmirlər. İdeal olanı isə bədənimiz ilə dediklərimizin bir-biri ilə uzlaşmasıdır.

 Hansı peşələrdə “bədən dili”ni daha mükəmməl istifadə edilir?

 Son dövrdə çox fərqli peşələrdə, müxtəlif sektorlarda və xüsusilə də böyük şirkətlərdə menecerlər, əmək məhsuldarlığını artırmaq üçün, işçi personalının fərdi inkişafına önəm verirlər və onların “bədən dili” mövzusunda təhsil almalarını təmin edirlər. Bəzi peşələr isə bu sahəyə daha çox diqqət yetirirlər. Vizual sənətlər (kino, teatr, TV), siyasətçilər, satıcılar, kadrlar üzrə mütəxəssislər, fərdi inkişaf sahəsində işləyənlər, psixoloqlar ilk növbədə ağla gələn “bədən dili” ustalarıdır.

 Verilən mesajın hansı qismini “Bədən dili” meydana gətirir?

“Bədən dili” bəşər tarixində ən qədim ünsiyyət vasitəsi olub, duyğu və düşüncələrimizin əks olunmasıdır. “Bədən dili” ilə əlaqədar edilən araşdırmalara görə, insanların üz-üzə qurduqları əlaqədə, sözlər 7 %, səs tonu 30 %, bədən dili 63 %  əhəmiyyət daşıyar.

 “Bədən dili”nin səhv istifadə edilməsi nə kimi qəzalara səbəb olur?

 Məsələn, ər arvad arasında “bədən dili”nin səhv istifadə edilməsi və ya qarşı tərəfin səhv anlaması adi haldır. Bu vəziyyət, tez-tez lətifə və karikaturalarda da mövzu olur. Ər-arvad əlaqəsində məsafə anlayışı olmadığı üçün, cismi təmas əhəmiyyətlidir. Örnək olaraq, sağlam ünsiyyət qura bilməyən və bədən dilini yaxşı istifadə edə bilməyən bir cütlüyün düşüncələrinə dialoq şəklində nəzər salaq:

Qadın: Artıq mənə heç toxunmur. Ehtimal ki, məni sevmir görəsən bir başqasımı var?

Kişi: Toxunsam yenə seks istədiyimi düşünəcək və məni rədd edəcək. Mən ən yaxşısı televizora baxım.

Qadın: Budur, televizoru açdı. Bu, qəti məni sevmir, sırtıqlıq etməyim, gedib uzanım.

Kişi: Heç bu saatda adam yatar? Bu qadının mənə dözümü yoxdur.

 “Bədən dil”i adamın duyğu və düşüncəsini nə qədər əks etdirə bilər?

 Bədən, daxili dünyamızı bərk-bərk qucaqlayan bir əlcəkdir və duyğular, düşüncələr bədən dili ilə aydınlaşırlar. Ən qədim dövrlərdə belə, şifahi nitq yox ikən, \\\\\\\"bədən dili\\\\\\\" vardı. Bədən dili vasitəçiliyi ilə insanlar duyğularını, düşüncələrini, istəklərini, ehtiyaclarını və ruhi zənginliklərini başqa insanlarla bölüşürlər. Beləcə insanlar, öz daxili aləmlərini büruzə verərək, birgə yaşadıqları insanların içindəkilərlə əlaqədar mühüm məlumatlara sahiblənirlər.

 Adamda duyğular dəyişərkən, onun əhvalı “bədən dili”ndə əks olunarmı?

 O an nə hiss ediriksə, üzümüzdəki mimikalarla, əllərimizlə, ayaqlarımızla, duruşumuzla bu duyğularımızı çölə ötürərik. Məsələn, iş yerində yaxşı münasibətdə olduğumuz bir iş yoldaşımıza hirslənməyimiz, arxamızı çevirib getməyimiz, həyata keçirilməsi çox çətin olan bir işin altında girdiyimizi bildirər.

  “Bədən dili”ni gizlətmək mümkündürmü?

 Döyüşçülər və kovboylar üzlərindəki ifadəni gzilətməyi yaxşı bacarırlar. Buna başqa bir misal olaraq deyə bilərik ki, qumar masasında poker oynayan qumarbazlar, “poker face” (poker üzü)  adlanan üz ifadələrini məharətlə gizlədirlər, çünki, mimikalardakı ən kiçik dəyişikliyi belə, digər qumarbazlar asanlıqla tuta bilirlər. Hətta, böyük məbləğlər oynanılan bəzi qumar masalarında oyunçular, rəqiblərinə işarə verməmək üçün qara günəş gözlüyü taxırlar.

 Bədən dilinin təhsildə tətbiqi lazımdırmı?

 

 Təhsildə “bədən dili”nin faydası, ünsiyyətdə olduğu qədərdir. Ünsiyyətdə söyləmədiyimiz şeylər, söylədiyimiz şeylər qədər əhəmiyyətlidir. Tədris zamanı müəllimlərin, fərqində olmadan bədən dili vasitəsi ilə mesajlar çatdırırlar : “Siz mənim üçün vacibsiniz. Sizin dərslərinizin öhdəsindən gələcəyinizə inanıram və sizə güvənirəm. Bu görə də, sizinlə birlikdəyəm və yanınızdayam. Sizdən adam olmayacaq. İstər öyrənin, istər öyrənməyin məni maraqlandırmır. İmtahanda mən sizə göstərərəm.”

 Müəllimlər həm də, şagirdlərinin “bədən dili” vasitəsi ilə verdikləri mesajları yaxşı oxumalıdırlar. Şagirdlərin izah edilənlərə maraq göstərib-göstərmədiklərini, dərsi anlayıb-anlamadıqlarını, sinifin motivasiyasını, dərsdən sıxılıb-sıxılmadıqlarını anlamaq, sinifə diqqətlə baxan bir müəllim üçün asan olmalıdır.

 Qadınlarda və kişilərdə “bədən dili”nin istifadəsi fərqlidirmi?

 Qadınlarda və kişilərdə “bədən dili” müxtəlif səbəblərdən fərqlidirlər. Burada hormonal səbəblər, ictimai rollar və bədən quruluşu qabarıq nəzərə çarpır. Kişilər, məkan istifadəsində qadınlara görə daha geniş davranırlar və onlar “bədən dili”ni daha sərt istifadə edirlər. Özünü ifadə etmə bacarığının hər iki cinsdə öz üstünlükləri vardır. Amma qadınlar, “bədən dili” ilə özlərin,i kişilərdən daha yaxşı ifadə edirlər. Yəni, qadınlar ünsiyyəti daha uğurla yaradırlar. Bu vəziyyət, qarşı cinslə olan əlaqələrdə qabarıq hal alır. Hər iki cinsdə saça toxunma, geyimləri düzəltmə, bir və ya iki əlini ombasına qoyma, uzun sürən baxışlar, artan göz təması vardır. Qadınlarda saç atma, bilək göstərmə, qıç açma, omba yumurlama, çiyin üzərindən yan baxma, ağzı yüngülcə aralama, dodaq yaşlama, kosmetik vasitələrdən istifadə, ayaqqabı ilə oynama davranışları müşahidə olunarkən,  kişilərdə qalstukunu, yaxasını və ya qol düyməsini düzəltmə, əlini kəmərinə soxma kimi davranışlar müşahidə edilir. Görüldüyü kimi qadınlar “bədən dili”nin istifadəsində daha yaradıcı və şanslıdırlar.

 Təhlükə zamanı qorxan adam, bədən dilini istifadə edərək bunu gizləyə bilərmi?

 Bədən dili duyğuları ələ verər, ancaq hansı əlamətlərin hansı duyğularla bərabərləşdiyini söyləmək çətindir. Qorxu, həyəcan, çaxnaşma, hirs və digər neqativ duyğuların hamısı səs tellərinin gərilməsinə və səsin yüksəlməsinə səbəb olur. Qorxu halında qaşlar qalxar, alında üfüqi, düz xətlər meydana gələr. Alt göz qapaqlarında gözlə seziləcək dərəcədə gərginlik yaranar və ürpərmə, nəbzin sürətlənməsi, tərləmə, titrəmə reaksiyaları müşahidə edilər.

Adamın ani və dəhşətli qorxu yaradan vəziyyətlərdə qorxusunu bədən dili ilə gizlətməsi çox çətindir. Əlində silah olan bir adamın və ya vəhşi pələngin  üzərimizə gəlməsi vəziyyətində bədən dilimizi istifadə etməyi deyil, həyatımızı qurtarmağı düşünürük. Əyləncə mərkəzlərindəki atraksionlarda, sürətli qatarla çox yüksəkdən və sürətlə aşağıya doğru enən insanların üz ifadələrini xatırlayırsınızmı?

Qorxunun şiddəti daha az olanda, məsələn, üzərimizə hürə-hürə gələn bir it görəndə və ya gecə qəbiristanlığın yanından keçəndə qorxsaq belə, yanımızdakı adamlara qorxmadığımızı göstərmək üçün davranışlarımıza nəzarət edə bilərik və bu bizdə pis alınmaz. Ancaq vaxt keçdikcə duyğularımızı ələ vermək məcburiyyətində qalırıq.

 “Bədən dili”nin istifadəsində insanlar arası məsafənin fərqi varmı?

 Arada məsafə azldıqca, yaxınlıq arzulamayanlar nəsə bir narahatlıq duyar və müdafiə olunmağa çalışarlar. Buna görə də, belə bir yaxınlıq cəhdindən əvvəl, bu yaxınlığın qarşıdakı adam tərəfindən necə qiymətləndiriləcəyinə diqqət yetirmək lazımdır. Əks təqdirdə ortaya narahatlıq  və arzuolunmaz nəticələr çıxa bilər. İnsanın psixoloji müdafiə sərhədi 0 – 35sm-lik məsafədir və bu sərhədi yalnız insanın həyat yoldaşı, sevgilisi, ailə fərdləri kimi yalnız mərhəm əlaqəsi olan insanlar keçə bilərlər. Fərdi sahə 35 - 80 sm-lik bir diametrdir və bura yaxın dostlar, qohumlar və tanış insanların girməsinə icazə verdiyimiz ən yaxın ərazidir. İctimai sahə isə, 80 sm - 2metrlik məsafədədir. İş yerində görüşdüyümüz insanlar, təmirçi, qapıçı kimi şəxslərin yaxınlaşa biləcəyi sahədir. 2 metrdən uzaq məsafələr isə ümumi ərazi hesab olunur və burada  yad insanların dolaşması məqbuldur.

 

\"www.pcc.az\"Babək Bayramov

NLP Master

Fərdi İnkişaf Ustadı

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu


 

LOGİN

 Email
 Parol
Qeydiyyat