“Yuxusuzluq intiharların və aqressiyanın artımına səbəb olan ən böyük amillərdəndir”
Ölkə bu il bir çox hay-küylü intiharlara şahidlik etdi. Burada məktəbli uşaqdan tutmuş ahıl şəxslərədək insanların intihar xəbərlərinə rast gəlindi. Eyni zamanda özünü yandıraraq etiraz edən, körpüdən atılaraq sosial problemini həll etmək istəyən insanlar da oldu. Bu il bu istiqamətdə çox təəssüflər olsun ki, “inkişaf” nəzərə çarpdı.
İntiharların artım səbəblərinə aydınlıq gətirməyə çalışan psixoloq Elnur Rüstəmov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, digər illərlə müqayisədə 2014-cü il intiharlarla çox zəngin bir il oldu: “Həm yaş baxımdan, həm də status baxımından fərqli müstəvilərdə intihar edənlərin şahidi olduq. Bu siyahıya işləyən və işləməyən, varlı və kasıb insanlar da daxil idi. Mən bütün bunların səbəblərini ümumi olaraq qlobal baxımından aqressivliyin artması ilə bağlayıram. Bu aqressiv davranışlar Azərbaycandan da yan keçməyib. Bu gün insanlar digər illərə nisbətdə daha çox aqressiv və tələskəndirlər. İnsanlar problemlərlərlə rastlaşdıqda tez bir zamanda və nəyin bahasına olursa olsun onu həll etməyə çalışırlar. Ailə daxilində olan konfliktlər çox tez bir zamanda ailənin dağılmasına gətirib çıxardır. Bu gün ailələrdə olan konfliktlər əvvəlki illərdə də var idi. O vaxt insanlar bu konfliktin çözülməsi üçün illərlə səbr edirdilər. Bu gün isə insanlar bir neçə gün səbr etməyə təhəmmülü yoxdur. Təbii ki, bütün bu aqressiya və gərginlik intiharın da artmasına təsir göstərir. Mən istəməzdin bədbin danışım. Amma onu deməyə məcburam ki, intiharlar artacaq. Bu tendensiya azalmayacaq və ümumən qlobal bir problemə çevriləcək”.
Psixoloq Elnur Rüstəmov bu mövzuda çox önəmli bir nöqtəyə toxunaraq intiharların baş vermə səbəblərindən yuxusuzluğu əsas kimi gətirdi. O qeyd etdi ki, bu gün bizim Azərbaycan gənclərinin ən böyük problemlərdən biri yuxusuzluq problemidir: “Biz çox təəssüflər olsun ki, bu məsələyə diqqəti yönəltməmişik. Bu gün Azərbaycan vətəndaşı normal yatmır. İnternet, sosial şəbəkələr bütün ömrümüzü işğal edib. Bir şəxsin ki, normal yuxusu yoxdur, nəticədə aqressiv və əsəbi olacaq. Kiçik araşdırma aparsaq görəriki ki, səhər saatlarında işə gedən neçə adam gecə keçmişə qədər sosial şəbəkələrdə olur. 2-3 saat yatan insanlarda hansı psixoloji sağlamalıqdan və dayanıqlılıqdan söhbət gedə bilər? Heç də təsadüfi deyil ki, psixoitrik dərmanların tərkibində yuxu gətirən maddələr olur. Sağlam və normal yuxu əsəb sakitliyinin göstəricisidir. Bununla bağlı mütləq qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə insanların intiharı ilə və aqressiv hərəkətlərlə bağlı göstəricilər artacaq. Bu tək Azərbaycanla bağlı deyil, qlobal bir problemdir. Məsələn zaman-zaman xəbərlərdə rast gəlirik ki, ABŞ-da kimsə yolda və ya məktəbdə insanları kütləvi qətlə yetirdi. Düşünürəm ki, bu mənada intiharların artımına səbəb kimi texnikanın inkişafını da göstərmək lazımdır. Artıq bu istiqamətdə SOS siqnalı çalınmalıdır”.
http://deyerler.org/233044-psixoloq-vyuxusuzluq-intiharlardn-vj-aqressiyandn-artdmdna-sjbjb-olan-jn-bgygk-amilljrdjndirv.html