Müharibə Stresi Azaldırmı?!

III Dünya müharibəsində hansı silahlardan istifadə ediləcək bilmirəm, ancaq dördüncüsü daş və çubuqla olacaq

Albert Eynşteyn

Görünən odur ki, müharibə artıq informasiya müharibəsinə çevrilib. Hər kəs döyüşür – kimi səngərdə düşmənlə, kimi isə bilgisayarın klaviaturası ilə…

Qəribə bir zamana gəlib çıxmışıq. Uzun müddət atəşkəs şəraitində yaşadıq. İtkilərimiz ara-sıra olurdu. Ancaq etiraf edək ki, indiki miqyasda deyildi. Qarabağ savaşından əvvəl beynimizdə müharibə modeli Böyük Vətən müharibəsi idi. Müharibə ilə bağlı plakatlar rayonların mədəniyyət evlərində, köhnə bərbərxanalarda, yəqin, hələ də durur: “Vətən uğrunda”, “Hər şey vətən üçün”, və sair.

İndi nə baş verir? Son günlər baş verən hadisələr bir çox məqamları və problemləri ortaya çıxardı. Bu problemlərdən ən böyüyü informasiya təhlükəsizliyidir. Baş verən hadisələr bizim bu sahədə kifayət qədər məlumatsız olduğumuzu ortaya qoydu. Başadüşüləndir. Belə situasiyada hər bir vətəndaş faydalı olmaq istəyir. Statistika da onu göstərir ki, özünə, cəmiyyətə faydalı olan insanda özgüvən hissi yüksək olur. Bu hal psixoloji faktor kimi mütəxəssislər tərəfindən hər zaman yüksək dəyərləndirilir.

Ancaq indi situasiya bir qədər fərqlidir. Sosial şəbəkədə yatmamaqla, səngərdə yatmamaq ayrı-ayrı şeylərdir. Həm coğrafi, həm də komfort baxımından.

Gün ərzində bir-birini təkzib edən xəbərlər verməklə düşünmürəm ki, biz nə isə qazanaq. Əksinə, itiririk – bir-birmizə olan inamımızı, doğru ilə yanlışı, içimizdəki ümidi…

Ən azından özümüzü cəbhə bölgəsində qulluq edən əsgər qardaşlarımızın valideynlərinin, doğmalarının yerinə qoyaq. O zaman mənzərə bizə qismən də olsa, aydın olacaq. Müharibə şəraitində ən qorxulu silah provakasiyadır. O provakasiya ki, insanlar fərqində belə olmadan təsirinə düşürlər. Hərb tarixində bu üsuldan geniş istifadə edilib. Nəzərə almaq lazımdır ki, texnikanın inkişaf etdiyi müasir cəmiyyətimizdə bunu etmək üçün kifayət qədər münbit şərait var. Buna imkan verməməliyik. Son hadisələr bizim müharibə istəyimizi ortaya qoydu. İnanın, bundan sonra Azərbaycan əsgərinin boyu da uzanacaq, çəkisi də. Qələbəni hamımız bərabər yaşayarıq. Hər bir vətəndaş o anı səbirsizliklə gözləyir. Bu müddət ərzində soyuqqanlı olsaq, düşünürəm ki, çox şeylər qazanarıq. Müharibə qəhrəman yetişdirir. O qəhrəman isə xalqın genefondunu formalaşdırır. Bu gün bizim Mübarizimiz, Ramilimiz, Fəridimiz var. Müharibə insanlar arasında doğmalıq yaradır, həmrəylik formalaşdırır, stressi azaldır. Müharibə zamanı intihar minimuma enir. Xəstəliklər azalır. İmmunitet yüksək olur. Ən əsası, cəmiyyətdə insanların özünəinam hissi formalaşır. Çünki aqressiyanın obyekti bəlli olur. Hər kəs bir nəfər kimi ora yönəlir.

Dünənə qədər 20 faizimiz işğalda idi. Bu gün azad oluruq, əməliyyat gedir, əməliyyat olunuruq. Ağrı olacaq, soyuqqanlı olaq. Bu gün hər birimiz ağrıyırıq. Bu gün hər birimiz əsgərik!

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat