Əllərdəkinə deyil, əlindəkinə bax və dəyər ver....

Keçdim aynanın qarşısına. Diqqətlə baxdım. Biraz qorxularıyla əlləşən , biraz yorulmuş, biraz tənha, biraz cəsarətsiz insan gördüm qarşımda. Bəs hara getdi illər? Bəs daha güclü olacaqdım? Bəs bir çox şeyi bacaracqdım? Noldu bəs? “Hər şey gözəl olacaq” deyirdilər axı... Qandırdılar məni?! Düşünürəm ki, bəziləri çox gözəl yalan danışır, bu barədə bəzilərinin məharətinə “heyranam”. Olmur, həmişə hər şey yaxşı olmur, həmişə ayaqüstə olmursan, bəzən yıxılırsan. Qalxmaq istəyirsən, tutunacaq insan görmürsən, axı yıxıldın sən, axı səni qoyub qaçdılar. Olmur, həmişə sevinmək olmur, hərdən acı çəkirsən, hətta hönkürtüylə ağlamaq istəyirsən, boğma göz yaşlarını, nə də yalandan özünü güclü tutmağa çalışma, ağla, gözlərin dolubsa ağla, əgər buludlar dolmuşsa, yağış yağacaq mütləq. Ağlamaqdan qorxma, amma gözünün içinə baxıb kədərinə güləcək, səni yazıq yerinə qoyub, təsəlli verəcək insanların yanında ağlama. Olmur, sən həmişə güclü olmursan, bəzən həyat elə bir anda elə bir zərbəni vurur ki, paramparça olursan və o parçaları toplamaq zaman istəyir səndən. Tam xoşbəxtlik arzulayırsan? Olmur, əzizim, kim bütünlüklə xoşbəxtdir ki? Xoşbəxt həyat yoxdur, xoşbəxt anlar var, kədəri unutduracaq sevinclər var, səni xoşbəxt edəcək insanlar var, amma təəssüf ki, onlar da həmişə yanımızda olmur. Amma həyat sənə elə bir xoşbəxtlik yaşatsın ki, ömrə bədəl olsun, sən yaşadıqca qəlbini fərah tutsun. Bilirsən nədir xoşbəxt olmaq? Ən gözəllərin axtarışından əl çəkməkdir xoşbəxt olmaq, qədir bilməkdir xoşbəxt olmaq, əlindəkilərin, sahib olduqlarının qədrini bilməkdir. Yaxınlardır xoşbəxtlik, uzaqlarda xoşbəxtlik yoxdur. Burnunun dibində, ovucunun içindədir xoşbəxtlik. İndi bildin niyə xoşbəxtliyi inkar edirdim? Uzaqların eşqindəyik, ən gözəllərin axtarışındayıq, gözümüzə eynək taxıb görmədiyimiz, amma görmək istədiklərimizə baxırıq. Yanında həmişə yaxşı insanlar olmayacaq. Elə insanlar çıxacaq ki, qarşına sən insanlığa nifrət edəcəksən, “bir də heç kəsə güvənmərəm” deyib qapanacaqsan özünə, o “insan”ların sayəsində bir gün tək olduğunu görəcəksən, nə onları, nə də onlara inandığın üçün özünü bağışlamayacaqsan, yeyib bitirəcəksən içini. ... Qorxutdum yazdıqlarımla??? Yoox, mən əslində reallığı deyirəm, mən “həyat həmişə gözəldir” kimi absurt, yalan cümlələr qurmaq istəmirəm.. “İnsanlar gözəldir” deyə bilmirəm. “Hər şey yaxşı olacaq” kimi axmaq cümləyə səni inandırmaq istəmirəm. Xeyr, hər şey yaxşı olmayacaq, amma çox şey yaxşı ola bilər və bu sənin əlindədir. Yuxarıda oxuduqca səni sıxan cümlələrdə yazdıqlarım ki vardı, əslində onlara borcluyuq, qorxularımıza borcluyuq, bu gün sağlam bir insanamsa bəzi qorxularıma minnətdaram. Bu gün sevinirəmsə bəzi kədərlərimə təşəkkür borcluyam, onların sayəsində sevincin qədrini bilir insan, ağlamasan gülməyin nə olduğunu, nə daddığını bilə bilməzsən. Tənhalıqdan yazmışdım, qorxma, bəzən tənhalığın sənə ən böyük cəsarətləri yaşadacaq, təkbaşına etdiklərini görüb özünü kəşf edəcəksən, qürur duyacaqsan özünlə. Səni əzən insanlardan danışdım, onlara bir təşəkkür borcun var, sənə dərs verdilər, gözünü açdılar, sağını-solunu sənə göstərdilər, dostunu- düşmənini sənin üçün ayırd etdilər. Bəlkə də buna görədir ki, güldürənlərə yox, ağladanlara ehtiyacı var insanın...

Yaxşısıyla-pisiylə, əyrisiylə düzüylə həyat öz axarında davam edir və bu axarda boğulmaq istəmirsənsə bəzi gerçəkləri qəbul etməyi bacar, əllərdəkinə deyil, əlindəkinə bax və dəyər ver....

Sevinc Abuşova

Narınc Uşaq Psixologiya Mərkəzinin “Təhsil və tədqiqat” şöbəsinin mütəxəssisi


 

LOGİN

 Email
 Parol
Qeydiyyat