Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır. Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər.
Katatonik stupor. Hərəkətlərini və nitqin tormozlanması ilə təzahür edən bu sindrom ya katatonik oyanmadan sonra, ya da müstəqil olaraq meydana çıxır. Bu halı keçirən xəstələr saatlarla hər hansı bir vəziyyətdə donub qalır, məcburi belə onları yerindən tərpətmək mümkün olmur. Onlar qolunu və ayaqlarını qarınlarına yığaraq bir küncdə otururlar və ya yataqda uzanırlar. Buna embrional vəziyyət deyilir. Çox zaman xəstə başını balıncdan bir qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə qalır, bəzən də onlara verilmiş vəziyyətdə donub qalır. Bir ayağını və qolunu yuxarı qaldırıb, başını yana əyərək belə yöndəmsiz vəziyyətdə xeyli müddət dayana bilirlər. Buna katalepsiya (mumabənzər gərginlik) deyilir. Bəzən xəstələrə heç bir vəchlə hər hansı bir hərəkəti etdirmək olmur. Xəstə əks müqavimət göstərir (neqativizm əlaməti).
Katatonik sindromlar əksər təsadüflərdə bir sıra məhsuldar psixopatoloji əlamətlərlə birlikdə rast gəlinir. Aydın düşüncə fonunda hallüsinasiyalar və sayıqlamalarla müşayiət olunan katatoniya sindroma şizofreniyanın bir forması kimi rast gəlinir (Lüsid katatoniya).Emosional gərginliklə ifadə olunan hallüsinasiyalar, sayıqlamalarla və düşüncənin oneyroid vəziyyətdə pozulması ilə müşahidə olunan katatonik sindrom xoşxassəli gedişə malik şizofreniya üçün xarakterikdir (Oneyroid katatoniya).
Hebefrenik sindrom. Əhval-ruhiyyənin səbəbsiz, məzmunsuz yüksəlməsi fonunda nitqin və davranış hərəkətlərinin oyanıqlığı ilə müşayiət olunan psixi pozuntulardır. Xəstənin hərəkətləri gülünc və cəfəng (yöndəmsiz) olur. Müxtəlif təfəkkür pozuntuları, nitqin qırıqlığı, şəxsiyyətin enməsi əlamətləri bu sindromun ağırlıq dərəcəsini göstərir. Hebefrenik sindrom əsasən gənc yaşlarda başlayan bədxassəli şizofreniyada rast gəlinir. Nadir hallarda epizodik olaraq müxtəlif zəhərlənmələrdə-intoksikasion və reaktiv psixozlarda da rast gəlinir.
Nərmin Quliyeva
Xəzər Universiteti
Psixologiya fakültəsinin II kurs tələbəsi