“Aytacın günahı nə?!”

Vəsf et məni şair! Vəsf zamanı deyil, afət!

“Nəsimi” filmindən

Bu məsələ baş verəndən sonra həm sosial şəbəkələrdə, həm də mətbuatda faciə ilə bağlı müxtəlif fikirlər səsləndi. Bir yeniyetmənin bu cür amansızlıqla qətlə yetirilməsi, evində uşaq olan bütün valideynlər üçün həyəcan təbili oldu. Övladlarına diqqətləri artmağa başladı. Bəlkə də bəzi valideynlər bu hadisədən sonra 2-3 gün uşaqlarını məktəbə, hazırlıqlara qədər müşayiət də etdilər. Gizli şəkildə övladlarının telefonlarına göz də atdılar. Kənardan hərəkətlərini izlədilər də. Ancaq bu, bir müddət olacaq. Dolayısı ilə bu faciə ictimai diqqətdən kənar qalana qədər. Ondan sonra ailələr yenə də əvvəlki həyat tərzlərinə qayıdacaqlar. Məqsəd bunu Sizə bildirmək deyil! Bunu hamımız bilirik. Onu da bilirik ki, bu hadisə ilə bağlı haqqı olan da, olmayan da, sevgilisinə əl qaldıran da, övladına başqalarının yanında tənə edən də danışdı. Ancaq bizim üçün vacib olan “bu tip hadisələr hansı səbəbdən baş verir, qabağını almaq üçün hansı tədbirləri görmək lazımdır?” kimi suallara aydınlıq gətirməkdir.

Faciə özü böyük faciədir. İki yeniyetmə bədbəxt oldu. Ya vəlvələdən, ya zəlzələdən. Biri faciəvi şəkildə həyatını dəyişdi, digəri isə faciəvi şəkildə rəzil oldu, həyatı zillət oldu. O da zatən öldü. Əgər o, bunu  sevdiyindən ötrü etdiyini deyirsə, sevdiyi də artıq yoxdur. Dolayısı ilə onun özü də yoxdur. Mənən ölüb. Hələ mən bura hər iki ailənin faciəsini əlavə etmirəm. Bu gün İzzətdən daha çox bəlkə də valideynləri zillət çəkir. Xüsusən də anası. Hələ Aytacın anasını demirəm. Min bir əziyyətlə övlad böyütdü. Qızcığaz isə faciəvi şəkildə həyatını dəyişdi. Ölüm haqdır. Bir gün gələn, bir gün də gedər deyib babalar. Ancaq nə formada gedər? Bunu ölənə qədər heç kimsə bilmir. Bəlkə də ona görə babalarımız “Allah axırımızı xeyir etsin” deyiblər. Aytacın anası faciə ilə bağlı verdiyi müsahibədə qızının qatillə tanış olmadığını bildirmişdi. Yəni İzzət mərhum qızının adından yalan danışır, onlar tanış olmayıblar. Bu açıqlamadan sonra sosial şəbəkələrdə Aytacın İzzətlə şəkilləri yayılmağa, ad günündən video roliklər yerləşdirilməyə başlandı.

Dolayısı ilə insanlar sübut etməyə çalışırdılar ki, Aytacla İzzət bir-birini tanıyırdılar, münasibətləri də olub. Dediklərində həqiqət də vardı. Ən azından münasibəti olmayan bir insan bir xanımın ad gününə niyə tort gətirməli, ad gününün sahibi ilə hansı səbəblə şəkil çəkdirməlidir ki? Uzun sözün qısası; Aytac İzzətlə tanış idi. Ancaq ana da düz deyirdi. Bəli, qızı qatillə tanış deyildi! Bəli, bunu deyən faciəli şəkildə qətlə yetirilən qızın anasıdır. Anadır, valideyndir. Onu anlamaq lazımdır. Eləcə də onun kimi digər valideynləri. O valideynlər ki, çox zaman övladları haqqında obyektiv məlumata malik olmurlar. Uşaq haqqında yaddaşlarında qalan təsəvvürlərdən çıxış edərək münasibət bildirirlər. Uşaqları haqqında təsəvvürləri də maksimalist olur. Ya uşağını bütün situasiyalarda müdafiə edəcəklər, ya da əksinə taleyin ümidinə buraxacaqlar. Çox zaman valideynlər övladları haqqında beyinlərində qurduqları təsəvvürlərdən çıxış edərək fikir bildirirlər. “Mənim qızım bunu etməz”, “mənim oğlum heç kimə baxmaz”.  Bu faciə bizləri bir daha diqqətli olmağa çağırdı. Demək istədiyim yenə də bunlar deyil. Başqa şeydir. Dünənin və bu günün faciəsi.

“Desəm öldürərlər, deməsəm ölləm!

Problem olan təqdirdə bunu yaxınlardan gizlətmək… Hamımızın həyatında çətin durumlar, yanlış addımlar olur. Bunu zamanında doğru insanla paylaşıb yardım alırıqmı? Bir qisim insan bunu edir, başqa bir qisim isə növbəti yanlışa doğru addım atır. Yeniyetmələr də bu sıradadır. Aytac da, elə İzzətin özü də həyatlarında baş verənləri ailələri, doğmaları ilə paylaşsaydılar, bəlkə də bu faciə baş verməzdi. Düşündülər ki, özləri öhdəsindən gələcəklər. Nəticə isə ortadadır. Əslində bu hadisə ailələr üçün bir sos siqnalı oldu. Sükan arxasında yatan sürücüyə qarşı tərəfdən gələn sürücünün verdiyi siqnal kimi. Oyanmaq lazımdır!

Mən Sizə bu günün ən böyük problemlərindən biri olan şantaj, təhdiddən bəhs edim. Bəli, istər yeniyetmə olsun, istər gənc, istərsə də digər yaş qruplarında olan insanlar, ailələrin bir qismi bu gün dediyimiz bu problemin girovuna çevrilib. Qarşı tərəflə problemini paylaşa bilmir. Düşünür yanlış başa düşülər, danlanar, yaxud bundan da böyük faciə yaşanar. Nəticədə zaman-zaman doğmalarımızı gözümüzün qarşısında itiririk. Evində yeniyetmə övladı olan valideynlər xüsusən diqqətli olmalıdırlar. Övladlarında səbəbsiz əsəbi davranışlar, fikir dağınıqlığı müşahidə edirlərsə, maksimum diqqətli olmalıdırlar. Övladla nə qədər yaxın olsaq, onu anlamağa çalışsaq, güvənini qazansaq, problemlərindən də zamanında xəbərdar olarıq. Bəzən biz belə hallarla da rastlaşırıq; övladın problemini ana, yaxud ata bilir. Ancaq bunu bir-birlərindən gizlədirlər. Xüsusən bu cür gizlətmə halları analar tərəfindən daha çox müşahidə edilir. Bəli, kimsə deyə bilər ki, ataya deyirik, faydası olmur. Atasına deyəndə özündən çıxır, əsəbi davranır, mənə ağır söz deyir; “Hara baxırsan?” deyə tənələr edir və s. Ancaq əmin olun, Sizin bunu həyat yoldaşınıza bildirməyiniz daha yaxşı olardı. Ən azından problemi bildiyi təqdirdə o da Sizin qədər problemin həllində məsuliyyət daşıyır.

Doğmalarınıza yaxın olun. O zaman kimsə aralığa girməz. Deyir, kirpilər yatanda bir-birlərinə qısılırlar. Belə olanda tikanları imkan vermir ki, kimsə onlara zərər versin. Təbiətdən öyrənəcək çox şeylər var. Yetər ki, mühakimə etməyək, anlamağa, nəticə çıxarmağa çalışaq. Bu həyatda heç kim, heç nədən sığortalanmayıb. Müqəddəs kitabda deyildiyi kimi – “Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək”.

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat