Seksual inqilab, yoxsa məişət pozğunluğu?

Seymur Baycan “Məxməri seksual inqilab” yazısında ölkədə seksual inqilabın baş verdiyini elan edib. Sosial şəbəkələrdə tanışlıqların artmasını, ölkədə intim zəmində baş verən kriminal hadisələri nümunə göstərir. Kulis.Az psixoloq Elnur Rüstəmov və yazıçı Qan Turalının mövzu ilə bağlı fikirlərini təqdim edir.

Qan Turalı: Seymur Baycan məxməri seksualın artıq baş verdiyi barədə danışanda anlayışları qarışdırır. Qısqanclıq zəminində olan qətllər seksual inqilabın mövcudluğu deyil, sovet anlayışı ilə desək “məişət pozğunluğudur”. Məişət pozğunluğunun da cür sərt şəkildə cəzalandırılması mühafizəkar cəmiyyətlərə xas görsənişdir.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti dünyaya açılır, əxlaqi mənada da cəmiyyət daha sərbəstləşir, süni əxlaqi normalar tədricən yoxa çıxır. İnternetin inkişafı ilə ünsiyyət prosesi genişlənir, bu mənada insanların seçim imkanı da artır. Proses seksual inqilaba doğru gedir, lakin onun artıq baş verdiyini iddia etmək tələsik çıxarılmış nəticə olardı.
Ümumən götürüləndə isə, “seksual inqilab” bir anlayış kimi dəqiq anlayış deyil. Onun konkret olaraq nəyi ifadə etdiyi də kifayət qədər mübahisəlidir.

Psixoloq Elnur Rüstəmov: “Məsələnin inqilab formasında qoyulması doğru deyil. Bu gün sosial şəbəkələr vasitəsilə insanların ünsiyyət qurması asanlaşıb. Dolayısı ilə insanların, həyatla, zövqlə, ani həzlərlə bağlı istəkləri çoxalmağa başlayıb. Yəni bu gün Azərbaycanın ən ucqar kəndində belə internetə giriş imkanı var.
Əslində bu proses Azərbaycan cəmiyyətinə internetdən əvvəl, hələ doxsanıncı illərin əvvəllərində Braziliya, Meksika serialları ilə daxil olmuşdu. O zamandan başlayaraq Azərbaycan ailələri paralel həyat yaşayan insanları gördülər. Bu istiqamətdə profilaktik tədbirlər görmək lazım idi. Bu günün özündə də televiziya ilə paralel internet də həyatımızı əhatə edib. Bu proses əslində təkamüllə getdi. Əslində başlanan prosesin sonu idi.
Bu gün xəbər saytlarına baxaq. İlk onluqda hansısa adamın şəxsi həyatı, kriminal xəbərlər, intim məsələlər yer alır. Bu da insanların diqqətini daha çox çəkməyə başlayır, insanların marağını daha çox cəlb edir və bu da adiləşdirir. Psixoloji problemlər ortaya çıxır. Məsələn, insan biri ilə görüşdükdən sonra da o bu macəra bir dəfəylə yekunlaşmayacaq. Çətini prosesin başlanmasıdır. Əgər kimsə paralel həyat yaşamağa istiqamətlənibsə o böyük ehtimalla birində dayanmayacaq. Bu zaman psixoloji asılılıq yaranır. Necə ki, alkoqol asılılığı, narkotik asılılıq var, eyni ilə bu cür insanlarda təhlükə asılılığı var.
İnsanlar şüuraltı olaraq təhlükəni sevirlər. Biz nə qədər desək də ki, insanlar təhlükədən qaçır, belə deyil. İnsanların böyük əksəriyyəti təhlükəni sevir. Tutalım sürücü sürətlə sürməyin həyati təhlükəyə səbəb olacağını bilsə də yavaş sürmür. Yenə də sürətə can atır. Çünki ortada həzz anlayışı var. İnsan ani həzz üçün təhlükəni gözə alır.
Paralel həyat yaşayan insanlar da bilirlər ki, bu onlar üçün böyük fəsada yol aça bilər. Yenə də bunu edirlər. Çıxış yolu kimi düşünürəm, cəmiyyəti maarifləndirmək lazımdır. Xüsusən orta məktəblərdə yeniyetmələri maarifləndirmək lazımdır. Əgər biz maarifləndirmə prosesini həyata keçirə bilsək o yeniyetmədə sabah böyüyəndə bu cür şeylərə qarşı immunitet yaranacaq. Burda cinsi maarifləndirmədən də söhbət gedir. Bu problem yeniyetməlikdən başlayaraq həyatın digər mərhələlərində davam etməyə başlayır. O, ilk sevgi travmasını da, seksual travmasını da yeniyetməlikdə alır. Mən düşünürəm ki, maariflənmə işi aparılsa bu proses tənzimlənəcək və xüsusi bir fəsad verməyəcək.
Yoxsa bu məsələlərin adiləşməsi artıq ailə dəyərlənin itirilməsinə gətirib çıxaracaq. Bu gün boşanma statistikasına nəzər salsaq görərik ki, 7 mindən yuxarıdı. Bu hələ rəsmi statistikadı. Qeyri-rəsmi statistika daha çoxdur. Bu nəyin hesabınadır? Həmin insanların bir-birinə qarşı tələblərinin çoxalması, əsasən intim mövzuda normadan artıq bilginin olması bu fəsadları törədir. Bu özü də elə bilgisizlikdi. Məsəl üçün, qabaq seçim bir idisə, indi seçim çoxdur. Nəticədə seçim bolluğu seçimsizlik yaradır. Bu da həm ailədə münasibətin pozulmasına, həm də insanların daha yeni həzz yerlərini axtarmasına gətirib çıxarır.

http://kulis.az/news/10138 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat