Azərbaycanlılar niyə normal ayrıla bilmir?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edirik.

Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

Ramiz Rövşən

Son zamanlar, elə bundan əvvəl də ara-sıra sevgi üstə qətllər, özünə və kiməsə xəsarət yetirmək, ayrılıqdan dolayı zərərli vərdişlərə qurşanmaq və s. bu kimi halların baş verdiyinin şahidi oluruq. Nə baş verir? Səbəb nədi ki, ayrılma prosesini həzm edə bilmirik, normal ayrıla bilmirik? Normal ayrılmaq o qədərmi çətindi? Əgər çətin deyilsə, yanlış yönlənmə nə səbəbdən baş verir? İnsan psixologiyası elə formalaşıb ki, çətin situasiyalarda çox zaman hazır assosiativ davranışlardan istifadə edir. Hansı ki, bu davranışların bir qismi bizə genetik, digər qismi isə oxuduğumuz kitab, baxdığımız filmlərdən ötürülür. Keçmiş təcrübə, kitablardan oxuduqlarımız, babalarımızdan eşitdiklərimiz... əslində qeyd etdiklərimizin hər birinin çətin situasiyalarda götürdüyümüz istiqamətlərə öz təsirini göstərir. Hələ ki, istər şifahi ədəbiyyatımızda, istərsə də yazılı ədəbiyyatımızda sevgi ilə bağlı normal ayrılma səhnələrinə rast gəlmirik. Varsa belə, nəzərə çarpan dərəcədə deyil (düzdü, eyni tendesiyaya biz Qərb ədəbiyyatında da rast gəlirik. Ancaq Qərb ədəbiyyatında bu hal Şərq ədəbiyyatındakı qədər qabarıq deyil – E.R.). Leyli-Məcnun, Fərhad-Şirin, Əsli-Kərəm - demək olar ki, bu dastanların hər birində anormal ayrılma səhnələri ilə rastlaşırıq ki, bu da böyüyən nəslin sevgi anlayışına indinin özündə belə mənfi təsir göstərir. Ötən həftə xəbər portallarında bir intihar səhnəsi ilə tanış oldum. Belə nəql olunurdu ki, gənc oğlan intihar etmək məqsədi ilə binanın damına çıxıb. Səbəb sevdiyi qızın ondan imtina etməsidir. Uzun sözün kəsəsi, qız gəlib oğlanla barışıb, nəticədə oğlan da intihar fikrindən vaz keçib. Əslində əsl intihar elə o barışıqdan sonra yarandı. Bu, gözlə görünməyən intihardı. Bir qızın gözündə cavan bir oğlanın intiharı. Bu, əbədilik intihar oldu. İnanmıram, qız bundan sonra həyatını o oğlana etibar etsin. Əslində hər bir qızın şüuraltı olaraq həyatında görmək istədiyi oğlan onu himayə edən, lazım gələrsə, onsuz yaşamağı gözə alan oğlandı. Kişi zəifləyini xanım başa düşə bilər, ancaq heç bir zaman ona haqq qazandırmaz. O intihar hadisəsində bir incə məqam da var, sadəcə indilik bundan vaz keçirəm (Başqa bir mövzunun söhbətidi – E.R.).



Maraqlı olan başqa bir məqamdı. Qayıdaq qaldığımız yerə. Araşdırmalar onu göstərir ki, hər bir xanım yanında güvənə biləcəyi bir oğlanı arzulayır. Bu, həm qərbdə, həm də şərqdə eynidi. Sadəcə bizim şifahi və yazılı ədəbiyyatımızda, sevgi dastanlarında kişilərimiz zəif məxluq kimi xarkaterizə edilir. Yəni sevgi uğrunda mücadilə etməkdən daha çox özlərinə zərər vurmağa çalışırlar. Bunu Məcnunda, Fərhadda, Kərəmdə də görə bilərik. Biz hələ də yanlış olaraq o fikirdəyik ki, sevdiyimiz qız bizim əzab çəkdiyimizi görsə, onda bizə qarşı rəhm hissi oyanacaq, sonda bizə qayıdacaq, bizi sevəcək. İnanın, yanlış bir düşüncədi. Özü də mazoxistik bir yanaşmadı. Xanım ola bilsin ki, bu sevgidən sərməst olsun. Ancaq əmin olun, o, əzab çəkən oğlanı həyatının “kişisi” kimi görmək istəməz. Xanım psixologiyası güclü bir kişini arzulayar. Elə bir kişi ki, yalnız ona təslim olsun, onu qoruya bilsin. Hətta müşahidələr zamanı maraqlı məqamlar da ortaya çıxır. Məsələn, çox zaman xanımlar həyat yoldaşlarının onlara görə kiminləsə dalaşmasına şərait yaradar və bundan xüsusi bir zövq alarlar. Xüsusən həyat yoldaşları qarşıdakı insanı incidəndə, yaxud da qorxudanda. Bu həzz xanımlar üçün xüsusi əhəmiyyət kəsb edir. İnformasiyanın inkişaf etdiyi cəmiyyətdə səbəb nədi ki, oğlanlarımız bu qədər oxumaq və mütaliənin qarşılığında sevgi prosesində zəiflik göstərirlər?! Məsələ burasındadı ki, bu məqamları aradan qaldırmaq üçün yeni dastanlar, o olmasa belə, ən azından onlara yeni yanaşmalar ortaya qoyulmalıdır. Alternativ qoymaq güclü nəsil yetişdirmək, sağlam ailə təməli qurmaq istiqamətində mühüm vasitədi. Düşünürəm qələm əhlimiz də qeyd etdiyimiz məqamları diqqətdə saxlayacaq. Əzab çəkmək poetik baxımdan diqqətçəkən ola bilər, ancaq real həyatda çox işə yaramır.

Şair necə demişdi; 

Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat