Psixoloq Elnur Rüstəmov: “Bizdə adamlar kriminal xəbərlərə baxanda rahatlıq tapırlar”

“Azərbaycan həbsxanalarında məhbuslar yaxşı islah olunmurlar”

Azərbaycan televiziyalarındakı xəbərlərdə kriminal hadisələrə daha çox yer ayrılır. Televiziyanın tamaşaçının şüuraltına özünün də xəbəri olmadan  ötürdüyü mesajlar sonradan həmin tamaşaçının həyatında bəzi fəsadlara, yaxud müsbət davranışlara səbəb olur. Azərbaycan televiziya məkanından narazılıqların bol olan vaxtında onun həm cəmiyyətə, həm də ayrı-ayrı insanlara müsbət və mənfi təsiri də açıq-aşkar hamıya məlumdur. Bununla bağlı sırf psixoloji aspektləri Modern. azsaytının müsahibi, psixoloq Elnur Rüstəmov cavablandırır:

- Televiziyaların cəmiyyətə və fərdə psixoloji təsirindən danışanda bir psixoloq kimi televiziyanın, KİV-in əsas funksiyasını nədə görürsünüz?

- Televiziyaların əsas işi informasiyanı insanlara ötürməkdir. Həmin informasiyanın müsbət, mənfi təzahürlü olması, insanlara nə kimi təsir etməsi isə artıq ikinci mərhələdir.

Amma nəzərə alaq ki, KİV-in əsas xüsusiyyətlərindən biri də insanları maarifləndirmək və konkret istiqamətlərə yönləndirməkdir. Mənim də şəxsi qənaətim budur  ki,  televiziyanın əsas funksiyası insanları bilgiləndirmək və  onlara problemlərdən çıxış yolunu göstərməkdir.

- Televiziyaların istər informasiya, istərsə də proqram siyasətində bu gün daha çox kriminala yer ayrılmasını və tamaşaçıların da ən çox bu “qanlı” xəbər bloklarına və verilişlərinə diqqət kəsməsini psixoloji baxımdan nə ilə əlaqələndirmək olar?

- Təkcə televiziyanın deyil, elektron medianın, elə öz saytınızın da  ən oxunaqlı yazılarına baxın. Onda mənzərə sizə tam aydın olacaq. Görəcəksiniz ki,  insanlar ən çox kriminal və hər hansı bir tanınmış sənət adamının şəxsi həyatı ilə bağlı xəbərləri oxuyurlar. Səbəbi odur ki, insanlar həmişə kəskin hislər, kəskin süjetlər axtarırlar. Özlərini ortada görə bilməyəndə sanki daxili bir rahatlıq tapırlar. Əslində dünyanın hər yerində belədir. Hər hansı bir sayta baxın,  görəcəksiniz ki, avtoqəzadan tutmuş insan ölümünə qədər bütün xəbərlər ən çox oxunan yazılar siyahısındadır. Adamlar kəskin süjetlə bərabər, həm də daxili rahatlıq üçün həmin xəbərlərə baxırlar. “Nə yaxşı ki, mən orada yoxam”, “nə yaxşı ki, bu məndən yan keçdi” düşüncəsi ilə daxili bir rahatlıq tapırlar. Alt şüurlarında “sığortalandım” düşüncəsi yaranır.

- Kriminal yönlü informasiyaların, proqramların yayımındakı yanlışlıq haradadır?

- Bizi narahat edən nədir? Kriminal həmişə olub və hər zaman da olacaq. Amma bu gün kriminal televiziya üçün sadəcə, bir xəbər funksiyası daşımamalıdır. O zaman o xammal rolunu oynayır. Belə olan surətdə hərə öz düşüncəsinə görə o xəbərdən nəticə çıxarır. Hansı istiqamətdə xəbər kimi ötürülürsə, o istiqamətdə də kriminal hadisələrin sayı artır. Əgər ailədaxili bir zorakılıq kriminal xəbər kimi verilirsə, həftə içində ən azı iki-üç dəfə ona oxşar hadisələri görürük. Məsələn, bu yaxınlarda oğlanın qızı öldürməsi xəbəri yayıldı. Çox keçmədi ki, şəhərdə buna oxşar, iki anoloji kriminal hadisə baş verdi. Kriminal hadisəni yalnız maarifləndirici, əxlaqi səpkidə deyil, sırf xəbər kimi verəndə bunun aqibəti belə olur. Çünki hər kəsin psixologiyası eyni deyil. Hərə özünə görə xəbərdən nəticə çıxarır. Kimi buna pis baxır, kimi isə düşünür ki, belə variant da var, bu cür də etmək olar. İnsanları məcbur etmək olmaz ki, o öz qavradığı şəkildə yox, başqa cür düşünsün. Xəbəri hazırlayan adam bəlkə də başqa düşüncə ilə onu yayımlayır. Amma onu izləyən adam ondan tamamilə başqa nəticə çıxarır. Ona görə sadəcə, xəbər kimi yox, “bu hadisələr nədən baş verir”, “bunun çıxış yolu nədir”, “bu cür konfliktli situasiyalarda necə hərəkət etmək lazımdır”,  “bunlar nədən qaynaqlanır” və digər suallar istiqamətində insanları maarifləndirmək lazımdır. Düşünürəm ki, belə olarsa, kriminal hadisələrin sayı azalacaq. Doğrudur, bu cür hadisələri lokallaşdırmaq lazım deyil, yəni dünyanın inkişaf etmiş ölkələrində də çoxlu sayda kriminal hadisələr yaşanır. Nyu-Yorkun özündə müəyyən vaxtdan sonra insanlar küçəyə çıxa bilmirlər. Amma belə cəmiyyətlərdə maarifləndirmə işləri aparılır. Düşünürəm ki, bizdə də televiziyalar kriminal hadisəni yalnız informasiya kimi deyil, onu təhlil edərək maarifləndirici obyekt kimi çatdırsalar, bu daha yaxşı effekt verər.

- Azərbaycan efir məkanında həbsxanadan bəhs edən proqram var. Evlərdə azyaşlı uşaq televiziya qarşısında oturaraq birbaşa türmənin içini görür. Bu onun  psixologiyasına necə mənfi təsiri edəcək?

- Ümumiyyətlə, bu cür verilişlərdən söhbət gedəndə çox yaxşı olardı ki, öncədən məlumat verəydilər ki, buna hansı yaş qrupuna qədər insanlar baxa bilməz. Əslində həmin verilişin əsas hədəfi insanlara həbsxanaya düşməmək üçün nə etmək lazım olduğunu göstərməkdir. O, bildiyim qədər dünyada azsaylı layihələrdən biridir ki, orada dustaqlardan biri aparıcı olur, o biri danışır. Bunların hamısı ona görədir ki, insanlara ibrətamiz mesajlar ötürülsün. O dustaq demir ki, mən yaxşı etmişəm. Əslində onun danışığı insanları bu işdən çəkindirməyə yönəlib. Həbsxana  islah-əmək düşərgəsidir. Yəni insanın ikinci dəfə eyni cinayəti etməməsi üçün onu islah edir. Amma bu gün bizim həbsxanalardakı məhbusların çoxu ikinci dəfə və daha çox cinayət edən adamlardır. Bu da onun göstəricisidir ki, onlar orada yaxşı islah olunmayıb. Bir qüsur da ondan ibarətdir ki, həbsxanadan çıxan adamın azad cəmiyyətə adaptasiyası problemi var. Loru dildə desək, qabaqlar dəb halını alan “turemşik” damğası var idi. Bu damğanı üzərindən götürmək üçün isə həmin adama kömək etmək lazımdır. Hər bir insanın səhvi ola bilər. Amma insanlar ona kömək etməlidir. Bu yaxınlarda Ədliyyə Nazirliyi yeni bərpa mərkəzləri açıb. Həbsdən azad olan adamlar bir müddət orada reabilitasiya mərhələsini keçirlər. Bu tipli proqramların televiziyada işıqlandırılmasına gəldikdə, doğrudur, uşaqlar buna baxmamalıdır. Böyüklər də ancaq müsbət nəticə çıxarmalıdırlar. Təbii ki, o proqramın müsbət nəticələri çoxdur və biz də müsbət olana diqqət etməliyik.

Bu gün televiziyada çatışmayan əsas prinsip hansıdsır?

- Televiziya proqramlarından gileylənən adamlar çoxdur. Əgər hansısa televiziyadakı veriliş xoşuna gəlmirsə, başqa yerə baxa bilərsən. Məsələn, qonşu ölkələrin televiziya proqramlarına baxın. Orda fərqli nə var ki? Doğrudur, texniki imkanları çox yaxşıdır. Televiziya mütəxəssislərimiz də deyirlər ki,  əgər bizdə də həmin texniki avadanlıqlar olsa, daha yaxşı nəsə hazırlayarıq. Yəni onların da deməyə sözləri var. Ancaq yaxşı olardı ki, əsas məqsəd insanlara fayda vermək, insanlara çıxış yolunu göstərmək olsun. Kənardan baxanda insanlar çox söz deyirlər. Sual olunur: “Həmin insanlar öz həyatlarında bunu nəzərə alırlarmı?” Almırlar...

Məsələn, kriminal xəbər yazan zaman insanları məcbur etmirsiniz ki, mütləq bunu oxuyun. Onların özləri həmin yazını açıb oxuyurlar. Əgər sabah o tipli yazılara tələbat olmasa, siz də yazmazınız. İnsanlar tələbat olan yerə qaçırlar. Təbii ki, mediada insanları maarifləndirən xətt də lazımdır. Biz əl-ələ verib həmin xətti inkişaf etdirməliyik. Amma gözləməyək ki, hər şey birdən-birə düzələcək. Bu gözləntinin özü də doğru deyil. İstəklər reallıqla  uzlaşmalıdır.

- Bir psixoloq və ziyalı kimi özünüzün təqdir etdiyiniz, bəhrələndiyiniz  hansı proqram var?

- Mən Azərbaycan efir məkanında baxdığım hər bir proqramda nəsə müsbər şey axtarıram. Onun mənfi yönlərinə diqqət etmirəm. Amma açıq deyim, bəhrələndiyim, təqdir etdiyim televiziya proqramı özümün də eksperti olduğum “Öz aramızda” verilişidir. O, həm sosial, həm də maarifləndirici yöndən çox faydalıdır.

Elmin NURİ

http://modern.az/articles/77470/1/



 

LOGİN

 Email
 Parol
Qeydiyyat