- Doktor, gəlin ümumi sualdan başlayaq. Sənət adamlarının psixologiyası digər adamların psixologiyasından fərqlənirmi?
- Onların psixologiyası, həyata baxışı təbii ki, başqa adamlardan fərqlənir. Ən birinci ona görə ki, onların təfəkkürü bədii təfəkkürdür. Onların təfəkkür, emosiyaları o biri tipli insanlardan fərqlənir. Məsəl üçün, texniki təfəkkür tipli insanlar daha çox riyaziyyatçı, fizik olurlar. Bədii təfəkkürlü insanlar isə mədəniyyət istiqamətində çalışırlar. Psixologiya sahəsində olan araşdırmalar bu qənaətə gəlməyə imkan verir ki, yaradıcı insanlar, xüsusən yazıçılarda psixi pozuntu olur. Əgər onlarda psixi pozuntu olmasaydı dahi ola bilməzdilər.
Lakin burda bir şey qeyd etmək lazımdır. Çezare Lambrozo da “Dahilik və dəlilik” kitabında yazmışdı ki, bütün dahilər ruhi xəstədirlər, amma bütün ruhi xəstələr dahi deyil. Ona görə ki, dahi olmaq üçün tək ruhi xəstəlik azdır. Ruhi xəstəlik dahi insanlara öz dahiliklərini üzə çıxarmağa kömək edə bilər. Adi insanlar ağlı, qabiliyyəti, intellekti, bacarığı ilə seçilsələr də bunu üzə çıxarmağa çəkinirlər. Utanırlar, qorxurlar, özlərinə arxayın deyillər. Öz potensiallarını aşağı qiymətləndirirlər. Və ya onlar “palaza bürün, elnən sürün” prinsipi ilə yaşayırlar. Belələri daha çox problemsiz, sakit həyat seçirlər. Psixi xəstələr isə onunla fərqlənirlər ki, onlarda “yox” söhbəti olmur. Adi insanlarda belə deyil, nə olar, nə olmaz, nə düzgündü, nə düzgün deyil, ölçüb-biçirlər. Adi adamlar cəmiyyətin tələbini nəzərə alırlar: biz gərək özümüzü yığışdıraq. Xəstə adamlardasa belə deyil. Onlar nə istəyirlərsə onu da edirlər.