Viktor E. Franklın “İnsanın məna axtarışı” kitabı haqqında düşüncələr

www.pcc.azViktor E.Franklın “İnsanın məna axtarışı” adlı kitabı üç hissədən ibarətdir. Birinci hissədə müəllif əsir düşərgəsində yaşadıqlarından bəhs edir. İkinci hissədə isə əsir düşərgəsindədə yaşadıqlarından əldə etdiyi biliklərdən və təcrübədə əldə etdiyi Loqoterapiyadan bəhs etməkdədir. Son hissə olan üçüncü hissədə isə insanın həyatın ağır tərəflərinə qarşı hələ də necə nikbin ola biləcəyinə dair düşüncələrindən bəhs edərək kitabı bitirir. Viktor Franklin həyatın mənasına dair bu kitab haqqında fikirlərimi sizlərlə paylaşmaq istərdim. Qeyd etdiyimiz kimi kitabın birinci hissəsində müəllif əsir düşərgəsində yaşadığı təcrübələr,bütün çətinliklərlə bərabər ruhi və fiziki savaşda həyatda necə qalmağı bacardığını göstərməklə bizə həyat haqqında vacib bir örnək verir. Kitabın ilk hissəsi müəllifin Nazi əsir düşərgəsində yaşadığı hadisələr və bu hadisələrlə necə mübarizə apardığından bəhs edir. O, əsir düşərgəsinə gəlməklə ailəsindən uzaqda özü kimi tale məhkumlu insanların arasında olur. Burada onu digər məhbuslardan ayıran tək şey həyatda qalmaq üçün nələr edə biləcəyidir. Bu amansız həyatda mövcud olma savaşında onu motivasiya edən tək şey həyata verdiyi məna anlayışı olmuşdur. Düşərgədən kimin nə zaman qurtarılacağı, orada daha nə qədər məhbusun yaşayacağı sualına heç kim cavab tapa bilmir, bu da nəticədə bir çox adamı amansız mübarizədə geridə buraxır. Həyat uğrunda savaşda gücsüzlüyə, xəstəliyə, istirahət etməyə yer və vaxt yoxdur. Əsir düşərgələrində heç kim fiziki olaraq gücsüz və ağır şərtlərdə çalışa bilməyəcək bir vəziyyətdədir, onların bir qismi bu mübarizəni əvvəldən itirənlərdir, qaz otaqlarında yanaraq vəhşicəsinə öldürülənlər, qismətə boyun əymək məcburiyyətində qalanlardır. Bir də bu mübarizənin sonrakı mərhələlərində məğlub olanlar var. Onlar bir gün xilas olacaqları ümidiylə yaşayan, ancaq ümidlərinin acı bir şəkildə reallaşmadığını gördükcə əvvəlcə bütün ümidlərini, sonra həyatlarını itirən insanlardır. Ya intihar edirdilər, ya da krizə girib yataqlarından çıxmayıb acınılası bir vəziyyətdə özlərini ölümə məhkum edirdilər. Həyat şərtlərinin bu qədər əlverişsiz olmasına baxmayaraq, bu mübarizə necə aparıla bilərdi? Müəllif bu sualın cavabını kitabda ən gözəl nümunələrlə vermişdir. İnsanın həyatda hər şeyə öyrəşə biləcəyinin və mübarizədə özünü müdafiə edə biləcəyi gücə hər zaman çata biləcəyinin sübutudur bu kitab. Bəs bu sualın cavabı nədir? Təbii ki, həyata verdiyimiz mənadır. Müəllif əsir düşərgəsinə götürülməzdən əvvəl yazmaqda olduğu kitabını itirməklə yaşadığı sarsıntının təsəllisini təkrar bu kitabı yaza biləcək olmasının xəyalı ilə həyata bağlanmışdır. Əsir düşərgəsində yaşadığı əzablardan öyrəndiklərini danışma fürsətini yenidən yazacağı kitabda tapa biləcəyini düşünməsidir onu mübarizədə güclü edən. O, bu mübarizəni yaşayarkən ona verdiyi mənaya sığınmışdır. Ona görə də özü və düşərgə həyatı ilə apardığı mübarizəni əzmlə davam etdirməklə bizə bir “insanlıq” dərsi verdiyini hiss edirik. Müəllif düşərgədə həkim olaraq çalışmışdır. Bu dövrdə düşərgədən qaçmaq, yaxud düşərgədəki insanlara kömək etmək arasında seçim etmək məcburiyyətində qaldığı zaman o, düşərgədə qalıb xəstə insanlara yardım etməyi üstün tutmuşdu. Onun bununla bağlı əhəmiyyətli bir ifadəsi var; “Dünyada iki cür insan irqi var: nəcabətli və nəcabətsiz insan irqi. Bu iki insan cəmiyyətinin fərqi şərəfli həyat və insanlıqdır. Həmin insanın əsir düşərgəsində belə şərəfli ola biləcəyini ifadə etmək məqsədi ilə müəllif bu terminləri işlətmişdir. Fikrini ifadə etmək üçün o, qarşılaşdırma aparır: qaz otaqlarını kəşf edən də insandır, bu otaqlara dua və qürurla gedən də, əsir düşərgələrində qalan çörəyi paylaşan mühafizəçilər də insandır, şiddət göstərən, onlarla pis davrananlar da. Şərəfli insan heç bir şəraitdə qürurundan əl çəkməyəcəkdir. Müəllif səfil kimi ölməyi deyil, qürurla ölməyi üstün bilənlərdəndir. Viktor insanı düşünməyə sövq edən bir əzaba baxışı vardır ki, bu bir çoxumuz üçün mənliyimizin bir yerlərində bizi yaxalamaqdadır. Bu əzaba məna vermək, ondan nəticə çıxarmağımızdır. Əgər bu əzablar bizə bir məna ifadə etmirsə, o zman yaşamağa da dəyməz. İnsan əzabı həyatdan çıxarmağa çalışmaz və ya onu görməməzlikdən gələ bilməz. Əzabda da bir məna olması gərəkliliyini xüsusi ilə vurğulayar. Bu düşüncələr işığında oxucunun da dərk etdiyi gerçəklik budur ki, əzablarla mübarizədə ya insan olaraq qalırıq, ya da insanlığımızı itiririk. Əslində həyatımızı ağrı-acılara olan dözümlülüyümüz müəyyənləşdirər. İçimizdəki qürurlu insan bu əzablarla mübarizə etməyi bilən və onların bir məna daşıdığının fərqində olan insadır. Əzablarla mübarizə etməyi, çətinliklərə sinə gərməyi rədd edən insan dəyərlərini asanlıqla heçə saya və qürurlu insan olmağı rədd edə bilər. Bu baxış nöqtəsi kitabın oxuculara verdiyi ən gözəl mesajdır. Bizi biz edən əslində yaşadığımız əzabların ardından gəlməzmi, bizi həyata verdiyimiz məna üçün istəkli etməzmi? Həyatla olan mübarizə yolunda fəda etdiyimiz hər şey bu mənalar üçündür. Əgər bu mənalar olmasa biz yaşamaq üçün heç bir mübarizəyə qoşulmazdıq. İntihara təşəbbüs edənlər həyatlarında boşluq yaşayan və ya həyata bir məna verə bilməyən insanlar deyilmidir? Bu baxışla kitabı oxuyan insan əzablarına nifrətlə baxmaqdan qurtarmağa şans tapacaqdır. Kitabda əzablarla bağlı o qədər gözəl sözlər var ki, bunların hamısı bizə yol göstərə biləcək qüdrətdədir. Baxış açısını gözəl bir sözlə ifadə edən məşhur filosof Nitsşenin “Yaşamak için bir səbəbi olan kişi, o an hər səbəbə dayana bilir” sözü əslində deyilənləri gözəl şəkildə ifadə edir. Müəllif məhbusları ümidsizlikdən qoruyan şeyin bu əzablara qatlanmağı və bunun qismətləri olaraq qəbul etmək olduğuna da toxunmuşdur. Bu da yazıçının qismətə inandığını və onunla bağlı olduğunu bizə göstərməklə bərabər, əzabların əslində bizim həyatımızın bir parçası olduğunu qəbul etmək gərəkliliyini vurğulayır. Əsir düşərgəsində Franklın müşahidə etdikləri əhəmiyyətli bir hadisədir. Müəllif 1944-cü ilin son həftəsi ilə 1945-ci ilin ilk günləri arasındakı ölüm sayının əvvəlki ölüm sayından daha çox olduğuna bu cür izah verir. “Bunun səbəbi əsirlərin çoxunun yeni ilə qədər təkrar evlərində olacaqlarına saf bir ümidlə yaşamış olmalarıydı. Yeni il yaxınlaşdıqca gələn xəbərlər cəsarət verici olmadığı üçün, əsirlər cəsarətlərini itirmiş və xəyal qırıqlığına yendən düşmüşlər. Bu da dirənmə gücləri üzərində təhlükəli bir təsir yaratmış və bir çoxu ölmüşdü”. Kitabın ikinci hissəsinin adı “Ümumi prinsiplerle logoterapiya”dır. Bu hissədə müəllif logoterapiyadan bəhs edir. Logoterapiyanın mənası, əsas məramı terapiyadır. Psixoanalizdə keçmişə yönəlmə varkən logoterapiyada gələcəyə yönəlmə vardır. Gələcək üçün gözlənilən yeni mənalar bu terapiya növünün başlıca məramıdır. İnsan problemlərini varolmanın mənaları üzərindən qiymətləndirir və onlarla başa çıxmağa çalışır. Frankl logoterapiyanın psixoanalizdən fərqini təsiredici bir şəkildə bizə başa salmağa çalışır: “Amma mənə görə, sadəcə müdafiə mexanizmlərinin uğrunda yaşamayacağım kimi, sadece tepki uğrunda da ölməyə hazır deyiləm. Digər tərəfdən insan öz idealları və deyərləri üçün yaşaya bilmə, hətta ölme haqqına sahibdir”. Müəllif insanların varlığını mütləq bir şəkildə məna axtarışı ilə davam etdirmək istəyini bu mövzuda aparılan çoxlu təcrübələrlə başa salır. Logoterapiyanın məqsədinin də bu məna axtarışında insana yardım etmə olduğunu söyləyir. Frankl insanın xaotik vəziyyətlər, sıxıntılar, gərginliklər dolu bir həyatdan qaçmasını deyil, uğrunda tər tökəcəyi, lazım gələrsə əzab çəkəcəyi bir məna, bir səbəb olmasının gərəkliliyini söyləyir. Bu sözlər təqdirə layiqdir və yaşadığımız çətinliklərə qazandırdığı yeni bir perspektivliklə birlikdə əslində bizi həyata qarşı gücləndirə biləcək bir nümunədir. Kitabın üçüncü və son hissəsi “Tragik bir optimizm müzakirəsi”dir. Bu bölmədə müəllif əzab, günah və ölümə qarşı insanın nikbin olmadığını başa salır. İnsan necə bu qədər neqativ hadisələrə qarşı hələ həyatda qala bilmə savaşına davam etdiyinin cavabını verir. İnsanın həyatında mənasızlıq olduğu müddətdə ruhi tarazlılığın pozula biləcəyindən bəhs edər. Bu bölmədə oxucunu ən çox təsirləndirən şey müəllifin öz baxışının Freydlə qarşılaşdırılmasıdır. O, Ziqmund Freydin insanları aclığa məhkum etdiyinizdə hamısının fərqlərinin itəcəyinin və aclıq hissinə qarşı hamısının eyni davranacağı fikrini tənqid etmişdir. Çünki düşərgədə belə olmamışdır. Orada ən ağir şəraitdə belə qürurlu və qürursuz insanlar seçilmişdir. Ortaya çıxan şey insanlığını itirməyən və itirənlərin fərqliliyidir.

 
 Nərmin Quliyeva
 Xəzər Universiteti
 Psixologiya fakültəsinin II kurs tələbəsi

 Psixologiya və Konsultasiya Mərkəzi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat