Rəml atıram,fala baxıram

Ekspertlər bildirirlər ki, falçılığın kökünü kəsməyin əsas yolu insanlar arasında maarifləndirmə işlərinin aparılmasıdır

“Fala inanma, faldan da qalma” prinsipi ilə “taleyini öyrənmək” üçün falçılara üz tutanlar çox olmasa da, az da deyil. Bəzən elə insanlar falçılara getdiklərini deyirlər ki, sadəcə, buna inanmaq olmur. Falçıların fırıldaqçılıqla məşğul olması, insanlara vəd verib külli miqdarda pul tələb etməsi kimi hallar da zamanla mətbuatın gündəminə çıxır. Lakin “gələcəklərini öyrənmək” istəyən, yaxud falçının dediklərinə inanan insanlar boşuna xərclədikləri pula fikir vermirlər. Hətta borc-xərclə pul tapıb tələb olunan məbləği verənlər də olur. Təki işləri “həll edilsin”. Yeri gəlmişkən, falçıların təbliği, açıq-aşkar fəaliyyətlə məşğul olması onların sayının getdikcə artmasına və müraciət edənlərin də çoxalmasına səbəb olub. Odur ki, bu sahə ilə bağlı tədbirlərin görülməsinə ehtiyac var idi. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini ayinlər və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı yeni bir qərar layihəsi hazırlanır. Komitə sədri Mübariz Qurbanlı bildirib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq. M.Qurbanlı deyib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Falçılıq ən böyük günahlardan hesab olunur

Bəs qadağa ilə falçılıq fəaliyyətinə mane olmaq mümkün olacaqmı? Axı onların yanına gedənləri heç kim məcburən aparmır. Yəni istəyən yenə də falçı ünvanı tapıb gedəcək. Elə isə bu qərarın effektiv nəticə verməsi üçün hansı addımların atılmasına ehtiyac var? 

Astroloq Firudin Qurbansoy qəzetimizə açıqlamasında bildirdi ki, falçılıq islam dinində ən böyük günahlardan hesab olunur: “Falçılıqla qazanılan əmlakı peyğəmbər əleyhissəlam küçə qadınının fəaliyyəti ilə müqayisə edib. Murdar və bəyənilməyən bir şeydir. Doğrudan da falçıların cini var. O cin şeytani təbəqədəndir və falçılara doğru informasiya vermir. Göyün birinci qatına qədər qalxır, mələklərdən eşitdiklərinin üstünə əlavələr edib, falçıya diqtə edir. Falçı da onun dediklərini təkrar edir. Bu mənada falçılar çox böyük günah sahibləridir. Onların fəaliyyətini qadağan edən qanun çoxdan çıxmalı idi. Yəqin ki, məhdudiyyətlər olacaq, efirdə, mətbuatda görünməyəcəklər. Amma hara gedirdin onların reklamları idi. Bəzən savadlı adamlar belə, onlara üz tuturdular. İnsanlar arasında maarifləndirmə işləri aparılmalı, imana gətirilməlidirlər. İmanlı adam heç vaxt cadugərin, falçının yanına getməz”. 

Mübarizə dövlət səviyyəsində aparılmalıdır

“Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli deyir ki, bütün sivil cəmiyyətlərdə qara magiya daşıyıcılarına qarşı mübarizə metodu var. Orta əsrlərdən üzü bəri sərt və ya yumşaq formada falçılığa, cadugərliyə və digər neqativ hallara qarşı cəza formaları olub: “Məşhur inkvizisiya məhkəmələri daha çox bu işlə məşğul olub. Amma tam dayandıra bilməyiblər. Hətta dinin də qadağan olunduğu sovet dönəmində belə, bu kimi hallara ciddi təpki vardı, lakin yenə də hər kənddə, hər şəhərdə gizli də olsa fəaliyyət göstərənlər olurdu. Bu gün məlum hallar daha da intensivləşib. Bunun da səbəbləri çoxdur”.

S.Rəhimlinin sözlərinə görə, qara enerji daşıyıcıları əsasən xaos dönəmində fəallaşırlar: “Sovet rejimi dağıldı, sistem çökdü, bir quruluşdan digərinə keçid mərhələsi başlandı. Bundan başqa, müharibələr, kənar təzyiqlər, iqtisadi böhranlar, kütləvi işsizlik, işgüzar təbəqənin ölkəni tərk etməsi maddi-mənəvi cəhətdən ahəngi pozdu. İnsanlar doğrunun harada, yalanın harada olduğunu bilmədilər. Bu səbəbdən də ümid axtarışına çıxdılar. Əksəriyyəti maariflənməyən, cahil və zəif dünyagörüşlü olan əhalimiz üz tutdu qara enerjili insanların yanına. Guya onlar bu adamları nicata qovuşduracaqmış. Atalarımız dediyi kimi, “boş çuxura çirkli sular tez dolur”. Fırıldaqçı xürafatçılar da bu fürsətdən yararlanıb sadəlövh insanları aldatmağa başladılar. Ən acınacaqlısı da odur ki, onları qəzetlər, saytlar, telekanallar geninə-boluna təbliğ etdilər. Hətta ən ciddi telelayihələrdə belə, başda falçını oturdub alim və digər ziyalılarımızı onların vasitəsilə məsxərəyə qoydurdular”.

Astroloq bildirdi ki, falçıların təbliğatının qarşısının alınması üçün zaman-zaman o da mübarizə aparıb. Amma dövlət səviyyəsində bu iş aparılmasa, dayandırmaq mümkün deyil: “Mübariz Qurbanlının falçılarla bağlı qərarını dəstəkləyirəm. Lakin onun tam həyata keçirilməsinə inanmıram. Çünki falçılar çox böyük şəbəkəyə malikdir, üstəlik, onların əksəriyyətinin himayədarları var. Onlara şəhərin ən görkəmli yerlərində gözəl şərait yaradılıb, ofis və ya evlər verilib. Mən illər öncə bu halların qarşısını almaq üçün böyük bir layihə işləmişəm. Bacardığım qədər yardımçı ola bilərəm. Məndə 300-dən çox falçının adı və ünvanı da var. Təsəvvür edin ki, təkcə İçərişəhərdə 40-a yaxın cadugər yaşayır. Bu işdə ilk öncə prinsipiallıq və cəsarət lazımdır. Komitə istəsə, ölkədə olan bütün falçıları aşkara çıxarıb ifşa edə bilər. İlk növbədə onların mediada təbliği dayandırılmalı, daha sonra onların ünvanını aşkar edib “fəaliyyətlərinə” xitam verilməlidir. Çox istərdim ki, bu mübarizə dilənçilərə qarşı mübarizə kimi görüntü xətrinə olmasın”.

Cəmiyyətdə maariflənmə olmalıdır

Psixoloq Elnur Rüstəmov deyir ki, qanunun qəbul edilməsi çox yaxşı haldır. Amma falçıya gedən, inanan həmişə olacaq: “Sui-istifadə edən, ailələri dağıdan, külli miqdarda qazanc əldə etmək üçün çalışanlar var idi. Qanunvericiliklə müəyyən tədbirlərin görülməsi yaxşı olardı. Ancaq mən inanmıram ki, kimsə bu qadağa ilə falçıdan uzaq dursun. Bunla belə, falçıya gedənlərin sayı azalacaq”.

Psixoloq bildirdi ki, problemin əsas həll yolu cəmiyyətin düzgün maarifləndirilməsidir: “Gələcəklə bağlı məlumatlar hər zaman insanlar üçün maraqlı olur. “Gələcəkdə nə olacaq?”, “Kim mənim haqqımda nə fikirləşir?”, “Mənə pislik edən kimdir?” tipli suallarına cavab tapmaq üçün insanlar falçı, cadugər yanına gedirlər. İnsanlar gələcəkləri ilə bağlı həmişə narahat olurlar. Bu düşüncələr insanda heç vaxt dəyişməyəcək. Burada insanlara alternativlər təqdim edilməlidir. Məsələn, falçıya getmə, psixoloqa get. Psixologiyada gələcəklə bağlı bir terapiya var. Orada da qeyd olunur ki, insanlar dünən yox, daha çox sabahla bağlı narahatçılıq keçirirlər. Falçılar da insanların zəif yerindən tutur. Alternativlər olduğu təqdirdə problem müəyyən qədər tənzimlənəcək”. 

E.Rüstəmov deyir ki, bu sahədə tənzimlənmə işlərinin aparılmasına ehtiyac var. Amma işlərin necə aparılması da şərtdir: “Bir çox Avropa ölkələrində bu işi tənzimləmək üçün başqa bir yoldan istifadə ediblər. Belə ki, falçıları vergiyə cəlb ediblər. Çünki qadağan da olunsa, onların bir qismi başqa ad altında fəaliyyət göstərirlər. Deyəcək ki, mən falçılıq etmirəm, söhbət edirəm. Bizdə falçıların bir qisminin ümumiyyətlə, təhsili yoxdur. Bir qisminin ruhsal problemləri var”. 

E.Rüstəmovun sözlərinə görə, falçıya gedən insanların psixologiyasının zəif olduğunu birmənalı şəkildə demək olmaz. Çünki falçı ilə oturub-duran kifayət qədər oxumuş, savadlı insanlar var: “Bir qisim üçün bu, bir hobbi, əyləncədir, bir qisim insanlar həmin falçının təsir dairəsinə düşür, bir qisim isə onlardan asılılığa meyillidir. Elə insanlar var ki, bütün həyatlarını falçıların dedikləri üzərində qururlar. Əgər səfərə getməlidirlərsə, falçı məsləhət görməsə, təxirə salırlar”. 

Psixoloq onu da bildirdi ki, Neyro Linqvistik Proqramlaşdırma (NLP) deyilən bir anlayış var. Falçılar çox vaxt bu proqramlaşdırmadan istifadə edirlər: “Tutaq ki, “İki aydan sonra sənin bəxtin açılacaq” – deyirlər. İnsan da iki aya köklənir. Əhvalı yaxşı olur, pozitiv enerjidə olur. Pozitiv olduqca təbii ki, onun bəxti açılacaq. İnsana deyəndə ki, sənin həyatında altı aydan sonra dəyişiklik olacaq, o da artıq özünü həmin dəyişikliyə kökləyir, depressiv vəziyyətdən çıxır. Pozitiv pozitivi dartıb gətirir. Falçılar isə bu məqamlardan çox yaxşı istifadə edirlər”.

Fırıldaqçı və ya doğru falçı – hər ikisi zərərlidir

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, falçılar fırıldaqçı və ya qabiliyyətli olmasından asılı olmayaraq, cəmiyyət üçün ziyanlıdır və insanlara ancaq zərər verirlər: “Burada da iki cür hadisə baş verir. Əvvəla, falçı dediyimiz adamların bir qisminin insanların energetik sistemlərinə daxilolma qabiliyyəti var. Onların hamısını fırıldaqçı adlandıra bilmərik. Amma falçılar bir şeyi 30 faiz bacarırlarsa, 70 faizi uydurmadır. Energetik qabiliyyəti olan falçılar insanların energetik dalğalarına daxil ola bilirlər. Onların arasında çox naşı olanları var ki, insanların energetik dalğalarına daxil olarkən orada bir çox şeyləri pozurlar. Biri gedir özünə “uğur duası” yazdırır. Amma bilmir ki, onu yazan adam qabiliyyətlidirsə, energetik sistemə daxil olan zaman uğur üçün bir şeyi düzəldəndə 10 şeyi də korlayır. Müvəqqəti nəsə yaxşı ola bilər, amma sonra heç də elə olmur. O biri tərəfdən, falçıların çox hissəsi fırıldaqçıdır. Bəzilərində şizofreniya xəstəliyi var. Onlar elə bilirlər ki, insanları həqiqətən müalicə edə bilərlər. Dində falçıların işi şeytan əməli olaraq qiymətləndirilir. Falçıların bir qismi fırıldaqçıdır, qalanları isə insana neqativ enerji verir”.

Sosioloq sonda onu da bildirdi ki, falçıların çoxluğu onu göstərir ki, onlara tələbat da çoxdur. Ona görə də problemi həll etmək üçün tələbatı azaltmaq lazımdır: “Problemi bu tərəfdən həll etmək üçün maarifləndirmə işlərinə böyük ehtiyac var. Sadəcə, qadağa qoymaqla heç nəyi əldə etmək olmaz. Falçıların bir çoxu ya baha qiymətə baxmağa başlayacaqlar, ya da başqa ad altında fəaliyyət göstərəcəklər. Buna görə də əhali arasında geniş maarifləndirmə işləri getməlidir. İslami dəyərləri dəqiq bilən islam alimləri, psixoloqlar bu işə qoşulmalıdır”.

Aygün Asimqızı 

http://kaspi.az/news.php?id=24958


 

LOGİN

 Email
 Parol
Qeydiyyat