Psixoloq Elnur Rüstəmov Azərbaycanda psixologiyanın inkişafı, onun bir elm kimi durumu və ölkədə psixoloji vəziyyətlə bağlı Axar.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Elnur müəllim, başqa ölkələrlə müqayisədə Azərbaycanda psixologiya sahəsindəki inkişafı necə xarakterizə edərdiniz?
- Şübhəsiz, Avropadan geri qaldığımız məqamlar var. Bu da normaldır. Çünki Avropada praktik psixologiyanın tarixi daha çoxdur. Ötən il Səhiyyə Nazirliyinin nəzdində psixoloji sağlamlıq mərkəzinin yaradılması uğurlu bir addım oldu. Bəzi əskikliklər var ki, konkret sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması istiqamətində tədbirlərin görülməsi vacibdir. Bir çox psixoloji məktəblərdə həmin sahədə formalaşmış kadrlar olmalıdır. Psixoterapevt, kabinetivterapevt kimi dar ixtisasların formalaşması sahənin inkişafına mühüm təsir göstərə bilər. Bu gün insanlar psixoloji yardım haqqında məlumatlıdırlar. Sadəcə, müəyyən stereotiplər var ki, hələ də bir qisim o mərhələdən keçə bilmir. Bu stereotiplər nədən ibarətdir? Bizdə terapiya dedikdə çox vaxt dərmanla, əməliyyatla aparılan müalicəni nəzərdə tutmuşuq. Buna görə də, “sözlə müalicə edilirmi?” anlayışı hələ də qalmaqdadır. Əslində, insanların bütün narahatlığı söz səviyyəsindədir. Bununla bağlı tədbirlər görmək lazımdır. Çünki psixoloqların işində çətinlik yaradan məqamlardan biri də pasiyentin psixoloji anı qəbuletmə məqamıdır. Ancaq belə olan halda terapiyanı uğurlu dəyərləndirmək olar. Buna isə zaman lazımıdır.
- Bu sahənin inkişafında məsuliyyət daha çox kimlərin üzərinə düşür?
- Məsələ psixoloji mərkəzlərin qurulmasında deyil. Bu gün Azərbaycanda psixologiyanın inkişafına müsbət təsir göstərən ən mühüm faktorlardan biri KİV-lərdir. Fikir versək görərik ki, bu gün televiziyada sosial tipli verilişlərdə azı bir psixoloq iştirak edir. KİV-in bu istiqamətdəki fəaliyyəti danılmazdır. KİV psixologiyanın ölkəyə gətirilməsində böyük rol oynayıb. Əsas məsələ indi tətbiqi psixologiya sahəsində kadrların hazırlanması və səmərəli xidmətin verilməsi və daha çox maarifləndirmə işlərinin aparılmasıdır. Burada isə mütəxəssislərin üzərinə böyük vəzifə düşür.
- Hazırda hansı psixoloji narahatlıqlar daha çox artıb?
- Ümumiyyətlə, dünyada son illər psixoloji və psixiatrik problemlər artıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da özünü göstərir. Bu gün bizim üçün aktual olan problemlər var. Valideyn-övlad münasibətlərində dünənə qədər fərqli bir istiqamət tuturduq. Texnologiyanın inkişafı baxımından indi məcburuq ki, həm uşaq psixologiyası, həm də davranış qaydaları formalarına psixoloji baxımdan yanaşmada dəyişiklik edək. Digər tərəfdən ən böyük problemimiz olan ailədaxili münaqişələr xüsusi bir problem kimi dəyərləndirilir. Çünki bizim ailələrdə indiki formada olduğu qədər boşanma və münaqişələr olmamışdı. İndi ayda ən azı 2-3 dəfə ailədaxili münaqişə zəminində qətllər baş verir. Azərbaycan üçün spesifik olan əsas psixoloji problem ailədaxili münaqişələrdir. Bununla bağlı ailə psixologiyasına müraciətlər daha çoxdur.
- İnsanlar hələ də psixoloqa müraciət etməkdə tərəddüd edirlərmi?
- Ailələrin müraciəti sevindirici haldır. Ancaq təəssüflər olsun ki, bizim insanları narahat edən məqam konsultasiya – psixoloqla söhbətin anonimliyidir. Psixoloqla aparılan söhbətin anonimliyi hər zaman qorunur. Bu gün Azərbaycanda ailələr var ki, psixoloji dəstək üçün xaricə (ən çox Rusiya, Türkiyə, bəzən də Avropaya) üz tutur. Bu isə biz psixoloqları çox narahat edir. Ona görə ki, ölkə dəyərləri müxtəlif olur. Məsələn, ürək, baş-beyin müalicəsi hər yerdə birdir. Psixoloji problemlərlə bağlı çox yaxşı olardı ki, insanlarımız öz psixoloqlarımıza müraciət etsinlər. Çünki yalnız yerli psixoloq Azərbaycan ailəsində dəyərin necə olduğunu bilər.
- Sözügedən psixoloji problemlərin artması nə ilə bağlıdır?
- Psixoloji narahatlığın artmasını mütəxəssislər informasiyanın çoxluğu və texnologiyanın intensiv inkişafı ilə əlaqələndirirlər. Çünki bu, insanlarda aqressiyanı artırır. Bütün yeni yaranan texniki vasitələrin təməl məqsədi rahatlıq verməkdir. Nəticədə insan bu rahatlığa alışır və bunu əngəlləyən nə varsa, bu, komforta düşkün olan insanda aqressiyaya yol açır. Aqressiya, stress, depressiya isə öz növbəsində ciddi psixoloji narahatlığa səbəb olan xəstəliklərin mənbəyidir.
http://axar.az/news/31843