O qadınlar kişisiz yaşaya bilmirlər…
Mən səni sevmirəm, sənin qoynuna,
Səndən gizlənməyə girmişəm, qadın.

Söhbət günümüzün aktual problemlərindən olan simbioz bağlılıqdan gedir, şeir bəhanədi. Belə baxanda insan yaranandan bağlı və asılı olub. Sadəcə fərqli-fərqli nəsnələrə. Öncə bağlılıqdan başlayaq.

Bağlılıq insana, düşüncəyə, xatirəyə sevgi və hörmətlə yaxınlıq hiss etmək və onu imkan olduqca göstərməkdir. Asılılıq isə başqa bir şeyin istəyinə, güc və köməyinə bağlı olmaq, müstəqil olmamaq mənasını ifadə edir.

Lakin onu da nəzərə almalıyıq ki, bağlılıq ehtiva edən münasibətlərdə asılılıq duyğularının yaranması mümkündür. Asılılıq isə bir müddət sonra simbioz münasibətlərin yaranmasına gətirib çıxarır. Əgər bağlı olduğumuz obyekt və ya insanın yanımızda, ətrafımızda olmaması həyatımızı əhəmiyyətli dərəcədə məhdudlaşdırırsa, istəmədən özümüzü çarəsiz və bədbəxt hiss ediriksə, deməli bizdə də asılılıq duyğuları formalaşıb. Somatik cəhətdən sağlam insanlarda müşahidə olunan simbiotik münasibət mental problemin göstəricisidir. Bəli, burada mental düşüncə böyük rol oynayır. Eyni zamanda bu düşüncə zaman keçdikcə deformasiyaya da uğraya bilir. Diqqət etsək, “indi dövr dəyişib, insanlar əvvəlki insanlar deyil”, “uşaqlar əvvəlki uşaqlar deyil”, elə “valideynlər” də. Nə dəyişdi, əslində nə dəyişmədi ki?

Getmə uzaqlara,

Qal, sənə qurban.

Qurban olduqlarımız artıb və sürəkli dəyişir. Əslində problemin bir kökü də bu sürəklilikdədir, tez-tez dəyişməmədir. Narahatçılığımız da bundadı. Həm dəyişmək istəyir, həm də dəyişikliyə şikayətlənirik. Necə deyərlər, “nə yardan doyur, nə əldən qoyur”.

Son araşdırmalara əsasən, simbioz münasibətlər möhtaclıq duyğusundan qaynaqlanır. Çünki hər bir insan göstərmək istəməsə də, müəyyən zamanlarda başqasına ehtiyac duyur. Kiminsə maraq dairəsində olmaq, daha güclü insanlar tərəfindən qorunmaq, sevilmək bir çox insanın təməl ehtiyacıdır. Lakin bu duyğular artıq insan həyatını idarə etməyə başlayırsa, deməli, simbioz münasibət formalaşıb.

Simbioz şəxsiyyətin xüsusiyyətləri:

1. Özünü tam şəxsiyyət kimi qəbul etmək üçün başqalarına ehtiyac duyur. Başqaları tərəfindən qəbullanmaq, dəyər verilmək istəyir.

2. Fərdi inkişafı məhduddur. Riskdən, dəyişiklikdən qorxur. Həll yollarını kənarda axtarır. Başqalarına nəzarət etməyə və ya onları dəyişdirməyə çalışır.

3. Planlarını həyata keçirmə və ya hər hansı bir işi yerinə yetirməklə bağlı problemlər  yaşayır (Özgüvəni əskik olur). Məsuliyyəti başqalarına yükləyir. Kiminsə tövsiyə və dəstəyi olmazsa, qərarlarını verməkdə və icra etməkdə problemlər yaşayır.

4. Başqalarının hisslərinə daha çox əhəmiyyət verir. İnsanlar tərəfindən qəbullanmamaq qorxusuyla, fikirlərini ifadə etməkdə çətinlik çəkir.

5. Tək qalanda narahat olur və özünü çarəsiz hiss edir.

Simbioz münasibətlərin 2 əsas mənbəyi var:

Getmə gözümdən, gedərəm özümdən…

1. Ailə

Uşaqlıq dövründə sevgi və dəyər tələbatlarının ödənmə yolları öyrənilir. Əgər insan ehtiyaclarının ödənmədiyi ailədə böyüyərsə, böyük ehtimalla onda yaxın münasibətlərlə bağlı yanlış fikirlər formalaşar və həmin insan təməl tələbatları ödəmək üçün yanlış istiqamətlərə yönələr. Detala varmaq istəmirik, çünki məqalə kriteriyalarına uyğun gəlmir. Həmçinin hər bir insanın həyatında valideynlərinin davranışları onun şəxsiyyətinin formalaşmasında vacib faktor hesab olunur.

Ailədə qız və oğlan uşaqlarının böyümə və inkişafındakı ailə strukturunu araşdıran tədqiqatlarda qeyd olunur ki, valideynlər oğlanlara daha çox hərəki müstəqilliyi verir, qızlarda isə itaətkar və adaptiv davranışları formalaşdırmağa çalışırlar. Nəticədə qız yeniyetmələrdə eqo zəif inkişaf edir, onlar daha təşvişli və pessimist, çarəsiz və əsəbi şəkildə böyüyürlər. Bəli, istisnalar hər yerdə var. Ancaq diqqət etsək, iki və yaxud üç qız uşağı böyüyən ailələrdə belə hallar daha çox müşahidə edilir.

Eyni zamanda, simbioz münasibətlərin formalaşması ilə bağlı aparılan tədqiqatlar göstərir ki, analar uğur qazanmaqla bağlı oğullarına daha çox dəstək olurlar, nəinki qızlarına. Oğlan daima uğur qazandıqca, qız da ailəyə daha çox bağlanır və həssas yanaşır, özünü “qurban” etdikcə ailə tərəfindən təqdir olunur. Xüsusilə həyat yoldaşıyla normal münasibət yaşamayan, sevgi və şəfqət görməyən qadınlar, kişi fiquruyla bağlı münasibət ehtiyacını oğullarına yönəldirlər. Oğul yoldaşının yerinə keçir; bütün maraq və sevgi oğulda toplanır. Bu isə oğul üçün ağır məsuliyyətdir. Özünü qoruma və müdafiənin bir yolu da həmin duyğuları inkar etmək və ya basdırmaqdır. Əslində bu gün toplum olaraq yaşadığımız ən böyük problemlərdən biri də budur. Valideyn övlad arasında simbioz bağlılığın bir və ən böyük səbəbi də budur. Deyir, təsir əks təsirə bərabərdir. Bu da o deməkdir ki, bir müddət sonra valideyn övlad arasında simbioz bağlılıq böyük ehtimalla aşırı uzaqlaşmaya, biganəliyə gətirib çıxara bilər. Hələ ki, bunu ehtimal edirik. Təsdiqini gün ərzində hansısa formada xəbər başlıqlarında, valideynin övladdan, övladın valideyndən ara-sıra şikayətlərində müşahidə edirik. Bu tip valideynlər həyatlarını uşaqlarının “həyatlarında” yaşayırlar; lakin bunu edərkən həm özlərinin, həm də uşaqlarının duyğusal, emosional şəkildə müstəqillik qazanmasına, özünə inanmasına mane olurlar. Əgər simbioz münasibət valideyn tərəfindən formalaşdırılarsa, uşaqlarda günahkarlıq, peşmanlıq, əsəbilik duyğuları da inkişaf edər və necə ki, ana ilə həyat yoldaşı arasında qalmaq formasında edir də.

Palaza bürün, elnən sürün

2. Cəmiyyət

Simbioz bağlılığın formalaşmasında cəmiyyət də böyük rol oynayır. Bu, daha çox etnopsixoloji, mental düşüncə üzərində bərqərar tutur. Onların bir qismi bu günün özündə belə, aktuallığını saxlayır. Sabah nə olacaq, bunu yalnız proqnoz vermək olar. Belə ki, cəmiyyətdə çox zaman qadının rolu kişinin uşaq xarakterinə analıq, güclü tərəflərinə və basqısına qarşı övladlıq üzərində formalaşıb. Məsələn: müəyyən yerlərə yanında kişi olmadan getməmək, büdcə ilə bağlı nəzarətin kişidə olması, qərarın əvvəldən müəyyənləşmiş qaydalar altında həyata keçirilməsi və s. Bununla yanaşı gündəlik ehtiyacları ödəmək, yemək, alış-veriş kimi tələbatları müstəqil yerinə yetirə bilməmək də simbioz münasibətlərin nəticəsidir.

Düzdü, məsələnin başqa tərəfləri də var. Məsələn, yaxın münasibətlərlə bağlı araşdırmalar qadınların kişilərdən asılı olduğunu göstərmir, əksinə, kişinin qadından asılı olduğunu iddia edir. Hətta gündəlik həyatda belə, kişilər qadınlardan daha çox asılıdırlar. Həmişəki kimi detala varmırıq. Sadəcə bir faktı qeyd etmək istəyirik ki, həyat yoldaşını itirən şəxslərdə bu hal daha çox nəzərə çarpır. Yoldaşını itirən qadınlar, həyatlarını tək davam etdirdiyi halda, kişilər daha çox çətinliklərlə qarşılaşır. Bunu uzatmaq da olar. Davamı qalsın gələn dəfəyə.

Sonda onu qeyd etmək istərdik ki, cəmiyyətdə sağlam münasibətlərin formalaşması, insanlararası münasibətlərin düzgün tənzimlənməsi istiqamətində münasibətlərə bir daha fikir verilməli, simbioz əlaqələr formalaşdırılmamalıdır.

Necə deyərlər, gedək üzü küləyə…

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Nərmin Quliyeva

http://aile.lent.az/m/news/15576


 

LOGİN

 Email
 Parol
Qeydiyyat