“Kişilər qadınlarla ayaqlaşa bilmir, zorakılığa əl atır”

17 yaşlı Aytac Babayevanın sevgisinə qarşılıq vermədiyi üçün 20 yaşlı İzzət Hüseynov tərəfindən qətlə yetirilməsi istər mətbuatda, istərsə də sosial şəbəkədə geniş müzakirələrə və etiraza səbəb olub. Son illər zorakılıq və qətl hadisələrinin sayının artmasını nəzərə alaraq psixoloq Elnur Rüstəmova müraciət etdik. “Qafqazinfo”nun suallarını cavablandıran psixoloq bu cür hadisələrin artmasına səbəb olaraq valideynlərin övladlarına qarşı diqqətsiz olmasını göstərib:  

 “Aytacla İzzət gənc deyil, yeniyetmədir. O dövrdə fizioloji və psixoloji dəyişikliklər baş verir. Yeniyetmə daim axtarışdadır, özünü sübut etməyə çalışır. Yeniyetmə problemi hər zaman olub. Hazırda texnologiyalar onlara zərər verir və onları ətraf aləmdən uzaqlaşdırır. Bizim valideynlər yeniyetmələrlə davranmağı bacarmırlar. Uşaqda problem olduğunu qəbul etmirlər, düşünürlər ki, düzələcək. Valideynlər övladlarının psixoloji vəziyyətinə fikir verməlidirlər. Valideynlər bir-birindən uşağın pis vərdişini gizlədir, bu da uşaqları uçuruma aparır. Əlbəttə, onlarla uşaq arasında pərdə olmalıdır, hörmət qorunub saxlanmalıdır, valideyn övladına diqqət ayırmalıdır. Bu gün valideynlə uşağın arasına internet girib. Ailədə ünsiyyət olmalıdır, ata-ana istədiyi vaxt evə gəlməməlidir. Valideyn uşağa örnək olmalıdır. Yanıma gələn valideynlər deyir ki, oğlum, nə dərdin varsa, mənə de. Amma 10 dəqiqə sonra həmin hadisəni uşağın üzünə vurur. Valideyn uşağını mühakimə etməməlidir. Bununla o, özünə qarşı güvənsizlik yaradır”.

Elnur Rüstəmov qadına qarşı zorakılıq hallarının baş vermə səbəblərindən söhbət açıb:

“Mənim qorxduğum odur ki, cinayətlərin sayı Aytac İzzət məsələsindən sonra daha çox artsın. Bəlkə də bundan sonra oğlanlar var ki, sevgilisinə deyir ki, mən də edərəm, mən də öldürərəm.  Bu cür cinayətlərin təhlili aparılmalıdır, cinayətləri çox qabartmaq olmaz. Mətbuatda, televiziyalarda bu cür cinayətlər az işıqlanmalıdır. İnsanlara yaxşı şeyləri göstərmək lazımdır ki, onlar da bu yola yönəlsinlər. 

Zorakılıq problemi zamanla aradan qalxacaq. Maariflənmə işləri aparılsa, problem daha tez həll olunacaq. Bu gün Azərbaycan xanımı daha dinamik və işgüzardır. Kişilər buna görə qadınlarla ayaqlaşa bilmirlər və zorakılığa əl atırlar. Aytac İzzətdən ayrılıb, istəmir. İzzət isə bu reallıqla barışmır. İzzətin fikrində yalnız o vardı ki, Aytac onu istəməlidir. Bu düşüncəyə görə ölüm hadisə baş verdi.

 

Bu gün qadın müəssisənin başçısıdır, evə gəlir,  əri onu döyür. Kişi özünü bu cür sübut etmək istəyir. Hazırda Azərbaycanda kişilər öz üzərlərində daha çox işləməlidirlər. Təəssüflər olsun ki, kişilər rahat qəbul edir ki, evin yükünü qadın daşısın. Ağır cinayət yoxdur, bütün cinayətlər məişət və qısqanclıq zəminində baş verir. Hər qadın yanında güclü kişi görmək istəyir. Qadın güclü kişiyə güvənər və onun istədiklərini rahat yerinə yetirər. Son hadisə bizdə böyük problemlər olduğunu göstərdi. Şifahi və yazılı ədəbiyyatımıza baxsanız, görərsiniz ki, bizdə sevgi hər zaman əzab çəkmək olub, dastanlar mozaxizmlə doludur. Bizdə ya sevgi yoxdur, ya da sevgi dəlilik dərəcəsindədir, bu problemi həll etmək lazımdır. Qadınla kişi ortaq məxrəcə gəlməlidir”.  

Psixoloq intihar hallarının artma səbəblərindən danışıb:

“Artıq məktəblərdə də psixoloqların sayı artıb. İntiharların artmasının bir çox səbəbi var. Genetik intiharlar var. Bir nəsildə intihar edənlər çox olur, bu artıq nəslin geninə köçür və psixologiyasına təsir edir. Xəstəlikdən, narkomaniyadan əziyyət çəkənlər intihar edirlər. İntihar edən şəxs ümidsiz şəxsdir. Bu gün yeniyetmələr daha çox intihar edir. Yeniyetmə özünü tapa bilmir, özünə qalib gələ bilmir, internetdən, sevdiyi şəxsdən asılı vəziyyətə düşür və intihar edir. Yeniyetmələr fərqli nəsə etmək istəyir və bu fərqliliyin girovuna çevrilir. Valideyn uşağın problemi olduğunu bilir, ona bahalı telefon alır, amma psixoloqa gətirmir. Azərbaycan ailəsinə bunu aşılamaq lazımdır. Valideyn deyir ki, psixoloqa getməyə imkanım yoxdur. Bizimkilərin imkanı var. Falçıya  1000-1500 manat verirlər. Çünki o vəd verir. Psixoloq isə problemi həll edir”.

Rüstəmov bildirib ki, hazırda psixoloqlara müraciət edənlərin sayı artıb:

“Yanıma xəstə gələndə bilirəm ki, qorxusu varsa, əvvəl çıldağa, sonra ziyarətgaha, daha sonra ekstrasens-falçı yanına gedib, ən son isə psixoloqa müraciət edir. Problemin asan həll yolu psixoloq yanına getməkdir. Bəziləri düşünür ki, psixoloqa getsə, ona “dəli” deyəcəklər və  ya psixoloq problemi haqda başqalarına danışacaq. Psixoloqlar özlərinə güvən yaratmalıdır. Artıq Azərbaycanda da psixoloqlara müraciət edənlərin sayı artıb. Bizə abituryentlər, evli, nişanlanmaq istəyən cütlüklər tez-tez müraciət edirlər. Yeniyetmələr əsasən imtahandan əvvəl müraciət edirlər. Cütlüklərin əsas problemi ailələri ilə birlikdə yaşamaq və ya yola getməməkdir. Valideynlər cütlüklərin işinə qarışmamalıdır. Bu gün ailədə problem olanda valideyn gedib qızını gətirir ki, özüm baxaram. Buna görə də boşanmaların sayı artıb”. 

Psixoloq  seansların baha olması haqda səsləndirilən fikirlərə də aydınlıq gətirib:

“Bizim insanlarda psixoloqa pul vermək anlayışı yoxdur. Seanslar baha deyil, 10 seansa 200-250 manat pul ödənilir. Türkiyədə bir seans bizimkindən qat-qat bahadır. Bizimkilər  min manat verib bahalı telefon, yüz manat verib ətir alır, toya çağırdığı müğənniyə 3000-5000 manat verir, amma psixoloqa pul vermək istəmir. Bizimkilər Türkiyəyə gedib hər seansa 400-500 lirə pul verirlər. Biz bilməliyik ki, bizim psixoloqlar pasientə daha faydalı olar. Çünki türklər bizim məişət problemlərimizi, mental dəyərlərimizi bilmirlər. İnsanların psixologiyası yaşadığı cəmiyyətlə formalaşır. Azərbaycanlı ayrı məsələdən, avropalı ayrı məsələdən depresiyaya düşür. Ona görə də, azərbaycanlılara məsləhət görürəm ki, yerli psixoloqlara üz tutsunlar”. 

Könül

http://qafqazinfo.az/xeber-kiilr-qadnlarla-ayaqlaa-bilmir-zorakla-l-atr-t129636.html



 

LOGİN

 Email
 Parol
Qeydiyyat