Sədaqətsizlik genləri

Həyatımızda bir çox insanları sevir və bir çoxlarına da həddən artıq bağlanırıq. Məsələn ananızla aranızda olan bağlılığı düşünün. Bu bağlılığın var olduğu üçün nə qədər də xoşbəxtsiniz elə deyilmi? Xüsusilə də çağalıq dönəmində, ananıza ən çox ehtiyac duyduğunuz zaman bu bağlılıq çox işinizə yaramışdı. Bir ananın övladıyla arasında olan bağ sizin üçün normal gələ bilər. Amma biz elm insanları olaraq beynimizin dərinliklərini araşdırdıqca əslində hər şeyin çox qarışıq və dəqiqliklə işləyən kimyəvi siqnallar sisteminə əsaslandığını görürük.

Siçan balalarında opioid sistemləri genetik mühəndisliyin köməyi ilə bir sıra reseptorlardan məhrum buraxılır. Bu zaman siçan balaları analarını veclərinə almırlar və ayrıldıqda da daha az qışqırırlar. Amma onlar hər şeyə qarşı belə soyuqqanlılıqla yanaşmırlar. Başqa bir əks cins siçana, təhlükəyə, soyuğa olan reaksiyaları həmişəki kimi qalmaqdadır. Görünən odur ki, opioid sistemlərində olan dəyişiklik sadəcə anaları ilə aralarında olan bağı qoparıb. Eyni mexanizm insanlar üçün də keçərlidir və bağlanma problemlərinin yaşandığı autizm kimi xəstəliklərdə də məhz bu sistemin pozulması müşahidə olunur.

Valideynlərə bağlanma ilə oxşar olan digər bir münasibət də həyat yoldaşına olan münasibətdi. Yəqin ki, çox insan mənlə razılaşar ki, monogamy daha çox əxlaqi mənliyə sığır. Monogamy bizim dilə təkarvadlılıq kimi tərcümə olunur. Təkarvadlılıq sözündən xoşum gəlmədiyi üçün mən monogamy sözündən istifadə edəcəm. Monogamy daha əxlaqidir deyirik, amma bu bizi sadə bir suala götürür. Əxlaq nədir?

Tarla siçanları bütün ömürləri boyunca bir çox məməlidən fərqli olaraq əks cins partnyorlarına sadiq şəkildə yaşayırlar. Bir erkək tarla siçanı ömrü boyunca sadəcə bir dişi siçanla cütləşir və onlar birgə yaşayıb, yuva qurub, balalarını böyüdüb, birgə də ölürlər. Onlar sahib olduqları bu sədaqət hissini hormonlarına borcludurlar. Beləki, erkək tarla siçanı dişi ilə cütləşən zaman beynində vazopressin adlanan hormon ifraz olunur.

Vazopressin beynin akumbens nüvəsi olaraq bilinən bölgəsindəki reseptorlara təsir edir və nəticədə əks cinslə bağlı həzz duyğusu ortaya çıxır. Monogamy və çift bağlanmanın ( pair-bonding) sirri də məhz bu həzz duyğusudu. Bu proses eyni ilə insanlarda da baş verir. Vazopressin hormonunun çox olduğu insanlar həyat yoldaşlarına sadiq olurlar. Hətta Amerikada genetik texnikalarla xəyanətkar kişilərin Vazopressin ifrazını artıraraq onları həyat yoldaşlarına bağlamağın və xəyanətlərinə son vermənin mümkünlüyü sübut olunmuşdu. Nəinki sübut olunub, hətta tətbiq də olunur. Bununla bağlı 2008- ci ildə İsveçdəki Karolinska İnstitutunda olan araşdırmanı diqqətinizə çatdırmaq istəyirəm. Araşdırmaçılar 552 heteroseksual kişidə vazopressin reseptorunu kodlayan geni incələdi. Onlar RS3 334 adı verilən genin bir bölgəsinin hər kəsdə fərqli bir sayda ortaya çıxdığını müşahidə etdilər. Bu bölgə bir kişidə heç olmaya bilər, cəmi bir dənə ola bilər və bir neçə kopya halında ola bilər. Kopya sayı artdıqca vazopressin hormonunun ifraz olunma dərəcəsi azalırdı. Təcrübədə iştirak edənlərin ümumi həyatları incələnən zaman ortaya çıxan nəticə heyrətamiz idi. Genlərində RS3 334 kopyası daşıyan kişilər daha sədaqətsizdirlər və onların ailə problemləri digərlərinə nisbətən daha çoxdur. İki kopya daşıyan kişilər ya evli deyildilər ya da ailə problemləri yaşayan, gəzəyən kişilərdi.

Bütün bunlarla demək istədiyim o deyil ki, etdiyimiz seçimlər və bizi əhatə edən mühitin bizim üzərimizdə təsiri yoxdur. Əlbəttə ki, var. Amma dünyaya fərqli yönəlişlərlə gəlməyimiz də bir həqiqətdir. Bəzi kişilər tək bir xanımla yaşayıb, ona sadiq qalmağa genetik baxımdan daha yaxındırlar. Əgər yaxın gələcəkdə qızlar sevgililərinin sadiq ər olma ehtimalını yoxlamaq üçün genetik test etməyə başlasalar şəxsən mən təəccüblənməzdim.

Yeri gəlmişkən sadiqliyi və bağlılığı artıran daha bir önəmli faktor da övlada sahib olmaqdı.

Psixoloq Helen Fisher altmış ölkədə boşanmaları araşdırıb ortaya çıxarmışdı ki, boşanmalara evliliyin dördüncü ilində daha çox rast gəlinir. Bəs niyə görə məhz dörd il? Fisherə görə bu müddət övladın həyatda qalma ehtimalını yüksəltməyə yetəcək olan vaxt dilimidir. İki valideyn sağ qalma baxımından bir valideynə nisbətən daha avantajlıdır. Bunun üçün beyin onları bu dörd il boyunca bir arada qalmalarına ikna edə bilir. Övladın qayğısına qalma istəyi uşaqların ” şirinliyi ” ilə bağlıdır. Biz insanlar çox vaxt uşaqları ” şirin uşaq ” kimi tərif edirik. Əlbəttə ki, onların vücudu bizdən daha şirin deyildi. Bu sadəcə təkamül mexanizmidir. Təkamül boyunca balalarını “şirin” olaraq görməyən fərdlərin uşaqları yetərli qayğı görmədikləri üçün tələf olmuşlar və bu növlərin nəsilləri kəsilmişdi. Psixoloji umwelt adı verilən bu mexanizm nəticəsində hal – hazırda dünyada bizim kimi sevgi dolu insanlar yaşayır. Sonuncu cümlə müzakirəyə açıqdır.

Fuad Əsədov

Psixoloq


 

LOGİN

 Email
 Parol
Qeydiyyat