“19 YAŞLI QIZIN AMANSIZLIQLA QƏTL TÖRƏTMƏSİ FİZİKİ BAXIMDAN MÜMKÜNDÜR”

“Azərbaycan cəmiyyətində belə bir hadisənin baş verməsi təəssüf doğuran haldır. Dünya praktikasında da qardaşın qardaşı, bacının bacını öldürməsi və ya xəsarət yetirməsi halları olub. Lakin burada söhbət bacının bacısını xüsusi amansızlıqla qətlə yetirməsindən gedir. Məsələdə narahatlıq doğuran məqam da məhz budur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, psixoloq Elnur Rüstəmov Bakıda gənc qızın öz bacısını qəddarlıqla qətlə yetirməsi hadisəsinə münasibət bildirərkən deyib.

Mütəxəssisin fikrincə, bu hadisənin araşdırılmasında hər iki bacının psixoloji vəziyyəti barədə araşdırma aparmaq vacibdir: “Hələ hadisə istintaq mərhələsindədir. Əlbəttə, biz öz fikirlərimizlə istintaqa təsir etmək istəmirik. Bu hadisədə məhkəmə tibbi ekspertizanın da rəyi nəzərə alınacaq. Burada həm cinayəti törədən, həm də qətlə yetirilən bacının psixoloji vəziyyəti nəzərə alınmalıdır. Bəzən bir elə situasiyalarla rastlaşırıq ki, cinayəti törədən özünü müdafiə məqsədilə hansısa addımı atır. Bu məsələ faciəni yaşayan ailə üçün çox çətindir. Lakin cəmiyyətdə baş verən belə halları tədqiq etməklə gələcəkdə bu cür hallardan necə sığortalanacağımızı müəyyənləşdirə bilərik”. 

Psixoloq baş verən hadisədə onun diqqətini çəkən maraqlı məqamlardan danışıb: “Bu hadisədə bir psixoloq kimi iki məqam diqqətimi çəkdi. Birincisi odur ki, hadisənin baş verdiyi ailə ata, ana və üç qızdan ibarətdir. Yəni ailəni eynicinsli bir ailə kimi dəyərləndirmək olar. Ata tərbiyə prosesində iştirak etsə də, o bu məsələdə periferiyada durur. Onun əsas vəzifəsi ailənin maddi ehtiyaclarını təmin etməkdir. Tərbiyə prosesi əsasən ananın üzərində durur. Bu tərbiyə prosesində də ailənin əsas məqsədi öz bütünlüyünü qorumaqdır. İndiyə qədər ailə barədə hamının yaxşı fikirdə olması da bunu sübut edir. Yəni ailə indiyə qədər özü barədə söz-söhbətin olmamasına çalışıb və müəyyən bir mərhələyə qədər buna nail olub. Lakin artıq qızlar şəhərə gələndə, yəni ata-ananın nəzarətindən çıxan zaman bu hadisə baş verib. Bunu şəhər həyatına adaptasiya dövrü ilə əlaqələndirmək olar. Ailə üzvləri öz tamlığını qorumaq üçün hər şey edə bilər. Böyük ehtimalla, bu bacılar arasında konflikt olub. Yəni onlar arasında narazılıq ilk dəfə baş verməyib və ata evinin də bundan xəbəri olub. Bu konfliktlər məişət zəminində də baş verə bilər. Məsələn bədxərclik, ev işi görməklə bağlı xırda narazılıqlar bacıların münasibətini poza bilər. Lakin bu hadisədə xüsusi amansızlıq faktının olması psixoloji amildən xəbər verir. Eyni zamanda, cinayəti törədən qızın əkiz tayı olması da diqqət çəkən faktordur. Əkiz insanların öz fərqli psixologiyası olur. Cinayəti törədən qızın qeybdən səs eşitməsi ilə bağlı verdiyi ifadə öz təsdiqini tapmalıdır. Çünki bu, simptom kimi dəyərləndirilir. Psixologiyada bu hallüsinasiyanın şizofreniya ilə əlaqəli formasıdır. Əgər qızda bu hal baş veribsə, ailənin də bundan xəbərdar olmaması təəssüf doğuran haldır. Bu cür psixoloji problemlər həm erkən yaşlarda, həm keçid dövründə özünü göstərə bilir. Hadisəni araşdıran mütəxəssislər burada genetik faktora da xüsusi diqqət yetirməlidirlər. Əgər genetik faktor yoxdursa, hər hansı travmadan sonra belə problem yarana bilər”.

Elnur Rüstəmov insanların fiziki sağlamlığından daha çox, psixi sağlamlığının əhəmiyyətli olduğunu qeyd edib: “Biz sağlamlıq deyəndə fiziki sağlamlığı nəzərdə tuturuq. Ruh sağlamlığını adətən ikinci plana atmışıq. Hətta bir şüar da məşhur idi: “Sağlam bədəndə sağlam ruh olar”. Lakin buna qədər də baş verən hadisələri araşdırsaq görərik ki, bu cinayətləri törədən insanların fiziki sağlamlıqla bağlı problemi olmayıb. Ona görə də sağlam ruh sağlam bədəni formalaşdırar. Bu gün insanların ən böyük problemi ruhsal problemdir. Zamanında müraciət etmirlər. Eləcə də ailə problemlərinin vaxtında həll olunmaması problemin daha da dərinləşməsinə, münasibətlərin pozulmasına səbəb olur. Biz adətən hər şey məhv olandan sonra kömək üçün müraciət edirik. Öz fiziki sağlamlığımızın da qeydinə belə qalırıq. Nə qədər çətin olsa da, deməliyəm ki, bu prosesdə ailənin məsuliyyəti tam dərk etməməyinin rolu olub. Uşaqların maddi problemlərinin həll etməklə hər şey bitmir. Bu gün valideynlər bu məqama xüsusi diqqət yetirməlidirlər. Ailələr psixi sağlamlıq, ailə strukturu, ailədə baş verən proseslər barədə daha ciddi düşünməli və zamanında müraciət etməlidirlər. Bizdə bu barədə maariflənmə çox aşağı dərəcədədir. Ailələr adi uşaq, yeniyetmə psixologiyası, hamiləlik dövrü barədə məlumatsızdırlar”.

Psixoloq ailədə valideyn-uşaq münasibətləri ilə bağlı maraqlı fikirlər söyləyib: “Bütün hallarda cəmiyyət bu hadisədən nəticə çıxarmalıdır. Uşaqların daxili aləmi ilə maraqlanmalıdır. Nəzərə almaq lazımdır ki, uşaq valideynə hər şeyi deyə bilməz. İnformasiyalar da bizim həyatımıza çox müdaxilə edir. Ailədə uşaqlarla valideyn arasında pərdə müəyyən dərəcədə qorunmalıdır. Ata ilə övladın nəyisə müzakirə etməsinin nəyi pisdir? Lakin artıq dərəcədə açıq-saçıqlıq yaxşı hal deyil. Bizdə uşaq ataya sözü olanda onu ana vasitəsilə çatdırıb. Ana ailədə həmişə vasitəçi olub. Biz istəsək də, istəməsək də uşaq valideynlə yaxın olmasa, kənarla yaxın olacaq. Hər kəs əlindəki mobil telefonla rahat şəkildə internetə çıxış əldə edir və nəticədə çoxlu informasiyalar alırlar. Erkən yaşda lazımsız məlumatlarla yüklənirlər. Bu proses yaxşı araşdırılmazsa, həm psixoloji travma baxımından, həm də belə halların adiləşməsi baxımından mənfi fəsadlar verə bilər”. 
Elnur Rüstəmov belə hadisələrin işıqlandırılmasında medianın mövqeyi barədə də danışıb: “Medianın işi xəbər verməkdir. Hər bir media orqanı xəbəri birinci verməyə çalışır. Lakin bu gün media oxucu cəlb etmək üçün xəbəri daha başqa formada təqdim etməyə çalışır. Bunu başa düşmək olar. Lakin “Bacı bacısının başını kəsdi” kimi xəbər yazmaq özü böyük mənəvi yük daşıyır. Bunu başqa şəkildə də vermək olar. Yaxşı olar ki, media bu hadisə üzərində bir araşdırma aparsın. Bu hadisəni sadəcə xəbər kimi vermək digər insanları belə cinayətlərə təhrik etməkdir. Lakin araşdırma kimi vermək daha faydalı olar. Belə hadisələrdən heç kim sığortalanmayıb. Bəzən sosial şəbəkələrdə də hadisələrlə bağlı elə yanaşmalara rast gəlirik ki, tamamilə məsələyə aidiyyatı olmayan şayiələr ortaya çıxır. Hər bir insan özünün məsuliyyətini dərk etməlidir”.

Psixoloq cəmiyyətdə müşahidə olunan aqressivliyin GMO qidalarla əlaqələndirilməsini əsassız hesab etdiyini deyib: “Hər insanın öz doğruları var. Adi cinayətkar məhkəmədə öz cinayətini əsaslandıraraq bəraət qazanmaq istəyir. Cəmiyyətdəki aqressivliyi qida ilə bəlkə də bağlamaq olar, lakin bu qida ilə hər kəs qidalanır. Məsələn tıxac hər kəs üçün var. Bunu qəbul etmək lazımdır. Eləcə də ailədə anlaşılmazlığın olması normaldır. İnsan hər şeyə hazır olmalıdır”. 
Elnur Rüstəmovun fikrincə, maddi cəhətdən təminatlı, cəmiyyətdə tanınan ailələr övladlarına mənəvi dəstək verməyi arxa plana atırlar: “Bəzən təminatlı ailələr övladlarına hər şey edirlər, lakin övladlarına kifayət qədər mənəvi dəstək verə bilmirlər. Xüsusilə təminatlı, cəmiyyətdə tanınan ailələr övladlarının mənəvi sağlamlığının qeydinə qalmalıdırlar. Əgər lazımdırsa, bunun üçün ilahiyyatçı və ya sosioloq, psixoloq dəstəyindən istifadə etmək olar. Bizim təminatlı ailələrin bir problemi də, psixoloqa müraciət edərkən ailə sirrinin açılmasından ehtiyat etmələridir. Psixoloqun ailə sirrini başqasına deməyə ixtiyarı yoxdur. O anonimliyə görə məsuliyyət daşıyır. Bu səbəbdən də bizdə ailələr psixoloji dəstək üçün xaricə gedirlər”.

Qonaq 19 yaşlı qızın belə bir qətli törətmək üçün fiziki potensialının olduğunu deyib: “İnsanın buna potensialı çatır. Müqayisə üçün deyim ki, bu günlərdə qardaş öz bacılarını qorumaq üçün əlini canavarın ağzına salıb onu öldürmüşdü. İnsan hələ kəşf olunmayıb. Bəzən elə situasiyada insan elə reaksiya verə bilər ki, bütün fikirlər alt-üst olar. O yaşda qızın elə bir cinayəti törətməsində mütəxəssis kimi bizim üçün maraqlı məqam odur ki, gənc qız öz bacısını xüsusi amansızlıqla qətlə yetirmək həddinə necə çatıb? Bəzən olur ki, uşaq avtomobilin altında qalır, ana həmin avtomobili qaldıra bilir. İnsanın potensialı buna qadirdir, lakin bundan daha önəmli olan o qızın bu şəraitə necə düşməsidir”.

 Sonda psixoloq istintaqa mütəxəssisin də cəlb olunmasını vacib sayıb: “Bu istintaqa psixoloqun da cəlb olunması həm təhqiqatın aparılmasına, həm də gələcəkdə cəmiyyətin belə hallardan sığortalanmasına müsbət təsir göstərər”.

http://news.lent.az/news/183203


 

LOGİN

 Email
 Parol
Qeydiyyat